Modern.az

“Abonent şəbəkə xaricindədir...”

“Abonent şəbəkə xaricindədir...”

Ölkə

25 Yanvar 2012, 10:58

Yuxarıdakı sözlər, qonşumuz Miriş əminin dediyinə görə, mərhum bir qohumunun başdaşında yazılıb. Özü də başdaşı mobil telefonu formasındadır.

Miriş əmi bir az baməzə adam olduğundan, onun sözlərini hamı zarafat kimi qəbul edir. Ancaq ruslar demişkən, hər zarafatda bir az həqiqət də var. Artıq bütün dünya, o cümlədən biz mobil rabitə şəbəkəsi daxilindəyik. Şəbəkə xaricinə çıxmaq üçün ya telefonu söndürmək, ya da Miriş əminin qohumu kimi o biri dünyaya köçmək lazımdır. Axırıncı halı heç kim istəməz, birinci halda isə telefonu qəsdən söndürüb şəbəkə xaricinə çıxan adamın dalınca nə gəldi deyirlər. Ona görə də, salamatı odur ki, daima şəbəkə daxilində olaq, mobil rabitə xidmətlərindən səmərəli istifadə edək.

Mobil rabitə xidmətləri deyəndə, maraqlıdır ki, bəzən bunu mobil telefon modelləri ilə qarışdırırlar. Əslində isə cib telefonları mobil rabitədə əlaqələndirici rolunu oynayır. Onların dəyəri hansı xidmətləri dəstəkləməsi ilə ölçülür. Telefon alarkən bu faktoru mütləq nəzərə almaq lazımdır. Ona görə də, düzgün seçim üçün mobil rabitə, onun mahiyyəti və əhəmiyyəti haqqında müəyyən məlumatlara malik olmaq məqsədəuyğun olar.

1876-cı ildə Amerika alimi Aleksandr Bell telefon qurğusunu ixtira edəndə telefon danışıqlarının simsiz rabitə vasitəsilə də həyata keçirilə biləcəyini bəlkə də heç ehtimal etməmişdi. Lakin 1888-ci ildə Alman fiziki Henrix Hers elektromaqnit dalğalarının varlığını sübut etməklə kabelsiz rabitənin mümkünlüyünə inam yaratdı. Hersin kəşfi əsasında 1895-ci ildə rus alimi Aleksandr Popovun ixtira etdiyi radio simsiz əlaqənin başlanğıcını qoydu.

İlk primitiv mobil radio-kommunikasiya sistemini İtaliya radiotexniki Quglielmo Markoni 1901-ci ildə avtomobilə radio qəbul-ötürücüsü qurğusu quraşdırmaqla yaratdı. Tezliklə, bu sistem İngilis və İtalyan donanmasında tətbiq olundu. Radio dalğaları  Atlantik okeanını keçib Amerikaya Birləşmiş Ştatlarına doğru irəliləməyə başladı.

Həmin vaxtlar, ABŞ-ın polis və təhlükəsizlik orqanları kommunikasiya sahəsində baş verən texnoloji yenilikləri diqqətlə izləyirdilər. Onların marağı bu yeniliklərdən təhlükəsizlik sistemində istifadə etmək idi. Bu məqsədlə 1921-ci ildə ABŞ-ın patrul  maşınlarında polis məntəqələri ilə simsiz rabitə saxlaya bilən radio əlaqə aparatı quraşdırıldı. Morze əlifbasından istifadə edən bu qurğu siqnalları birtərəfli ötürürdü. 1930-cu ildə bu çatışmazlıq aradan qaldırıldı.

1934-cü ildə ABŞ Konqresi simli və simsiz kommunikasiya sahəsində vəziyyəti tənzimləmək məqsədilə Federal Rabitə Komissiyası yaratdı. Komissiya tezliklərin kimlərə paylanmasına nəzarət edirdi. İlk sırada xilasedici, təhlükəsizlik orqanları və hökumət təşkilatları dururdu. Onların ardınca yükdaşıma, taksi və s. xidmətləri təklif edən kompaniyalar gəlirdi. Şəxsi istifadə üçün isə tezlik ümumiyyətlə verilmirdi. Bu isə mobil rabitənin inkişafına ləngidici təsir göstərirdi.

1946-cı ilin iyunun 17-də ABŞ-ın Sent-Luis şəhərində AT&T  və  Bell Laboratories şirkəti müştərilərə kommersiya xidməti göstərən ilk mobil radiotelefonunu təqdim etdi. Çəkisi otuz kiloqramdan çox olan bu qurğu minik maşınlarına quraşdırılırdı. Abonent radiotelefonun dəyişdiricisini əllə azad kanala çevirməklə zəngi həyata keçirirdi. Qurğu siqnal verən kimi şəhər üzrə quraşdırılmış qəbuledicilər işə düşürdü. Hərəkətdə olan abonent danışa-danışa yerini dəyişdikcə onun səsini qəbuledicilərdən ən yaxında olanı qeydə alırdı. Mobil Telefon Servizi isə qəbuledicilərin tutduğu siqnalları toplayıb vahid formaya salaraq paylaşdırıcı məntəqələrə ötürürdü. Bu, bir qədər müasir mobil rabitə sistemlərinin iş prinsipinə də oxşayırdı.

Bell Laboratories 1947-ci ildə mobil rabitənin inkişaf konsepsiyasını hazırladığını bəyan etdi. Bir il sonra elə həmin laboratoriyada tranzistorun kəşf edilməsi mobil rabitə sistemində texnoloji tərəqqinin əsasını qoydu. Tranzistorlar simsiz kommunikasiyada istifadə edilən iri qabaritli  cihazların həcmlərinin dəfələrlə kiçildilməsinə yol açdı.

Bell laboratoriyasının  qazandığı böyük uğurlara baxmayaraq, dünyaya ilk miniatür mobil telefonunu “Motorola” şirkətinin vitse-prezidenti Martin Kuper bəxş etdi. 1973-cü ilin aprel ayında Kuper həmin telefonla Bell Laboratories şirkətinə zəng vuraraq mobil telefonla danışdığını bildirdi və bununla da rəqib üzərində qələbəsini rəsmiləşdirdi. “Dyna-Tac” adlanan 12 klavişli ekransız bu miniatür telefonun ölçüsü 22.5х12.5х3.75 sm, çəkisi isə 1.15 kq idi. Batareyasının enerji saxlama müddəti isə iyirmi dəqiqəyə ancaq çatırdı.

Baş verən texnoloji yeniliklərə baxmayaraq geniş əhali yenə də mobil rabitədən istifadə etmək hüququndan məhrum idi. Nəhayət 1981-ci ildə Sədiyə Ərəbistanında vətəndaş istifadəsi üçün Nordic Mobile Telephony ilk mobil şəbəkə standartı istismara verildi.  1983-cü ildə isə ABŞ-da Bell Laboratories tərəfindən Advanced Mobile Phone Service standartı işə salındı. Birinci nəslə aid olan bu standartlar siqnalları analoq formasında ötürürdü.

İkinci nəsil standartları – 2G (G ingilis dilində “generation (nəsil)” sözünün baş hərifidir) ilə işləyən ilk rəqəmli mobil rabitə şəbəkəsi isə 1992-ci ildə Almaniyada istismara verildi. Global System for Mobile Communications  (GSM) adlanan bu sistemdə əhatə dairəsi baza stansiyaları tərəfindən müəyyən edilə biləcək özəklərə bölünür. Hər baza stansiyasının nəzarəti altında olan özəklər birləşərək şəbəkələr əmələ gətirir. Şəbəkələr formaca arı şanını xatırladan altıbucaqlı şəklində olur. Bu xüsusiyyətinə görə ruslar mobil rabitəyə “sotovıy svyaz (şanvari rabitə)” də deyirlər. Şanvari rabitədə telefon bir baza stansiyasının əhatəsindən çıxırsa, həmin saniyə digər baza stansiyası ilə əlaqə yaradılır.

GSM sistemində müxtəlif mobil operator şəbəkələri bir-birləri ilə bağlı olduğu üçün bir operatorun abonenti digər operatorun abonentinə zəng edə bilir. Ona görə də bu texnologiya  abonentlərə bir ölkədən digər ölkəyə zəng etmək imkanı verir. Rouminq (ing. veyllənmək) adlanan xidmət növünü aktivləşdirdikdə abonent öz operatorunun şəbəkəsi xaricində olduqda başqa mobil operatorunun şəbəkəsindən zəng edib, zəng qəbul edə bilər. Bunun üçünsə əlavə tarif haqqı ödəmək lazım gəlir.

Hazırda abunəçilər tərəfindən ikinci nəslin ən çox istifadə edilən xidmət növlərindən biri qısa mətnlərin göndərilməsini təmin edən Short Message Service (SMS) xidmətidir. İlk vaxtlar bu xidmətdən, əsasən əyləncə məqsədilə istifadə edilsə də, son illər bu xidmətin səmərəli tətbiqi öz bəhrəsini verməkdədir. SMS vasitəsilə xeyli xidmətlər yaradılıb ki, bu da əhalini bir çox qayğılardan azad edir. Məsələn, pensiyaçılar üçün yaradılmış “SMS info” xidməti təqaüdçülərin hesablarına daxil olmuş vəsaitlər barədə məlumatı SMS vasitəsilə göndərir ki, nəticədə pensiyaçılar boş yerə bankomatlara gedib-gəlməkdən azad olurlar. “SMS Bankinq” xidmətindən istifadə etməklə bank müştəriləri cari hesablarının balansı haqqında, o cümlədən hesaba daxil olan və çıxan vəsaitlər, depozitlər üzrə hesablanmış faizlər barədə məlumatı SMS vasitəsilə avtomatik ala bilərlər. Topdan SMS xidməti reklam, xəbərdarlıq, təbrik, dəvət, xatırlatma xarakterli məlumatların bir dəqiqə ərzində istənilən sayda mobil telefon nömrələrinə göndərmək imkanı verir. Bu xidmət səhiyyə, təhsil, təhlükəsizlik, xilasedicilik sistemlərində böyük fayda verə bilər. Xüsusən, təşkilatda qəfil fövqəladə hallar hadisəsi baş verərsə, həmin dəqiqə SMS vasitəsilə təhlükə barədə bütün işçilərə təcili məlumatın çatdırılması ziyanın və itkinin xeyli qabağın  ala bilər.

GSM sistemində SMS-lə yanaşı Multimedia Mesaj Xidməti (MMS) də  vardır. MMS xidmətində mətnin içərisinə şəkil, musiqi və video faylları əlavə etmək mümkündür. MMS-in SMS-dən üstün cəhətlərindən biri mesajların tək mobil telefona deyil, həm də elektron poçta göndərmək imkanına malik olmasıdır.

2G nə qədər populyar olsa da, hazırda onu yüksəksürətli üçüncü nəsil – Universal Mobile Telecommunications System (UMTS) sistemi əvəzləməkdə davam edir. İnternet və radioəlaqə texnologiyalarından yararlanan bu sistem verilənləri böyük sürətlə ötürməyə imkan verir. UMTS sistemində səslə bərabər, görüntülər də ötürüldüyü üçün, abunəçilər video-zəng etməklə danışanda bir-birilərini onlayn rejimində görə də bilərlər.

3G demək olar ki, dünyaya açılmış bir pəncərədir. Bu texnologiya “sehrli güzgü” kimi istədiyin məişət, iaşə, xidmət obyektlərini, ticarət mərkəzlərini, aptekləri, xəstəxanaları göstərmək imkanındadır. Telefona xüsusi naviqasiya proqramını yükləməklə biz marşrutlar, tıxaclar və s. barədə məlumatlar ala bilərik. Gələcəkdə 3G texnologiyası həkimlərə öz kabinetlərindən uzaq yerdə yaşayan xəstələri müayinə etməyə, reportyorlara hadisə yerindən canlı yayım aparmağa, iş adamlarına video-konfrans və ya video-görüşlər keçirməyə imkan verəcək. 3G istifadəçiləri nağd pul olmadan alış-veriş edə, kommunal xərcləri ödəyə bilərlər.

Ölkəmizdə 3G standartlarının tətbiqinə ilk olaraq “Azerfon” şirkəti başlamışdır. Ötən ilin sonlarından “Azercell” və “Bakcell” operatorlarına da “3G” mobil rabitə xidməti göstərməsi üçün lisenziyalar verilmişdir. Ümid etmək olar ki, ölkəmizdə 3G xidməti göstərən şirkətlərin sayının artması mobil rabitə xidmətlərinin keyfiyyətinin daha da artmasına və qiymətlərin aşağı düşməsinə xidmət edəcək.

Hazırda texnologiya elə sürətlə inkişaf edir ki, 3G-dən tam yararlanmamış artıq dördüncü nəsil 4G texnologiyası meydana çıxıb. 4G verilənləri şəbəkədə saniyədə 100 Mbit-dən yüksək, hətta 1 Gbit-ə qədər sürətlə ötürmək imkan verəcək. Bu isə o deməkdir ki, tezliklə biz mobil rabitə şəbəkəsi daxilində olmaqla bütün dünyanı ovcumuzun içində görəcəyik!

Vüqar Haqverdiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı