Modern.az

Sevgisiz olmaz...

Sevgisiz olmaz...

Ölkə

1 Sentyabr 2011, 10:19

Amma... Qəlbimizdə bəsləyib dost bildiyimiz hər bir sevgi asanlıqla düşmənimizə çevrilə bilər...

Sanki kimsə dedi ki, bundan sonra hərdənbir gənclər üçün yaz... Son dönəmlər o qədər lazımsız-lazımlı siyasi, texnoloji informasiyalarla yüklənmişik ki... Özümüzdən: ruhumuzdan, duyğularımızdan uzaqlaşırıq...

Qərb dəyərlərinə görə, jurnalistika emosiyadan, yəni, hiss və duyğulardan uzaq olmalıdır. Bunu heç cür qəbul edə bilmirəm. Bu da bizləri məhv etməyin, manqurtlaşdırmağın, zombiləşdirməyin iblisanə bir yoludur... Müsəlmanın, türkün məhz duyğusallığından qorxurlar. Çünki duyğusuz insanda qeyrət, vicdan anlayışlarından danışmaq olmaz. Belə insanlar daim mənəvi maraqları  maddi maraqların güdazına verəcək... Belələrini idarə etmək asandır...Bu cür insanın qəlbində sevgi olmaz... Türk gəncliyi duyğusuz, sevgisiz mövcud olarmı?..

Məhz  sevgi çatışmazlığından dərdi artır bəşər övladının gündən-günə... Savaşlar, faciələr çoxalır... Amma yaşamaq gərəkdir yenə... Bütün yaşananlara rəğmən... Övladlarımız böyüyür... Bizləri əvəzləyəcək gəncliyimiz yetişir. Onlar  sevib ailə qurmalı, dünyamıza yeni övladlar gətirməlidirlər... Sevgisiz doğulan övlad sevimli olmaz...  Ata-ananın sevmədiyi övladların ürəyində sevgi olmaz, şəfqət olmaz, insaf olmaz... Sevgisiz olmaz!.. Amma..

Gənclər hərdən  sevginin, məhəbbətin nə olduğunu sorurlar... Sevgi, eşq deyiləndə  yalnız  erkək və zərif cins arasındakı ehtiraslı, şəhvətli hissləri, duyğuları düşünmək yanlışdır... Sevgi insanın fitrətindəki ən ilahi cövhərdir. Fəqət o, Yaradandan – Allahdan gəlir... Odur ki, insan öncə Allahı sevməlidir... Çünki uca Tanrı bizi sevərək yaradıb. Bütün maddi və ruhi yaradılmışlar sevir Onu... Mələklər  sevir Onu.  Hətta canlarımızı alan ölüm mələyi Əzrayıl da sevir Onu... Allaha sevgi duymayan yalnız İblisdir...Allah sevgisini də qəlblərimizdən çıxarıb bizləri yanlış yollara salan da o lənətullahdır... Bizə yalnız fani dünyanı və dünyadakı gözəllikləri sevdirib Yaradanı, Axirəti, Cənnət gözəlliklərini unutduraraq öz ardınca Cəhənnəmə sürükləyən də İblisdir...

Allahı sevsəniz, siz də sevilərsiniz... O, zatən yaradılışdan sevir hər bir yaratdığını... Onu sevsəniz, Onu sevənləri də sevər, Onu sevənlər də sizi  sevər... Yaradanı sevənləri sevməsəniz, demək, Onu sevmirsiniz... Sevən də Odur, sevdirən də Odur... Onu necə sevməyək ki, cümlə sevdiklərimizi, sevmək duyğusunun özünü də  yaradan Odur... Cansız, maddi hesab etdiyimiz varlıqlardan tutmuş ruhani, mənəvi, canlı varlıqlara qədər, İnsana  qədər... Mələklərə qədər... Hər şeyi və hər kəsi... Bizi valeh edən  dağlardan, meşələrdən, çəmənlərdən, göllərdən, dənizlərdən, bizi heyran edən gül-çiçəklərdən, könlümüzü oxşayan  bir kəpənəkdən, bir quşcığazdan tutmuş dünyaya gəlməyimizə vasitə olmuş əziz  ataya-anaya, sevərək böyütdüyümüz oğul-qızımıza, uğrunda şəhid olmağa hazır olduğumuz doğma xalqa,  Vətənədək... Hər şeyi, hər kəsi O yaradıb...  Dar gündə sevgisinə, qayğısına ehtiyac duyduğumuz qardaş-bacımızı da  O yaradıb... Sevgili dediyimiz,  dünyaları ona qurban verməyə hazır olduğumuz , vurğunu, məcnunu, leylisi olduğumuz insanı da  dünyaya gətirdən Tanrı deyilmi?..    Sevdiyimiz hər şeyi, hər kəsi O yaradıbsa, deməli ƏN SEVGİLİ ODUR.... Aşqların ən gözəli Ona olan aşqımızdır...

Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni,
Bir dəm bəlayi-eşqdən etmə cüda məni...

Bunu deyən Füzuli  ilk növbədə Allaha xitabən əslində  ilahi eşqdən danışmırmı?.. Şairin bəşəri eşqi də ilahi eşqi ilə bütövdür...

Ömrü boyu dünyanın gözəlliklərindən zövq alıb şerlərində gözəl qızları tərənnüm edən Vaqif həyatının son faciəli günlərində görün nə deyir:

Vaqifa, göz yum, cahanın baxma xubü ziştinə(gözəlinə, çirkininə),
Üz çevir ali-əbayə(peyğəmbərimizin əhli-beytinə),
Əhmədi-Muxtarə(Məhəmməd peyğəmbərə(ə.s.) bax!..

Belə ibrətlər çoxdur...

Bəşəri eşq –  müvəqqəti dünyaya, onun üzərindəki cansız və canlı varlıqlara, kimliyindən asılı olmayaraq insanlara: ata-anaya,  övladımıza, yarımıza olan sevgi İLAHİ EŞQdən – Yaradana olan eşqdən üstün tutularsa, bu, artıq günahdır, Allaha şərik qoşmaqdır. Məsələn, yeniyetmələrimiz, gənclərimiz bəzən əks cinsə olan sevgidə o dərəcədə ifrata varır ki, ona qovuşmadıqda dözməyib intihar edir, ya da ömür boyu başqası ilə evlənmirlər. Və yaxud ona qovuşmaqdan ötrü, onun istəyi ilə ata-analarını atırlar... Bu, büsbütün yanlışdır, haramdır – İblis yoludur...

Anlaşılanı, Yaradan fitrətən qəlbimizə yerləşdirdiyi sevgini bir çox çeşidlərə bölüb: dünyaya, Vətənə, millətə, ataya, anaya, qardaşa, bacıya, bütün doğmalara, qohumlara,  mömin qardaşlara, dostlara,  təbiətin gözəl ünsürlərinə, quşlara, heyvanlara və nəhayət, əks cinsin seçilmiş(?) bir nümayəndəsinə... Amma Allah bilərəkdən bütün duyğu və hisslərimizi nəfs deyilən bir ruhi-mənəvi orqana bağlayıb... O nəfsə ki,  əksər insanların çox zaman bütün digər  orqan və duyğularına, qəlbinə, hətta ağıl və iradəsinə hakim kəsilə bilir... Nədən? Ona görə ki, Rəbbimiz bizləri  bu dünyadakı sınaq-imtahandan keçirmək məqsədilə qəsdən nəfsimizin bir ipini İblisin ixtiyarına buraxıb... Deməli, İblis istədiyi an istənilən duyğumuzu, o cümlədən hər çeşid sevgimizi Allaha qarşı yönəltmək gücünə malikdir... Buna qarşı durmaq isə biz insanların iman, ağıl və iradəsindən asılıdır... Yəni, bayaq dediyim kimi, kiməsə, nəyəsə qarşı olan sevgimiz Yaradanımıza olan sevgidən üstün tutularsa, həmən şirkə, günaha girmiş olarıq... Qısası, bizə şox dadlı, şirin görünən hər bir dünyəvi  sevgi əslində bizə həm dost,  həm də düşmən ola bilər... İnsan qəlbindəki sevgilərdən yalnız Allaha sevgi onun əzəli və əbədi dostudur...

Bəşəri sevgilər arasında İblisin daha çox yararlandığı, insan üçün isə ən təhlükəli üç sevgi mövcuddur: əks cinsə olan sevgi, paraya, var-dövlətə, vəzifəyə  olan sevgi və müvəqqəti həzz verən spirtli içki və narkotiklərə  sevgi... Adəm övladı pulu,  kreslonu, araq şüşəsini öz bütünə çevirə bildiyi kimi,  əks cinsin nümayəndəsini də sevib bütləşdirə bilər... Düzdür, əks cinsə qarşı sadəcə şəhvət hissi ilə də bağlanmaq mümkündür. Ancaq biz sevgidən bəhs edirik...

Bəs  necə olur ki, biz  əks cinsdən birinə vurulur, onu sevirik? Necə olur ki, təsadüfən, ani rastlaşan gözlərin sahiblərində biri-birlərinə qarşı eşq baş qaldırır?.. Sevgimizi necə idarə etməliyik?...

Bunlarla maraqlananlar növbəti yazımı oxusunlar, inşallah...

Allah amanında...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı