
Modern.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov “Azərros”un Ağsaqqallar Şurasının sədri, baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun son bəyanatı ilə bağlı partiyanın mövqeyini açıqlayıb.
“Abbas Abbasovun çirkli işlərdə iştirak etməsi ilə bağlı müəyyən fikirlər səslənməkdədir. Əgər bu faktlar həqiqətə uyğundursa, mən buna çox təəssüflənirəm”-deyə Ə.Əhmədov bildirib.
YAP icra katibinin sözlərinə görə, Abbas Abbasov Azərbaycanda uzun müddət yüksək vəzifələr tutub.
“Mərhum Heydər Əliyev və prezident İlham Əliyev ona etimad göstərək yüksək vəzifələrə təyin ediblər. Bu etimaddan sonra o, Azərbaycanda Heydər Əliyev xəttinə qarşı çıxırsa, vətəndaşlar bunu qəti şəkildə pisləyəcəklər”-deyə YAP rəsmisi bildirib.
Daha sonra Əli Əhmədov bildirib ki, Abbas Abbasov bundan nəticələr çıxarmalıdır.
“Abbas Abbasov bütün bunlardan nəticələr çıxarmalıdır. Vətəndaşlar onun bu mövqeyinə görə sərt mövqe nümayiş etdirirlər”.
Ə.Əhmədov qeyd edib ki, Azərbaycandan kənarda harada yaşamağından aslı olmayaraq istənilən şəxs ölkəmizin milli maraqlarını qorumalıdır.
Baş nazirin sabiq birinci müavini, “Azerros” un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov bir neçə gün öncə Azərbaycan-Rusiya münasibətləri ilə bağlı son aylar gedən prosesləri sərt tənqd edən bəyanatla çıxış edib. A.Abbbasovun sözlərinə görə, Azərbaycanda onlara qarşı “yalan kampaniyası" aparılır.
“Mən istəyirəm ki, Azərbaycanın bəzi siyasətçi, politoloq, ekspert və jurnalistlərinin hər biri tarixi vətənlərindən uzaqda yaşayan soydaşlarımız qarşısında məsuliyyətini dərk etsin. Azərbaycandan müxtəlif səbəblərdən gedən və Rusiyada məskunlaşan soydaşlarımızın taleyi ilə oynamaqdan əl çəkin! Bu qarşıdurma kimə lazımdır? Başa düşürsünüzmü ki, sizin bu çirkin və düşmənçilik iyi verən kampaniyanız nəticəsində soydaşlarımızı hansı tale gözləyir? –deyə bəyanatda qeyd edən A.Abbasov dünən Moskvadan Bakıya ciddi mesajlar yollayıb.