Modern.az

Bakıda çörəyi bahalaşdırırlar

Bakıda çörəyi bahalaşdırırlar

Ölkə

19 May 2010, 12:17

Bir neçə gündür Bakının ayrı-ayrı rayonlarındakı bəzi ticarət  obyektlərində çörəyin qiyməti bahalaşıb. Bu barədə Modern.az saytına məlumat verən şəhər sakinləri bildiriblər ki, paytaxtın bir sıra yerlərində çörəyin qiymətində 5-10 qəpik artım baş verib. Saytımızın əməkdaşı da sakinlərin nişan verdikləri yerlərdə olaraq bahalaşmanı müşahidə edib. Çörəyi bahalaşdıran obyektlərin satıcıları bu addımı izah etməkdən yayınıblar. Qeyd edək ki. Xətai rayonu ərazisindəki bəzi yerlərdə belə hallar mövcuddur.

Məsələyə münasibət bildirən Milli Məclisin Aqrar siyasət komitəsinin eksperti Zahid Abbasov hesab edir ki, indiki vaxtda çörəyin bahalaşmasına heç bir əsas yoxdur.

“Axı bahalaşma getməməlidir. Xaricdən taxıl gətirilir. Burada çatışmamazlıqdan söhbət gedə bilməz. Dövlət keçən il ehtiyat fondu da yaratdı. Xaricdən də un, taxıl idxal olunur. Hazırda xaricdən taxıl və un alınmasında heç bir problem yoxdur. Bu ya çörəyi istehsal edənin, yaxud da onu satanın özünün əngəlidir. Burda ayrı söhbət ola bilməz. Ehtiyat da var, xaricdən almaq imkanı da. Keçən il birinci dəfə idi ki, biz 3 milyon tona yaxın taxıl istehsal etdik. Bunun qabağında bu çörək niyə bahalaşmalıdır. Hesab edirəm ki, qiymətlər artmamalıdır. Düşünürəm ki, bu ayrı-ayrı adamların özlərinin süni surətdə yaratdığı fırıldaqdır”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə onlara çörəyin başalaşmasına dair şikayətin daxil olmadığını söyləyib.

“Bizdə hələki belə bir fakt yoxdur. Kifayət qədər taxıl ehtiyatımız var. Mən başa düşə bilmirəm ki, hansı meyarlara görə çörəyin qiymətini artırsınlar. Ola bilsin ki, kimlərsə, hansısa fürsətdən istifadə edirlər. Bizə belə bir fakt daxil olmadığından fikir söyləmək çətindir”. Təhminə Paşayeva

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı