Yeni dərs ilinin başlanmasına bircə gün qaldığından övladlarına məktəbli geyimi ala bilməyən valideynlərin əndişəsi bir az da artıb. Bu il Bakının ümumtəhsil müəssisələrində məcburi qaydada vahid məktəbli geyiminə keçid tətbiq olunduğundan bu paltarları istehsal edən Bakı Tikiş Evinin satış mağazalarında uzun növbələr yaranıb. Həmin mağazalardakı növbələrdən bezən valideynlər vahid məktəbli formasını bazar və yarmarkalardakı alverçilərdən almağa məcbur olurlar.
Bəs vahid məktəbli geyimləri bazar və yarmarkalara neçə yol tapıb, alverçilər onları aharadan alıblar?
Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov bildirib ki, bazar və yarmarkalarda, digər özəl mağazalarda satılan vahid məktəbli geyimləri saxta mallardır. Direktorun sözlərinə görə, Çinlə əlaqələri olan bəzi “işbazlar” Urumçu şəhərindəki sexlərə Bakı Tikiş Evinin geyim modellərinin oxşarını sifariş verərək onların istehsalına nail olublar. Və həmin saxta məktəbli geyimləri Çindən Azərbaycana gətirilib.
F.Rəhimov deyir ki, saxta malların tikildiyi parçaların sintetik qarışığı var, keyfiyyətsizdir və insan orqanizmi üçün təhlükəlidir. Bakı Tikiş Evinin istehsalı olan məktəbli formalarının parçaları isə təmiz Türkiyə malıdır və pambıqdan hazırlanıb.
F.Rəhimovun sözlərinə görə, onların xəbərdarllığına baxmayaraq bəzi valideynlərlər övladlarına Çin istehsalı olan məktəbli formaları alıblar.
Bakı Tikiş Evinin direktoru problemlə əlaqədar bir müddət öncə Daxili İşlər Nazirliyinə, İqtisadi İnkişaf Naziliyinə və digər qurumlara müraciət edib. Amma müraciətin hələki faydası yoxdur, ticarət şəbəkələrindən saxta mallar yığışdırılmayıb.
Bakı Tikiş Evinin məktəbli geyimləri 26 ölçüdən 36-ya qədər 40 manata, 38-42-yə qədər ölçüdə isə 45 manata satılır.
Modern.az