Modern.az

Ağdamda Aqil Abbasa niyə söydülər…

Ağdamda Aqil Abbasa niyə söydülər…

Country

28 Oktyabr 2011, 17:43

«…Dünyanın Ən Varlı Şəhərinin beş  addımlığında  yolun ortasına dərin bir xəndək  atmışdılar. Və bir zamanlar  dünyanın  ən  işlək yolunun  xəndəkdən o üzünü ot basmışdı.  Əlini  uzatsa şəhərə  çatardı. Amma  heç kəs  əl uzatsa  əlləri  çatacaq bu şəhərə  bu neçə ildə əl uzatmaq  fikrinə düşməmişdi…

… Və Komandir  insanı  hər an  öldürə biləcək  bu ağrılarla əl uzatsa  çatacaq  Dünyanın Ən Varlı  Şəhərinin əl boyda  məsafəsində dayanmışdı…»

Bu sətirlər  «Dolu» romanından  götürülüb. Və indi həmin romanın  motivləri əsasında çəkilən filmin  bütün  yaradıcı heyəti də  dayanmışdı Komandirin  dayandığı  son  nöqtədə. Ağdama gedən yol burda  ÖLÜB. Burdan o yanda əli silahlı düşmən dayanıb.

Rejissor  Elxan Cəfərov  filmin daha  inandırıcı, daha dolğun, həqiqətə daha yaxın  olması üçün  bu yeri  seçmişdi - birbaşa  cəbhə  xəttini, düşmən  avtomatlarının, snayperlərinin iki gündən  bir  işlədiyi bir yeri. Həm yaradıcı heyətin, həm də  kütləvi  səhnələrin  iştirakçılarının  hər an ölümlə  üzləşə  biləcəyi ən təhlükəli  bir nöqtə!

Kütləvi səhnənin 200-dən artıq  iştirakçısı  Ağcabədi  rayonunun bu bölgəyə yaxın Bayat, Hacılar, Qaraxanlı, Kəhrizli, İmamqulubəyli, Hindarx kəndlərinin  qocalı-cavanlı sakinləri idi. Və öndə də «Dolu» romanında adı  böyük hörmətlə anılan  Seyid Lazım ağanın  qardaşı oğlu  Seyid Məhəmməd ağa.

Və şahidi  olmasa heç kəsin inanmayacağı  o inanılmaz, o qeyri-adi  hadisə də  bu nöqtədə - Dünyanın Ən Varlı  Şəhərinə  əl boyda məsafə  qalan, AĞCABƏDİ-AĞDAM YOLUNUN  ÖLDÜYÜ  nöqtədə baş verdi.

Bu yol ÖLÜB, çoxdan ÖLÜB, ona görə də burda yalnız hərdənbir hərbi  maşınlar görə  bilərsən. Və indi də fikirləşin…

Birdən-birə  içi əsgərlərlə, qocalı-cavanlı sivil insanlarla  dolu  70-80 minik  avtomobilləri, avtobuslar, hərbi maşınlar Ağdamın Əfətli, Evoğlu, Məmmədbağırlı, kəndlərinin içindən keçən ÖLÜ yolla  Ağdama  gedir…

Ağcabədi camaatı iki gündür filmin çəkilişində  iştirak etdiyi üçün hara və nəyə getdiklərini təbii ki, bilir. Amma adlarını sadaladığım Ağdam kəndlərinin  camaatı  nə baş verdiyindən xəbərsizdi.

Öndəki maşında  mən gedirəm. Bu camaat hamısı  məni üzdən tanıyır. Təkcə deputat olduğuma görə yox. Ağcabədidən gələn  camaatın  80-90 faizi  ata qohumlarım, içindən keçib getdiyimiz Ağdam  kəndlərinin camaatı da ana  qohumlarımdı.

Maşınların Ağdama getdiyini görən camaat  çaşıb. Bu sözləri eşidirəm:

- Ə, vallah, deyəsən müəllim Ağdama gedir!

- Boş-boş danışmayın.

- Nə boş-boş,  burdan o yana  kənd də yoxdu ki, ya toya, ya yasa  gedələr.

- Seyid  Lazım ağanın cəddi haqqı, bunlar Ağdama gedir.

Nənəmgilin doqqazının ağzından  keçirik. Son 18 ildə bu yolda  bir belə maşın görməyən xalam  oğlu da doqqaza çıxıb çaşqın halda Ağdama gedən maşın selinə baxır, məni görcək bağırırlar:

- Xalaoğlu, hara?

Əlimlə işarə eləyib deyirəm:

- Ağdama!

Gözləri  bərəlir və bərəlmiş gözləri  az qalır yerindən çıxsın və yenə  bağırır:

- Hara?! - və yüyürür maşının  arxasınca; - Ə, saxla, məni də götür.

Maşına   çatıb  qapını açır və  özünü zorla  dürtür içəri.

Bəd xəbər tez yayılan kimi, şad xəbər də bomba kimi  partlayır. Bölgədəki  kəndlərdə ayağı yer tutan  arxamızca  yollara tökülür.

Maşınlar Komandirin əlini uzatsa çatacaq Dünyanın Ən Varlı  Şəhərinə gedən ÖLMÜŞ yolun son nöqtəsində dayanır. Və maşınlardan bir batalyonun adamı  tökülür, arxadan isə  insan seli gəlir, kimisi yüyürə-yüyürə, kimisi də əl arabasında, elə bilirlər dəstədən geri qalsalar onları  Ağdama  buraxmayacaqlar.

Əl arabasında gələn qışqırır:

- Müəllim, sən Allah, məni də götürün…

… hara, ay bədbəxt…

Elxan Cəfərov da çaşıb, Nadir  Mehdiyev də, bütün yaradıcı  heyət də. Gürcüstandan gəlmiş  beş gürcü operator da  quruyub qalıb.

Elxan Cəfərov:

- Aqil müəllim, bu nədi?

Gözlərim dolub, ağlamaqdan özümü güclə saxlayıram:

- Yazıq camaat elə bilir Ağdama  gedirik!

Elxan çığıra-çığıra deyir:

- Nadir, bunları  lentə alın.

Amma kamera hazır deyil. Gürcülər hələ heç  maşından düşürməyiblər, ağızları açıq qalıb, nə baş verdiyini anlaya bilmirlər. Camaatın isə arxası gəlir. Məlum  olur ki, kino çəkilməsindən xəbərsiz olan bölgədəki  Ağcabədi  camaatı da  xəbəri eşidib axışıb gəlir. İnsan selinin  qarşısını  almağa  çətinlik  çəkirik…

Yəqin ki, bizdən  beş-altı yüz addım aralıda  səngərdə marığa yatmış  ermənilər də hürküblər. Neçə ildən sonra birdən-birə önlərində bir belə maşın və «Qa-ra-bağ» hayqıran insan kütləsi görürlər. Nə özlərinin səsi çıxır, nə silahlarının.

… Və  ən sarsıdıcı an….

Gələnlər bizim Ağdama getməyə yox, kino çəkməyə gəldiyimizi öyrənirlər. Həmin anlar onların üzündə  elə bir dəhşətli  ifadə, məyusluq, ağrı, kədər yaranır ki,  elə bil Ağdam indicə  işğal olunub.

Kimi hirsindən ağlayır, kimi dilxor-dilxor başını  yelləyir, kimi söyür:

- Axmaq uşağı axmaq, camaatı barmaqlarına dolayıblar.

- Ə, bu lotular kino çəkməyə  gəliblər ki!

- Arada  camaatı umsuq qoydular!

Və daha yazılması  mümkün  olmayan sözlər.

Bir nəfər isə ucadan məni söyür:

- O gün  Aenesdə göstərirdilər. Yekə-yekə burdan hoppanıb keçdi. Basıb-bağlayırdı, deyirdi mən gedirəm, gəlin də, niyə gəlmirsiz. Köpəyoğlu, di gəlmişik də, niyə getmirsən?

Ata qohumlarımdan biri onun boğazından yapışır:

- Düdük, ağzını cırıb qulağıyın dibində qoyaram.

- Ə, əmoğlun kimi yekə-yekə danışma. Guya sən onu məndən çox istəyirsən. Yandığımdan söyürəm.

Yaxınlaşıb əmimoğlunun ağzına yüngül bir şapalaq vururam:

- Qələt eləmə.

Söyən məni  görüb  utanır, başın aşağı  salıb deyir:

- Məllim, sən Allah bağışla. Sözdü də ağzımdan çıxdı. Neyləyim, ürəyim partlayır.

Əlimi kürəyinə vururam:

- Olur belə şeylər, Allah bağışlasın.

Komandirə - Məmməd Səfaya baxıram, əlində  çəlik, boğulub, gözləri də dolub, Komandir kimi o da Ağdama getmək istəyir. Başını qaldırıb  mənalı-mənalı  mənə baxıb deyir:

- Müəllim, bəlkə gedək!

Özümə də, ona da toxtaqlıq verirəm:

- Gedəcəyik, Komandir! Gedəcəyik inşallah! Bəs bu filmi niyə çəkirik? Özümüzü niyə öldürür, niyə söyüş yiyəsi eləyirik?

Gürcülər Elxan müəllimin  başına yığılıb nə baş verdiyini  soruşurlar. Nə baş verdiyini öyrənəndən sonra  heyrətlə düşmən gülləsindən qorxmayıb Ağdama getmək istəyən bu insan  selinə baxıb rusca deyirlər:

- Kak smoqli  okupirovat zemlyu etoqo naroda?!

Biri məndən soruşur:

- Oni tvoi zemlyaki?

- Ne tolko zemlyaki, moi rodstvenniki.

- Toqda koqo jdyoti?

- Lazımı.

- Koqo?

- Potom obisnyu.

Elxan yalvarır:

- Aqil müəllim, bu camaatı sakitləşdir işimizi görək. Gün batır, bir azdan heç nə çəkə bilməyəcəyik.

Hərbi maşının kabinəsinin üstünə çıxıram və camaatdan səsucaldanla xahiş edirəm ki, geri qayıtsınlar, qoysunlar filmi çəksinlər. Heç kim  getmək istəmir. Bu dəfə az qala yalvarıram.  Yorğunam, əsəbiyəm, pərtəm, dilxoram. Və birdən ayağım qaçır və maşının üstən yerə gəlirəm.

Hamı səksənir.

- Müəllimi vurdular.

- Müəllimə güllə dəydi.

Elxan yüyürür, Nadir yüyürür, camaat məni qucaqlayıb kənara  çəkir. Özümü hiss eləmirəm. Və elə bilirəm məni snayperlə  vurdular, nəfəsim  çatmır, kürəyimdə güclü ağrı var.

Kimsə səsucaldanla deyir:

- Ay camaat, sakit olun. Güllə-zad dəyməyib, yıxılıb vallah.

Yavaş-yavaş özümə gəlib camaatın köməyi ilə qalxıram ayağa, zorla gülümsəyirəm.

Qohumlardan biri zarafatla deyir:

- Ə, müəllimə güllə dəymədi ey, göz dəydi…

«… Komandir əlini-qolunu  sallayıb düzəldi yola. Qarşısına bir xəndək də çıxdı. Gördü ki, bu xəndək o xəndəkdən deyil, səngərdi. Başa düşdü ki, day onun üçün də yol qurtardı. Gördü ürəyi  istəsə də ayaqları  getmir. Özünü  bu qədər alçalmış və  təhqir olunmuş hiss  etməmişdi. Özü özündən  utandı, xəcalət çəkdi, əlləri ilə başını tutub oturdu xəndəyin üstündə…»

… İndi mən də, bu camaat da özünü alçalmış və təhqir  olunmuş hiss etdi, utandı, xəcalət çəkdi, əlləri ilə başlarını tutub yolun kənarında, yolu bağlamaq üçün ortasına  tökülmüş daş-kəsəyin üstündə oturdu…

… Mən əsəri  yazanda  yolun  ortasına xəndək atılmışdı, indi həmin yerə daş-kəsək töküblər…

Nəhayət, Elxan qalxır, üzünü dilxor olmuş camaata tutub  səsucaldanla:

- Ay camaat, biz bu filmi ona görə çəkirik ki, sizi Ağdama aparaq. İnanın mənə, tezliklə bu filmin  davamını sizinlə  o gördüyünüz şəhərdə çəkəcəyik! - deyir və camaata  ürək-dirək verir.

Axşam Ağcabədi Rayon İcra  Hakimiyyəti Bayatda Azər Hüseynin yeməkxanasında  (Komandir burdan çıxıb getmişdi Dünyanın Ən Varlı Şəhərinə) filmin yaradıcı heyətinə  qonaqlıq verir. Gürcülər elə hey bizim kababı tərifləyirlər ki, indiyədək belə dadlı şaşlık yeməyiblər.

Elxanla yan-yana oturmuşuq. Heyfislənə-heyfislənə deyir:

- Kaş o səhnəni çəkə biləydik. Əsil film olardı!

P.S. Filmin yaradıcı heyətinə  göstərdikləri  qayğıya  və köməkliyə görə  Ağcabədi, Ağdam və Bərdə rayonlarının  icra  başçılarına  və yerli camaata kollektivin adından  öz təşəkkürümü  bildirirəm.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı