
Noyabrın 6-7-də müsəlman aləmində, o cümlədən Azərbaycanda Qurban Bayramı qeyd ediləcək. Artıq paytaxt və regionlarda ətin qiymətində bahalaşmalar müşahidə olunur. Qurban Bayramı ilə əlaqədar, əhalinin iri və xırda buynuzlu diri heyvanlara, o cümlədən ətə tələbatın artmasını nəzərə alaraq, süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda və regionlarda ətin qiymətinin gündəlik monitorinqini gücləndirəcək.
Bu barədə Modern.az-a İqtisadi İnkşaf Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məlumat verib. O, deyib ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında mütəmadi qaydada dövlət nəzarəti tədbirləri həyata keçirir.
“Belə tədbirlərdən biri də istehlak bazarında monitorinqlərin aparılmasıdı. Monitorinqlər mütəmadi davam etdirilir, ancaq Qurban bayramında ətə olan tələbatın çoxalmasını nəzərə alaraq dövlət xidməti bu sahədə daha intensiv qaydada monitorinqlər aparacaq. Məqsəd ət satışı bazarında suni qiymət artımı hallarına yol verilməməsini təmin etməkdi”.
A.Əliyev deyib ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nəzarəti təkcə Bakı şəhərində deyil, respublikanın digər regionlarında da gücləndirəcək.
Nazirlikdən verilən məlumata görə, monitorinqlər zamanı süni qiymət artımına yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək.
Bununla əlaqədar, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ət satışını həyata keçirən təsərrüfat subyektlərini süni qiymət artımına yol verməməyə çağırıb.
Mail Ağaxanov