Modern.az

Azərbaycanda 11700 nəfər vəhhabilikdən imtina edib - ÖZƏL

Azərbaycanda 11700 nəfər vəhhabilikdən imtina edib - ÖZƏL

Ölkə

3 Aprel 2014, 16:38

Azərbaycanda vəhhabi dini təriqətinin hansı təhlükələrə yol açdığı barədə uzun zamandır müzakirələr aparılır. Düzdür, vəhhabilərin hamısını təhlükəli saymaq da yanlış olar, amma Suriyadan hər gün qara xəbərlər sözügedən təriqətin siyasi mahiyyətini ortaya qoyur. Deməli, ənənəvi “din siyasətdən ayrıdır” tabulaşmış deyimi də bir daha bu hadisələrlə özünün aktuallığını itirdi. Həqiqətən də dindar öz inancını siyasətlə uzlaşdırmamalıdır və etiraf edək ki, Azərbaycanda belə dindarlar da az deyil. Lakin Səudiyyə Ərəbistanından ixrac olunduğu iddia edilən vəhhabiliyin, sələfiliyin, İrandan Azərbaycana gələn siyasi şiəlik ideologiyalarının təsirinə düşən gənclərimizin dünyagörüşünün pozulması ciddi problemə çevrilib. Ancaq o da məlumdur ki, bir qism şəxs siyasiləşmiş dini sektaların təhlükəsini dərk edəndən sonra oradan uzaqlaşır.

Mövzu ilə bağlı Modern.az saytı etibarlı mənbələrdən maraqlı informasiya alıb. Məlumata görə ölkədə vətəndaşlarımızın Suriyaya yollanmasından sonra vəhhabi təriqətinə mənsub bir çox şəxs buna etiraz edərək, təmsil olunduqları cərəyandan ayrılmaq qərarı verib.Bu hal vəhhabilər olan bütün bölgələrdə müşahidə olunur.

Diqqət çəkən məqam ondan ibarətdir ki, bu prosesin əsas ağırlıq yükü daha çox Qaradağın Müşfiqabad qəsəbəsinin üzərinə düşür. Məlumata görə, həmin qəsəbədə cmləşən 12 min vəhhabinin 11 min 700-ü üzv olduqları dini təriqətdən uzaqlaşıb. Bu, son üç ayda baş verən proseslərin göstəricisidir.

Mənbənin sözlərinə görə Azərbaycanın bölgələrində də radikalizmdən uzaqlaşma meylləri müşahidə olunur. Onların əksəriyyəti saqqallarını qırxıblar.

Məlumat üçün deyək ki, Müşfiqabad qəsəbəsində sələfi əqidəli şəxslərin toplaşdığı məsciddə bir müddət əvvəl yeni icma yaradılıb və DQDK tərəfindən qeydiyyata alınıb.

Yeni icma yarandıqdan sonra sələfilərin bu məscidə ayaq açılması azalıb. Adıçəkilən məscidin imamı Mübariz Qaçayevin gənclərin Suriyaya göndərilməsində rol oynaması ilə bağlı ittihamlar səslənirdi.

Onu da qeyd edək ki,  Suriya ilə bağlı sələfi liderləri olan Qamət Süleymanov və Əlixan Musayev arasında yaranan fikir ayrılığı qalmaqal həddinə gəlib çıxmışdı. Q.Süleymanov Ə. Musayevi radikallıqda günahlandıraraq  onu Suriyaya vətəndaşların yollanmasında iştirakda ittiham etmişdi.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı