Modern.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, iyunun 16-da saat 02.00 radələrində Cəlilabad rayonunun Xəlilli kəndində, kənd sakini Şənlik Şükürov həyətində münaqişə zəminində əmisi oğlu İxtiyar Şükürovu qətlə yetirib. DİN-in məlumatında qətlin bıçaqla törədildiyi bildirilib. Qeyd edilib ki, Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Şükürov tutulub.
Baş Prokurorluq da həmin hadisəyə dair məlumat yayıb. Baş Prokurorluğun məlumatına görə, 1982-ci il təvəllüdlü Cəlilabad rayonunun Xəlilli kənd sakini Şükürov Şənlik Kamal oğlu yaşadığı evin həyətində qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı qohumu Şükürov İxtiyar Müzəffər oğlunu özündə olan bıçaqla bədəninin müxtəlif nahiyələrinə, həmçinin mişar daşı ilə isə başına çoxsaylı zərbələr vuraraq qəsdən öldürüb və Cəlilabad rayon Polis Şöbəsinə gələrək törətdiyi cinayət hadisəsi barədə məlumat verib, eyni zamanda cinayətin aləti olan bıçağı təqdim edib.
“Daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilmiş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış və iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir.
Ş.Şükürov şübhəli şəxs qismində dindirilərkən törətdiyi əməli tam etiraf etmişdir.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir”-deyə Baş Prokurorluğun məlumatında bildirilib.
Modern.az