Modern.az

Elşad Abdullayev, rüşvətdən danış, rüşvətdən

Elşad Abdullayev, rüşvətdən danış, rüşvətdən

کشور

5 Oktyabr 2011, 12:36

Heç belə yazı yazmaq istəmirdim. Bu mövzuya həsr elədiyim vaxta təəssüflənsəm də, şərəflə şərəfsizliyin, ləyaqətlə ləyaqətsizliyin arasındakı gözlə görünməyən, amma dərin-dibsiz uçuruma oxşayan sərhədi cızıb əyani təsəvvür eləmək üçün yazmamaq mümkün də deyildi. İnsanların mənəviyyatını korlayan, xüsusən bizim kimi keçid dövrünü adlamaq istəyən insanların başının üstünü kəsdirib qula çevirən rüşvət və ondan qaynaqlanan mənəvi deqradasiya haqqında o qədər yazmışıq ki. Bu yazı da olsun onlardan biri.

Kim bilmir, Azərbaycanda bir rüşvət qalası var idi, adına Beynəlxalq Universitet deyirdilər. Kim bilmir, Azərbaycanda elmi yekə sual altında olan müstəqillik dövrünün professorlarının ümumiləşmiş obrazı var idi, adına Elşad Abdullayev deyirdilər. «Beynəlxalq» adlanan xəcalətxanada formalaşmış, «praktika»da özünü doğrultmuş tələbənin aşağıdan yuxarıya soyulması prosesi demək olar ki, əksər ali məktəblərimizdə bir model kimi tətbiq olunmuşdu. Universitetlərimiz hələ Boloniya prosesinə keçib qurtara bilmirlər, amma Elşad Abdullayevin iş metodunu elə tez mənimsəmişdilər ki, özü də təzə sözlə desək, kreativ şəkildə.

Öyrənin görün «beynəlxalq»da pulu necə qazanırdılar – «starosta» uşaqlardan adambaşına yığır, sonra aparıb verir dekana, dekan da aparıb verir rektorata. Bəs müəllim neyləyir? Nə müəllim? Hə, universitetdə pul verənlər və pul yığanlarla yanaşı müəllim də olmalıdır axı. Bazarda «polka»nın yanında satıcı olmur? Bax elənçik bir şey. Bəs dərs necə olsun? Nə dərs? Hə, bu obyektdə dərs də keçilməlidir axı! Lap yadımızdan çıxmışdı e! Belə eləyək, müəllim girsin içəri boloniyadı, koloniyadı nədi, bax o formada dərs keçsin. Dərs deyəndəki vaxt öldürsün. Toyuq-cücəni kiş-kiş elə sal hinə, içəridə neyləyərlər özləri bilər. Semestrin axırında gəl haqq-hesab çəkək. Bax bu idi «beynəlxalq» deyilən Azərbaycan təhsilinin üzqarası. On neçə min baş tələbəsi var idi («beynəlxalq» sözünə aldanıb test üsulu ilə ora düşüb, elə bununla da xirtdəyə qədər çamura batan sadə gənclər məndən inciməsin). Dərd orasındaydı ki, dünyanın heç 6 minliyinə də düşməyən bəzi dövlət təhsil ocaqlarımız da özlərini «beynəlxaq»a oxşadırdılar, bəziləri hələ indi də oxşatmaqdadırlar.

Elə hesab eləməyin ki, gedənin arxasınca danışıram. Gedənin arxasınca danışmaq necə olur, deyim sizə. Dünənə qədər Elşad Abdullayevi professor kimi təqdim edib, imzasıyla bütöv səhifələri dolduran qəzetlərdən biri indi onun professorluğuna şübhə edir. Deyən lazım, bəs neçə illərdir ictimai əhəmiyyətli, sanballı mövzularda səhifəlik yazılar yazdırıb onu ziyalı kimi reklam edəndə bilmirdinmi necə professor olub? Onsuz da palaz boyda yazını heç kim oxumur, heç olmasa, korrektoruna yazığın gələydi…

Şərəfsizliyin sərhədini keçəndə hamı bir-birinə oxşayır. Baxın bəzi qəzetlər təzə Amerika kəşf edirmiş kimi, Elşad Abdullayevin «şok» açıqlamalarını manşetdən verirlər. Kim bilmir ki, beynəlxalq rüşvətxananın rektoru laçın vaxtlarında imzası ilə gedən yazıları pulla yazdırdığı kimi, bu «şok»ları da havayı açıqlamır. Elə buna görədir ki, həmin açıqlamaların hamısı belə cümlə ilə başlayır «bizim Elşad Abdullayevi müdafiə eləmək fikrimiz yoxdu, amma…» Bu yazılarda aldadılan abituriyentlər, torbayla daşınan pullar haqqında bir kəlmə də yoxdu. Niyə yazılmır ki, qeyri-qanuni «perevod»lar Azərbaycanda savadsız diplomlular ordusu yaradıb. Hamının allı-güllü diplomu var, amma savadı yox.

Bir ara «beynəlxalq» ucdantutma hüquqşünas, həkim buraxırdı. Özünün qulağının dibi çox gicişdiyindən, uşağını da «qulaq kəsən» eləmək istəyən sadəlövh adamlar «beynəlxalq»ın «hüquq»unda əməlli-başlı tıxac yaratmışdılar. Dərman firmalarının, qəssaba oxşayan həkimlərin əlindən xəstə düşmüş vətəndaşlar gördükləri azmış kimi, hələ bir övladlarını da ağxalatlı qəssab eləmək üçün «beynəlxalq»ın maklerləri ilə qiymət danışırdılar. Bir sözlə, “beynəlxalq universitet” adlı əcaib fenomenin ortaya çıxmasında hamımızın günahı var. «Ölülər»dəki Kefli İsgəndərin axırıncı monoloqunda lombaladığı tüpürcəkdən hamımıza pay düşür. Gərək o tüpürcək bir xeyli üzümüzdə ilişib qalsın, qolumuzla silib o biri üzümüzü çöndərməyək.

Hər şeyin simvolu var. Məsələn, gözübağlı femida haqqı, ədaləti simvolizə edir. Fransızların Birləşmiş Ştatlara hədiyyə etdiyi əlində məşəl tutan heykəl xalqın istiqlal mücadiləsini göstərir, adına Azadlıq heykəli deyirlər. Təklif edərdim ki, beynəlxalq universitetin binasını korrupsiya muzeyi eləsinlər, xalqın rüşvətə nifrətini simvolizə eləmək üçün. Binanın içərisinə mumdan hazırlanmış heykəllər qoymaq olar. Məsələn, «starosta» ilə pul danışan dekan, dəhlizdə əlini tələbənin cibinə dürtmüş müəllim, auditoriyada dərs zamanı kart oynayan oğlanlar, imtahandan yenə də iki alan pəjmürdə rayon uşağı və sairə və ilaxır. Yəni rüşvət alma və vermə prosesini ifadə edən eksponatlar fikirləşmək olar. Mənə elə gəlir ki, bu, turistlər üçün də maraqlı olardı.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı