Modern.az

Təhsil Nazirliyində yeni təyinat?

Təhsil Nazirliyində yeni təyinat?

Ölkə

31 İyul 2013, 17:43

Bu gün bəzi KİV-lər Təhsil Nazirliyində yeni təyinatın gerçəkləşdiyi barədə xəbər yayıb. Xəbərdə bildirilir ki,  nazirliyin aparat rəhbəri Ceyhun Bayramov təhsil naziri Mikayıl Cabbarovun müavini vəzifəsinə təyin olunub.

C.Bayramov təhsil nazirinin müvafiq əmrinə əsasən bu il 30 may tarixindən etibarən Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsinə təyin edilimişdi.

Modern.az saytı məlumata aydınlıq gətirilməsi üçün Təhsil Nazirliyinin İctimiayyətlə əlaqələr şöbəsinə müraciət edib. Lakin şöbə müdiri Bayram Hüseynzadə ilə danışmaq mümkün olmayıb. Şöbənin əməkdaşları isə sualımızı nazirliyə yazılı şəkildə göndərməyi istəyiblər.

Nazirliyin əlaqə saxladığımız bəzi şöbə müdirləri sualımıza cavab verməkdən qorxduqlarını etiraf edərək Modern.az-la danışmaqdan çəkiniblər.

Nazirlik aparatındakı bir mənbə isə Ceyhun Bayramovun yeni vəzifəyə irəli çəkilməsi xəbərinə belə cavab verib: "Yəqin elə olar!".

Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub.  Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini  hüquqşünaslıq ixtisası üzrə bitirib. 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb,  2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ”  hüquq şirkətinin direktoru olub. 2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib.

Hazırda təhsil nazirinin daha 2 müavininin vəzifəsi vakant qalır.

Xatırladaq ki, Mikayıl Cabbarovun nazir təyinatından sonra Qulu Novruzov təhsil nazirinin müavini vəzifəsindən çıxarılıb.

Bu il aprelin 19-da təhsil naziri vəzifəsinə təyinat alan Mikayıl Cabbarovun ötən müddətdə apardığı kadr islahatı və struktur dəyişikliyi nəticəsində Təhsil Nazirliyindəki bir sıra vəzifələr boşalıb.

Modern.az saytının məlumatına görə, yeni nazirin müvafiq əmrləri ilə Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev, İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev, Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva, nazir köməkçisi Rasim Süleymanov, Ümumi şöbənin müdiri Xəyyam Fərəcov tutduqları vəzifələrdən çıxarılıblar.

Eyni zamanda Nazirliyin aparatında aparılan struktur dəyişikliyi nəticəsində Akkreditasiya şöbəsi və Monitorinq və qiymətləndirmə şöbəsi ləğv edilərək əvəzində Lisenziyalaşdırma və təhsilin keyfiyyətinə nəzarət şöbəsi yaradılıb.

Bundan başqa, Nazirlikdə daxili nəzarət sisteminin yaradılması, təhsil sahəsində korrupsiya halları ilə mübarizənin gücləndirilməsi, Nazirliyin "Qaynar xətt"inə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlərin görülməsi, habelə struktur bölmələrinin tabeçiliyinin düzgün müəyyənləşdirilməsi və funksional ixtisaslaşmanın təmin edilməsi məqsədi ilə Daxili nəzarət şöbəsi yaradılıb və "Qaynar xətt" xidməti həmin şöbənin tabeliyinə verilib.
Nazir Mikayıl Cabbarovun yeni yaratdığı daha bir şöbə isə Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsidir.

Hazırda nazirin köməkçisi, Lisenziyalaşdırma və təhsilin keyfiyyətinə nəzarət şöbəsinin müdiri, Daxili nəzarət şöbəsinin müdiri, İqtisadiyyat şöbəsinin müdiri, Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Ümumi şöbənin müdiri vəzifələrinin boş olduğu bildirilir.

Bundan başqa, Təhsil Nazirliyində daha iki nazir müavini postu da uzun müddətdir boşdur və onlara yeni təyinat olmayıb. Xatırladaq ki, 2011-ci il sentyabrın 19-da təhsil nazirinin sabiq müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynova tutduqları vəzifələrdən azad ediliblər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı