“Nurçu”lar Fəthullah Gülənin qərarlarını yerinə yetirənlərdir. Məndən ötrü, İslamda “nurçu”, vəhhabi, sünni, şiə təriqətləri yoxdur, “La ilahə illəllah, Məhəmmədən Rəsul Allah” deyənlərin hamısı qəhrəmandır. Amma bir şeyi hamı bilməlidir, adları çəkilən Əli də, Osman da, Əbubəkr də İslamın qəhrəmanlarıdır. Yəni, hərə birinə pərəstiş edə bilər, amma, ümumilikdə bunlar İslama aiddirlər. İslamı parçalamaq olmaz”.
Bunu Modern.az-a sabiq daxili işlər naziri İsgəndər Həmidov deyib. O bildirib ki, “nurçu”ların hazırda təhlükəsi yoxdur, amma gələcəkdə ola bilər: “Baxın, indi necə Türkiyə qarışıbsa, bu, Azərbaycanda da baş verə bilər. Ümumiyyətlə, dini təriqətlərinin hamısının təhlükəsi var. Azərbaycanda din birləşməsə, Əli Bəy Hüseynzadənin ideyaları ətrafında toparlanmasaq, böyük təhlükələrlə üzləşəcəyik”.
Sabiq nazir qeyd edib ki, dövlət strukturlarında istər “nurçu”ların, istər vəhhabilərin, istərsə də sünni və şiələrin yer almasına etiraz etmir: “Bunları bir-birlərindən ayırmıram. Hesab edirəm ki, hamısı İslam əhlidir. Çalışmaq lazımdır ki, onlar Azərbaycanın əleyhinə iş görməsinlər. Əgər onlar daxilən İslamı qəbul ediblərsə və özlərinə rəhbər seçib onun arxasınca gedirlərsə, bu, o demək deyil ki, Azərbaycanın sabahkı gələcəyi təhlükədədir. Kim Azərbaycanın əleyhinədirsə, mən də onların əleyhinəyəm. Yəni, bunların təhlükəyə çevrilməsinin qarşısı alınmalıdır. Ayrı-ayrı dini təriqətlərin yaranması ölkədə aparılan siyasətin nəticəsidir. Din məsələsində ölkədə boşluq var. Bu boşluq təhlükəlidir”.
İ.Həmidovun sözlərinə görə, AXC-nin hakimiyyəti dövründə belə təriqətlər olmayıb: “Mən nazir olanda belə şey yox idi. O dövrdə daha çox şiəlik üstünlük təşkil edirdi. Biz təriqətlər arasında fərq qoymurduq”.
İlkin PİRƏLİ