Modern.az

Qarabağı istəyirəm!!!

Qarabağı istəyirəm!!!

Ölkə

8 Dekabr 2011, 10:51

Müstəqil yazar

Bir Allahın bəndəsiyik, bir babanın övladları...

Hər ürəkdə min arzu var, min istək var,
Hər könüldə bir əqidə, hər beyində bir məslək var...
İnsanları bir-birinə vuruşduran, qarışdıran
Bu ictəklər, arzulardır...
Çoxu baxmir qəlbindəki arzu-istək müqəddəsmi, ya şərdimi?
Bu arzuya, bu istəyə qovuşması insanlığa xeyirdimi, zərərdimi?
Hansı yolla, nə minvalla olur-olsun çatmalıdır istəyinə, arzusuna,
Fərq eləməz  -  zərbə dəysin qardaşina, soydaşına, qohumuna, qonşusuna...
Bu səbəbdən Yer üzünü bürüyübdür fitnə-fəsad,
Qarabağ da bu səbəbdən işğal altda,
Bu səbəbdən Fələstini qırır “Mossad”!..

...Tanrı böldü bəşər əhlin millətlərə sınaq üçün-
Qarışdırdı əqlin şeytan-
Anlamadı bunu insan...
Bu gün millət məfhumunu işlədirik bir-birinə qinaq üçün...
Yəhudi də, erməni də, ingilis də, türk, ərəb də Adəm-Həvva törəməsi...
Dərk etmədi bunu çoxu- qalib gəldi Şər oylağı- insan nəfsi. 
Neçə-neçə peyğəmbərlər xitab etdi: ey Adəmin nəvələri, biz hamımız
Bir Allahın bəndəsiyik, bir babanın övladları...
Eşitmədi elçiləri əksəriyyət- peyğəmbərlər daşlandılar, söyüldülər,
döyüldülər, qovuldular,
Tək Allahı unudanlar daş bütlərə etdi təzim...
Eşidirsən şər İblisin qəhqəhəsin?!
Hara gedir bəşəriyyət bu minvalla?
“Para tapın! Dövlət yığın! Silahlanın!”
Kimə qarşı? Nəyə qarşı?

Bir ölkədə,  bir şəhərdə ömür sürən eyni Allah bəndələri, eyni Adəm nəvələri
Həmin Allah bəndəsinin, həmin Adəm nəvəsinin yaşadığı digər ölkə, köyə qarşı?
Nə mənasız mübarizə, nə mənasız savaşdır bu?
Min illərdir başımızı yara-yara dövr eyləyən bir daşdır bu...
Nəyə görə altmış ildir kəsmir atəş Fələstində, Təl-Əvivdə?
Nəyə görə rahat olmur fələstinli, israilli öz evində?
Niyə görə bilmirəm mən öz yurdumu 18 il?!
Niyə   köçür dogma ocaq dərdi ilə neçə insan, neçə nəsil?
Neçə ildir hey yazırıq, danışırıq: dünya bilir dərdimizi,
Ancaq yenə haqqı demir, işğalçının torpağımdan çıxmağını tələb etmir,
Tam əksinə, min oyunla   tapdalayır, əzir bizi!..
İblisləşmiş insan adlı məxluqlar var hər qövmdə, hər millətdə-
Birində az, birində çox...
Şərə uymuş  adəm əhli-  hər ölkədə, hər dövlətdə-
Qəlblərində zərrə qədər insanlıq yox...

Bu məxluqlar min üsulla,  min kələklə hökm edir nəfsimizə...
Qənim edir bu şər əhli özümüzü öz nəslimizə...
Aldadırlar bizi bunlar, ey insanlar!
Sionistdi, satanistdi, masondu, ya farmasondu,
Hər nədirsə,  bunlar ilə  insanlıq son, dünya sondu...
Ey inanclı yəhudilər, ingilislər, fransızlar! Aldadırlar bunlar sizi!
Ey erməni! Heç kəs quran deyil sənə, vallah, “böyük Ermənistan”!
Aldadırlar bunlar sizi, bunlar bizi!
Ey kürd  xalqı! Sizləri də edib alət ermənitək on illərdir bu Şər, İblis övladları!
Deyin görək əsrlərdir türkün sizə: ya erməni, ya kürdlərə bir pisliyi dəyibdimi?
Ya Osmanlı, ya azərtürk siz özünüz fitnə-fəsad törətməmiş birinizə “çıxın burdan”deyibdimi?
Əsrlərdir  bu torpaqda siz bərabər biz  türklərlə törəmisiz, çoxalmısız,
Hətta çox vaxt  bizdən yaxşı yaşamısız...

Bilirəm ki, havayıdır  bu çağırış, bu haraylar;
Anlayacaq uzaqbaşı hər millətdən bir neçə fərd,
Çünki İblis fitnəsinə uyub indi əksəriyyət...
Birin pulla, birin zorla  Şərə alət edibdilər,
Qalanları minbir yolla soyub qarət edibdiər...
Ehtiyacdan  neçə-neçə ər oğullar qul olubdur,
Bəşər əhlin yönləndirən insanlıq yox, pul olubdur...
Əksəriyyət şər yoldasa, dayanaqmı, biz susaqmı?
Olan-qalan imanı da, mənliyi də uduzaqmı?..
Yox, bircə an dayanmayıb mübarizə!

Kimin nəyə gücü çatır; biri silah, biri elmlə, biri zorla, biri helmlə...
Yox, əgər  Şər  zorla, pulla bütün olan mövqeləri tutubdusa,
Güman qalır yalnız sözə... Davam edir mübarizə!
Ayrı-ayrı millətlərə, ölkələrə qarşı deyil,
Bütövlükdə Şərə qarşı...
Kim Şərdisə, dəxli yoxdu, hansı millət, hansı xalqdı,
Verməlidir hesabını...
Torpağımı işğal edən anlamırsa  əgər haqqı-
Torpağımı zor gücünə azad etmək mənim haqqım...
Allah belə deyir bizə, Quran belə deyir bizə!
Davam edir mübarizə!

Mənim bacı-qardaşımı, mənim oğul-övladımı, yüz minlərlə soydaşımı min işgəncə, min zülmlə öldürübsə, əzibdisə,
Dədə-baba ocağından didərginlər iyirmi il çadırlarda, qazmalarda min bir əzab-əziyyətə dözübdüsə, o başqatan, işğalçıya min naz satan ATƏT, AŞPA, BMT-dən ümidini üzübdüsə,
Onda qisas mənim haqqım!
İnanmıram o pafoslu,  ibarəli çıxışlara,
İnanmıram aldadıcı enişlərə, yoxuşlara!
Hər il qoşur təzə nağıl o ATƏT-in Minsk qrupu,
İllərdir ki, başımızı ağardıbdır onların boş hapı-gopu...
Mən haqqımı ilk növbədə meydanlarda, səngərlərdə can qoyaraq, qan tökərək qurduğumuz  öz müstəqil(!) dövlətimdən istəyirəm!
Küçələrə, körpülərə, heykəllərə, muzeylərə, binalara səpələnən, London, Sürix banklarında təpələnən sərvətimdən istəyirəm!..
Milyonların meydanlarda mitinqləri, yürüşləri, səngərlərdə döyüşləri hesabına yaradılmış bu  dövləti alət edib bu millətdən “haqq” alanı bir də haqqa səsləyirəm!
Qarabağı istəyirəm!

Mənim yurdum gündən-günə yer üzündən silinirsə,
İnternetdə yanmış ata ocağımın qaraltısı görünürsə,
Ruhum hər gün  o yerlərdə sürünürsə,
Nəyə lazım bu toy-büsat, nəyə lazım bu konsertlər, yubileylər?!
Bəsdir qoyduq özümüzü arsızlığa,
Bəsdir dözdük iyirmi il yurdsuzluğa!
Doğma kəndi, doğma dağı, doğma bağı istəyirəm!
Qarabağı istəyirəm!
Qarabağı qaytar mənə!
Demirəm ki, pensiyanı, maaşı qaldır,
Deyirəm ki, sən qeyrəti, ruhu qaldır,
Neçə ildir bizi əzən daşı qaldır,
Bir dığanın qabağında yerə girmiş başı qaldır!
Bil ki, bizə lazım deyil o qüllələr, göydələnlər ucalığı, milyonların boğazından kəsilərək şöhrət üçün ucaldılan o bayragın ucalığı,
Bizə  gərək Murovdağın ucalığı, Böyük Kirsin, İşıqlının, Dəlidağın ucalığı...

Bər-bəzəkli göydələndə beş otaqlı lüks mənzil  istəmirəm,
Qarabağda; öz kəndimdə, bir qazmada, bir  daxmada, lap kahada, lap zağada sona yetsin qocalığım...
Nəyə gərək Qarabağsız  min göydələn ucalığı?!.
Nəyə gərək de Şuşasız, de Laçınsız, de Ağdamsız, Qubadlısız, Kəlbəcərsiz bu körpülər,  bu saraylar?
Villalarda harınlayan daş qəlblərə yetişməyir bu haraylar...
İnsan deyil, cin-şeytandır, əcinnədir,
Bilmir Vətən, millət nədir,
Bilmir namus, qeyrət nədir...
Əgər meydan verirsənsə beləsinə bütün telekanallarda,
bütün saray və zallarda,
Susursansa, dözürsənsə, demək özün onlardan da pis gündəsən,
Əxlaqsızın, simasızın, şərəfsizin, qeyrətsizin önündəsən!
Bu satılan sərvətlərlə, bu alınan rüşvətlərlə eyş-işrət içindəsən!
Ötüb-keçib yanımızdan küçələrdən yel-küləklə
Aldadırsan başımızı hər gün yeni bir kələklə...

Susursunuz  “ziyalılar”; Anar,  Elçin, Fikrət Qoca!
Əgər bu gün həqiqəti demirsizsə, bu zilləti bu rüşvəti demirsizsə,
Bir qəpiyə dəyməz oldu sizin sənətkarlığınız!
Bu milləti zəlil etdi sizin millət karlığınız, sizin qeyrət karlığınız!..
Nəyə lazım Zəlimxan bəy, sənin gur-gur guruldayan şeriyyətin-
Əgər ifşa etmirsənsə  bu xəyanət, bu zilləti?!
Bu gün sizin Nəsimidən, Füzulidən, Xətayidən danışmağa haqqınız yox!
Mirzə Cəlil, Cavid, Sabir, Zərdabidən danışmağa haqqınız yox!
Susardımı onlar bu gün?!.
Millətini rahat evə, vəzifəyə, bir ordenə, bir maşına satardımı onlar bu gün?!,
Siz ey şöhrət həvəskarı gənc yazarlar! Romantik yazıların yeri deyil!
Aşiq-məşuq, gül-bülbüllə baş qatmayın! Bəsdir artıq neçə ildir Şuşa, Laçın ağlaşması! 
Əsrlərdir dərdimizi ağlamaqdan tərg olmuşuq,
Dərdlər bizi yatızdırıb, parçalayıb xalqdan dönüb fərd olmuşuq...
Sən bu xalqı, bu Vətəni sevirsənsə, bircə sətir həqiqəti, bu gündəki gerçəyi de-   
Yüz kitablıq ağlaşmadan, eşq-məhəbbət dastanından üstündür bu,
Milyon-milyon ürəklərdə heykəlindir, büstündür bu.
Demirəm ki, özünü ver güllə, atəş qabağına,
Demirəm ki, xalqı qaldır sən üsyana,
Deyirəm ki, sən tanınmış yazıçısan, şairsənsə,
Bu zillətə, rüşvətə etiraz et,
Televiziya ekranından bu milləti rüsvay edən, türk gəncini hollandlının “mavi”sinə həmtay edən,
Bu ehtiras, bu şəhvətə etiraz et!
Gecə-gündüz arsızlığı təbliğ edən, Azərbaycan qadınının namusunu tapdalayan aygünlərə, namiqlərə etiraz et,
Röyalara, faiqlərə etiraz et!
Qarabağı istəyirəm!
Sən bilmirsən dörd bir yanın korrupsiya, rüşvətdi?
Bilmirsənsə, demək yoxsan, bilirsənsə, susursansa, “rüşvətlə mübarizə” adı ilə ayda üç-dörd “qurban” tutub gözdən pərdə asırsansa, lap dəhşətdi!

Demək sən də qoşulmusan o rüşvətxor  xainlərə, hər yol ilə kəsirsiniz halal qazanc yollarını,
Az qalmısız cumasınız kasıbın o çil  toyuğu yumurtlayan dar hinlərə,
Onlara da sayğac qoyun, onlardan da vergi alın!
Mənim də öz sayğacım var, haqqın da öz sayğacı var,
Bu dünyada bircə anlıq haram, “levi” ləzzət üçün
O dünyada sonsuz əzab, dərd, acı var!
Sayğac qoyub qadir Allah sizin vicdan nəbzinizə, sizin qeyrət nəbzinizə,
Sizin haram kürsünüzə, sizin  haram evinizə, Sürixdəki, Londondakı haram dollar qəbzinizə, haram yevro qəbzinizə,
 Hamısının hesabı var,  hər  ləzzətin bir acısı, hər keyfin bir əzabı var...
Qarabağı istəyirəm! Bəsdir artıq beynimizi yağır etdi bu “atəşkəs”!
Vallah-billah, bu millətin atəşini kəsmək üçün bağlanıbdır bu atəşkəs!
Atəş yurdu, odlar yurdu, var olarmı heç atəşsiz?
Əsl könül, əsl ürək çırpınarmı heç atəşsiz?
17 il kəsilirmi erməninin atəşləri? Yox kəsilmir,
“Erməninin ordusu yox” -deyə-deyə neçə əsgər itiririk hər ay, hər il,
Köçüb gedir bu dünyadan “can Qarabağ!”-deyə-deyə  neçə insan, neçə nəsil...

17 il qaralırıq,
sönürük biz, kəsilir öz atəşimiz.
Nefti, qazı əcnəbiyə rahat satmaq məqsədilə 94-də atəşkəsə imza atan rəhbərlərin tərpənmədi belə tükü-
Ürəyindən sapladılar atəşkəslə Xəlilrza Ulutürkü...
Könüllülər pərən-pərən edildilər, baş əymədi Fred Asif, onu dərdlə əritdilər...
95-də qaraltdılar erməninin gözün tökən Rövşən-“OMON” atəşini,
sonra isə “Vətən” deyib qürbətlərdən yurda dönən yazıq Yelmar Məmmədovun söndürdülər günəşini,
Gəldi yetdi 97... O parlament kürsüsündən çəkinmədən haqqı deyən Ziya Bünyad ziyasını şər yox etdi...
 Qarabağda döyüşənlər, o əlillər, veteranlar edildilər beş-on manat pensiyaya,  pula möhtac,
Korrupsiya, rüşvəti çiçəklədən külbaşlara qoydular tac!
Öz sözünü deyə bilən şəxsiyyətli, ləyaqətli kim vardısa, vurdurdular, susdurdular, basdırdılar...
Əvəzində yetişdirib Aygününü, Faiqini, Röyasını, zay etdilər bu millətin mayasını...
Qarabağı istəyirəm! Məni əzmək istəyirlər!
Deyirlər ki, qəlbindəki Vətən üçün, millət üçün, torpaq üçün, qeyrət üçün alovlanan atəşi kəs, 
Deyirlər ki, haqsızlığa,  bu rüşvətə,   bu zillətə nifrət edən atəşi kəs!
Hamı olsun qorxaq, yaltaq, bivec, mağmun, yazıq, maymaq-
Torpaq deyən, namus deyən tapılmasın,
Bir abırlı, bir ismətli paltar geyən tapılmasın...
Azərbaycan qadınları qoy tapmasın pul sabuna,
Azərbaycan kişisi də qoy yaşasın gəzən arvad hesabına...
Olmaz belə müsəlmanlıq - qeyrəti də etdik sünnət,
Gülür bizə bəşəriyyət....
Qarabağı istəyirəm!

Əgər düşmən əlindəsə Qarabağın qürur yeri - Cidır düzü, Kirs zirvəsi,
Nəyə gərək bu millətə pudralanan oğlanların, çılpaqlanan o qızların “Yevrovijin” qələbəsi?
 Nəyə lazım belə gənclik, müasirlik?
Unudulur Qarabağda yaşananlar - o işğallar, o zülmlər, o şəhidlik, o əsirlik!..
İstəmirəm gedəm gəzəm “müasirlik” təbliğ edən Roma, Paris, ya Londonu,
İstəmirəm hər  gün yolda  bir cavanı, bir ailəni bədbəxt edən “Mersedes”i, “Prado”nu!
Yəhərimi, yüyənimi, boz atımı istəyirəm, dəryazımı, külüngümü, boz çatımı istəyirəm!
O təmiz su, saf haval, sadə, azad, xoşbəxt, sərbəst, reklamsız, bər-bəzəksiz həyatımı istəyirəm... Qarabağı istəyirəm!
Qarabağı istəyirəm! Hücum üçün əmr verin! Silah verin! Dəmir verin!
Bizi dünya qarşısında xəcil edən, zəlil edən düşmənləri cumaq əzək, birdəfəlik məsələni ya o yanliq, ya bu yanlıq edək, çözək! Bir yarımız ölək, itək,  təki, təki Qarabağı azad edib qalib gələk! Bu ləkədən, məzhəkədən, bu zülmdən ölüm yaxşı!
Tulapayı təqaüdlə ölməyimi istəmirsən?! Qoy acından torpağımda ölüm, yaxşı!..
 Qarabağı istəyirəm! Qoy desinlər bu dəlidi! Zamanayla ayaqlaşmır! Alçaqlaşmır! Yaltaqlaşmır! Maymaqlaşmır! Qoy vursunlar! Qoy tutsunlar! Qoy atsınlar lap zindana! Allaha qul olan bəndə dediyini çətin dana!
Bəli, bilin, mən dəliyəm! Baş əydiyim tək Allahın, Xeyrin, haqqın, bu əzilən yazıq xalqın, bu Vətənin, bu torpağın, Qarabagın, Dəlidağın dəlisiyəm!
Qarabağı istəyirəm! Ağlım qalıb  Qarabağda, o meşədə, o çəməndə, kol dibində bənövşədə, o yaylaqda, o torpaqda! Mən dəliyəm! Nefti, qazı dədəsinin malı kimi satıb yeyən milyardların sahibinin qeyrəti var, ağlı varsa, versin mənə o torpağı! Milyonlarla ağıllının ağlı çatıb yetişməyən Murovdağı, Dəlidağı istəyirəm!
Qarabağı istəyirəm! Qarabağı istəyirəm!Qarabağı istəyirəm!..

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı