Modern.az

“Namus”, “Qeyrət” əldən gedirmi…? (Tanınmışların cavabları)

“Namus”, “Qeyrət” əldən gedirmi…? (Tanınmışların cavabları)

Ölkə

28 May 2011, 13:51

Müqəddəs dəyərlər - vətən, torpaq, dil, din, millət, ana, valideyn, ailə, namus, qeyrət, şərəf, ləyaqət, mənlik… Hər birimiz üçün bunlar müqəddəs dəyər sayılır. Müqəddəs dəyər hesab etdiyimizin uğrunda çarpışır, onu qorumağa çalışırıq. Ancaq son zamanlar bəziləri deyirlər ki, Azərbaycanda insanların müqəddəs dəyərlərə qarşı bir biganəliyi müşahidə edilir. Bunu zəmanə, sosial-iqtisadi çətinliklərlə əlaqələndirənlə, insanları düşündürən məsələlərin ancaq pul olması ilə izah edənlər var.

Doğurdanmı bu gün Azərbaycanda müqəddəs dəyərlər deqredasiyaya uğrayır..? Torpaq, vətən, ailə, ana, dil, millət, namus, qeyrət kimi dəyərlər uğrunda çarpışmağa heç kim hazır deyil..?

Modern.az bu və digər suallara bir neçə sahədə fəaliyyət göstərən tanınmış şəxslərdən cavab istəyib

Azərbaycanda tanınmış vəkillərdən olan Aslan İsmayılov hesab edir ki, bu gün müqəddəs dəyərlər lağ-lağı obyektinə çevrilib.
“Telekanallara baxın, görün orda müqəddəs dəyərlər, dədə-babalaramızla bağlı nəsə verirlər, yoxsa onları məhv edən proqramlar yayımlayırlar? Çox təəssüf edirəm ki, müqəddəs dəyərlərin qorunması ilə bağlı bu ölkədə heç bir hərəkət olmur, əksinə, hər şey onların dağıdılmasına, məhv olmasına yönəlib”.

Vəkil vətənə, orduya, sərhədə, bayrağa, millətə, himnə münasibəti müqəddəs dəyər hesab etdiyini bildirib. “Amma bir çoxları üçün bu dəqiqə müqəddəs dəyərlər var-dövlətdir”.

A.İsmayılov məhkəmələrdə də müqəddəs dəyərlərə, qanunların aliliyinə hörmət qalmadığını vurğulayıb.

Şair Qulu Ağsəs isə hesab edir ki, Azərbaycanda bu gün müqəddəs dəyərlər qalıb, amma onlar azdır. “Çox təəssüflər olsun ki, onların uğrunda çalışan insanların sayı da günü-gündən azalır”.

Şair vətən, millət və dili müqəddəs dəyərlər hesab etdiyini bildirib və sözlərini Mirzə Cəlilin ifadələri ilə qüvvətləndirib.
“Mirzə Cəlilin buyurduğu kimi, “Vətən, vətən, vətən, millət, millət, millət, dil, dil, dil!”. Bunlar mənim müqəddəs hesab etdiyim dəyərlərdir.

Bu gün bu dəyərlərin aşınması ilk növbədə dildən başlayır. Çünki Azərbaycan dilinə hörmət yoxdur. Özləri burda yaşayan müxtəlif xalqların hələ də öz aralarında ortaq dil olaraq rus dilində danışmaları Azərbaycan dilinə təhqir deməkdir. Azərbaycanda yaşayan bütün xalqların ortaq dili Azərbaycan türkçəsi olmalıdır”.

Q.Ağsəsin sözlərinə görə, Azərbaycan dilinə sayqısızlıq Azərbaycan türklərinin özlərindən gəlir. “Özlərini türk adlandıran bizim ziyalılar, tanınmışlar ailələrində, məişətlərində, öz aralarında, hətta yazılaında da rus dilindən istifadə edirlər. Bu əlbəttə ki, böyük qüsurdur. Bu günləri rus dillilər Azərbaycan dilini sıxışdırıb çıxartmaq istəyirlər, hətta həqarət edirlər.

Digər tərəfdən insanlar öz millətlərinə, xüsusilə tanınmışların, ziyalıların əksəriyyəti Azərbaycan millətinə xor baxmağa başlayıb. Aşağılamağa başlayıblar “bizim millət yeriyə bilməz, biz bunu bacarmarıq, biz bunu qanmarıq” deyirlər”.

Qulu Ağsəsin fikrincə, vətənə də münasibət eyni şkala üzrə gedir. “Hər üç dəyərə olan aşağılayıcı münasibət Azərbaycan insanın içində dövlət, millət, dil dəyərlərinin oturuşmamasına səbəb olub. Azərbaycan insanı hələ tam azad olmayıb. Azərbaycan inasının özünü ifadəsi, daxili azadlığı, iradəsi yoxdur”.

Q.Ağsəs bildirib ki, bu gün insanlar ən çox bazar iqtisadiyyatı və nağd pulu müqəddəs dəyər hesab edirlər. “İnsanlar müqəddəs dəyər olaraq ən çox pula, var-dövlətə sitayiş edirlər, dəyər onu sayırlar. Söz, yazı, ədəbiyyat, musiqi sahəsinin öz adamları, sevənləri var, amma həmişəki ilə müqayisədə indi həddindən artıq azdır”.

Telejurnalist Qulu Məhərrəmli ictimai əxlaq, ictimai düşüncə ilə bağlı olan məsələləri müqəddəs dəyərlər hesab etdiyini söyləyib.
 “Bütövlükdə cəmiyyətin qoruyub saxladığı və ehtiram göstərdiyi dəyərlərlə yanaşı, ayrı-ayrı toplumlar arasında da dəyərlər var ki, onlara ictimai miqyasda o qədər də etiraz göstərilmir. Ancaq sırf milli ənənələrlə bağlı məsələlərdə bir çox şeylər deformasiyaya uğrayıb, aşınmaya məruz qalıb”.

Jurnalist bu gün bir çox dəyərlərin gözdən düşdüyünü və onların mənəvi təsirlərinin azaldığını qeyd edib.
“Məsələn, bu gün Azərbaycan cəmiyyəti əvvəlki formasiyadan fərqli olaraq daha çox təmənnalı bir cəmiyyət olub. Düzdür, bunun  müsbət cəhətləri daha çox işgüzar düşçüncənin inkişafı ilə bağlıdır, amma bu daha çox əxlaqın aşınmasından meydana gələn bir sistemin işarəsidir”.

Q.Məhərrəmlinin sözlərinə görə, Azərbaycan ictimai əxlaqı, Azərbaycan düşüncəsi mənəvi dəyərlər baxımından çox ciddi böhran vəziyyətindədir.
“Şübhəsiz bunu da bizim yaşadığımız reallıq doğurub”.

Həmsöhbətimiz bu gün Azərbaycanda müqəddəs heç nə qalmadığını və müqəddəsliyi az-çox qoruyub saxlayanın yenə ailə olduğunu vurğulayıb.

“Amma Azərbaycan ailəsi də çox ciddi deformasiyaya məruz qalıb. Bu günki ailələr 20-30 il əvvəlki ailələr deyil. İctimai münasibətlərdə, ictimai əxlaqda gedən proseslər bu və digər dərəcədə ailəyə də öz təsirini göstərir. Ancaq müqəddəs dəyərlər içində az-çox saxlanan varsa, o da ailədir. Çünki bizdə dinə də, vətənpərvəliyə də, dilə də münasibət xeyli dəyişib. Buna da səbəb ictimai əxlaqdan qaynaqlanan yanaşmadır”-deyə Qulu Məhhərmli əlavə edib.

Azərbaycanlıların tarixən öz dəyərlərinə sadiq və bu dəyərləri qoruyan xalq olduğunu deyən dini ekspert Rəsul Mirhəşimli bunun vətəni sevmək, ailəni qorumaq, dinə bağlılıq, dövlət rəmzlərinə sevgi və s. anlayışlarda özünü ifadə etdiyini qeyd edib.

“Müqəddəs dəyərlər uğrunda vuruşmaq dedikdə, təkcə əldə silah savaşmaq anlaşılmamalıdır. Millətimiz Azərbaycanın yaxın tarixində Qarabağ uğrunda savaşan və torpaqlarımızın qorunması üçün canından keçən yüzlərlə qəhrəman tanıyır. Bu müqəddəs dəyərlərimizin qorunmasında vətəndaşın öz dəyərlərinə sayğının göstəricisidir”.

Dini ekspert bugünkü ağır iqtisadı şərtlər altında, kəskin depressiyalar şəraitində ailə modelinin dağılmamasının qəhrəmanlıq sayıla bildiyini söyləyib.
“Azərbaycan xalqı ailəsinə bağlı olan xalqdır. Bu qədər çətin vəziyyətə dözüb ailənin bütövlüyünü saxlamaq elə mücadilənin bir növü sayıla bilər. Ölkəmizdə insanların böyük əksəriyyəti ağır şərtlər altında ailələrini qoruyub saxlaya bilir”.

R.Mirhəşimli onu da bildirib ki, azərbaycanlılar dinə bağlı insanlar olaraq öz müqəddəs dəyərlərinə sayğı ilə yanaşırlar.
“Ölkə əhalisinin böyük əksəriyyəti müsəlmandır. Bu ölkədə yaşayan müsəlman əhalinin tarixən formalaşmış inanc sistemi mövcuddur. Hz. Peyğəmbərimizin (s) buyurduğu “Vətəni sevmək imandandır” prinsiplərinə sadiq olan inanclı kəs dövlətinə bağlılığı ilə həm də dini dəyərlərinə hörmət göstərmiş olur”.

Dini ekspert ölkədə telekanalların təbliğ etdiyi bayağı şou-proqramların təsiri altında insanların müqəddəs dəyərlərini qorumasının, onlara sahib çıxmasının əsl qəhrəmanlıq nümunəsi sayıla biləcəyini qeyd edib. 


Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı