Modern.az

Əli Həsənov: “Prezident İlham Əliyev girovlarla bağlı ciddi tapşırıq verib”

Əli Həsənov: “Prezident İlham Əliyev girovlarla bağlı ciddi tapşırıq verib”

Ölkə

18 İyul 2014, 13:53

“Ermənistan tərəfi girov götürdükləri Dilqəm Əsgərovu və Şahbaz Quliyevi diversant kimi təqdim edirlər. Bunların hamısı cəfəngiyyatdır”. Modern.az saytı xəbər verir ki, bunu iyulun 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib:  

“Mətbuat da hər gün bu barədə yazır. İkisi Kəlbəcər köçkünüdür. Dilqəm Əsgərovun valideynləri Şəmkirdə, Şahbaz Quliyevin valideynləri Tərtərdə, Həsən Həsənovun valideynləri isə Sumqayıt şəhərində kirayədə yaşayır. Mətbuatdan görürsünüz ki, Ermənistan tərəfi müxtəlif informasiyalar verirlər. Onları diversant kimi təqdim edirlər. Guya onlar diversant xarakterli işlər görmək istəyirdilər. Bunların hamısı cəfəngiyyatdır. Bizdə olan məlumata görə, Dilqəm Əsgərov və Şahbaz Quliyev bir neçə dəfə öz kəndlərinə, doğulduqları yerə gediblər. Bunlar Azərbaycan vətəndaşlarıdırlar, çox yüksək vətənpərvər insanlardırlar. Əgər bunlar bir neçə dəfə gediblərsə, həmin gedişləri zamanı nə pis hərəkət ediblər?! Hansı partlayışı törədiblər, kimə xəsarət yetiriblər?! Heç kimə. Sadəcə olaraq, doğulduqları doğma yerlərinə bağlı, vətənini sevən bir insan kimi o yerləri ziyarət ediblər. Bu, o kəlbəcərlilərin bacarığı, qabiliyyətidir. Ermənistan tərəfinin zəifliyi ondadır ki, onları aşkar da edə bilmirdilər. İndi aşkar ediblər. Bu gün həmin girovlara qoyulan "diversant" damğası cəfəngiyyatdır. Onlar mülki vətəndaşlardır. Ermənilərin verdiyi məlumata görə, Kəlbəcərə getmiş guya üçüncü mülki şəxsi, yəni Cəbrayıl rayonundan olan köçkün Həsən Həsənovu qətlə yetiriblər. Bunu da dəqiq bilmirik”.

Baş nazirin müavini prezident İlham Əliyevin bu məsələ ilə əlaqədar xüsusi tapşırıqlar verdiyini deyib:

“Hadisə baş verəndən sonra internetdə onlar haqda məlumatlar yayılan kimi prezident öz tapşırığını verdi. Qeyd edim ki, bu məsələ birbaşa cənab prezidentin nəzarəti altındadır. O, öz tapşırıqlarını verir. Gündəlik bu işlə məşğuluq. Məlumat dəqiq olan kimi ölkəmizdə fəaliyyət göstərən Qızıl Xaç Komitəsini dəvət etdim. Cənab prezident öz  tapşırıqlarını verdi ki, təcili olaraq İrəvanda, yaxud Xankəndidə olan ofisləri ilə əlaqəyə girsinlər. Həmin ofislərlə təcili görüş istəsinlər. Əgər onlar girov götürülən insanlarla təcili əlaqəyə girə bilmirlərsə, Ermənistanın hansı vəhşiliklə məşğul olduqlarını bilirik. O insanlara qarşı yüz cür vəhşi hərəkətlər edirdilər. Bu vaxta qədər əlaqəyə girə bilməyiblər. Nə İrəvan ofisini, nə də Xankəndi ofisini yaxın buraxıblar. Bu, bir daha onu göstərir ki, Ermənistan tərəfi bütün beynəlxalq konvensiyalardakı sülh qərarlarını pozur. Ermənistanın özünün də Beynəlxalq Qızıl Xaç Komitəsi ilə müqaviləsi var. Ermənistan həmin müqaviləni pozaraq nizamnaməyə əməl etmirlər. Həmişə olduğu kimi, dünyaya meydan oxuyurlar. Bu hadisədən bir həftədən çox keçib. Ancaq bu günədək Beynəlxalq Qırmızı Xaç Komitəsinə girovlara görüş verilməyib. Azərbaycan dövləti onlara işgəncə verilib-verilmədiyini öyrənmək istəyir. Birmənalı olaraq bilirik ki, girovlarımıza işgəncə verilib”.

Əli Həsənov bəzi parlament nümayəndələrinin çıxışlarına da münasibət bildirib. “Hazırda mətbuatda müxtəlif müsahibələr verilir. Parlamentin bəzi üzvlərinin, bəzi QHT-lərin açıqlamalarına təəssüf edirəm  Biri deyir: “Onların orada nə işi vardı?”. Biri deyir: “Onlar ora getməməli idilər”. O insanlara üzümü tutub deyirəm: onlar əsl vətənpərvər Azərbaycan vətəndaşlarıdır. O insanlara o cür ləkələr yaxmaq lazım deyil. Mətbuat nümayəndələrinə müraciət edirəm: Bu cür müsahibələrə, çıxışlara son qoysunlar! Ayıbdır! Əgər bir azərbaycanlı məcburi köçkün doğulduğu yerin həsrəti ilə torpaqlarını ziyarət etməyə gedirsə, ölümü gözlərinin qabağına alırsa, bu cür insanlara ləkə yaxmaq olmaz. O torpaqlar bizimdir”. 

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı