Modern.az

Aradabir qəbiristanlığa gedəkmi?

Aradabir qəbiristanlığa gedəkmi?

Ölkə

2 Oktyabr 2014, 15:55

Saytlardan tragikomik bir xəbər oxudum: Qubanın 80 yaşlı sakini təzə yolun açılışında çıxış etdiyi zaman ölüb. Xəbərdən bəlli olur ki, neçə illərdir həsrətlə gözlədiyi yoldan keçmək ona nəsib olmayıb. Allah baba ona heç olmaya, 3-5 dəqiqəlik möhlət verməyib ki, kişi ayağını arzusunda olduğu bu yola bassın.

Danışırlar ki, rəhmətlik aktyorumuz Əliağa Ağayev dost-tanışları ilə bir məclisdə danışıb-güldüyü yerdə ölüb. Kişi lətifə danışırmış, nəfəsi gedib və gəlməyib.

Belə misallar çoxdur - kimisi dayanacaqda, işə gedəndə, kimisi toydan qayıdanda, kimisi gəzintidə, kimisi iş başında, kimisi televizora baxdığı yerdə, kimisi də...

Və bizim öz aləmimizdə vaxtlı-vaxtsız saydığımız olumlara və ölümlərə baxdıqca, bu barədə eşitdikcə, dünyanın, bu həyatın mənası barədə kədərli fikirlər gəlir ağıla. Adam əməllicə məyus olur. Bilmədiyin, ağlına gəlmədiyi bir anda bütün bu çabalara, qaçhaqovlara gözlənilmədən 72-lik yağlı “Times New Roman”la nöqtə qoyulacağını düşünəndə adamın əli-ayağı nəinki işdən, hətta yaşamaqdan soyuyur. Bu dünya nəyə lazımdır axı? Görəsən, insanlar nə vaxt öləcəklərini bilsəydilər, nə olardı?

Haqqında deyilən və hələ deyiləcək bütün fəlsəfi fikirlərə rəğmən dünya fanidir – neyləyirsən elə bu dünyanın adı üstündədir. Elə bil laboratoriya dovşanlarıyıq. Allah baba yaratdığının gah dözümünü, gah vicdanını, gah şüurunu... qısası, mayamızda olan bütün nəsnələrin hansı şəraitdə, hansı vəziyyətlərdə və hansı şəkildə ortaya çıxacağını sınayır. Sınayır və sınadıqca da  dünyanın mənzərəsini təzcrübənin nəticəsinə uyğun və həm də bizə layiq olan  şəkildə dəyişir.

Hərdən adama elə gəlir ki, dünya bir futbol topudur. Kimin təpiyi hansı tərəfdən dəyirsə, dünya da o tərəfdən  onun zərbəsinin gücünə uyğun əyilir.

Və bu mənzərədə ən maraqlısı bəzilərinin heç vaxt öməyəcəklərmiş kimi davranmasıdır.  Belələri elə bil bütün əməlləri ilə ölümsüzlüklərinə əmin olduqlarını nümayiş etdirirlər. Vallah, insafsızlıqdır...

Yararlılıq,  keyfiyyət əmsalı bir tərəfə, tək bu əminliyi üçün adamın beləsinə, doğru sözümdür,  paxıllığı tutur. Bu dünyada ölüm qədər real olan ikinci bir hal yoxdur. Bu boyda reallığı görməmək və ya görüb də hesablaşmamaq özü bir bacarıqdır. Söhbət ölüm xofundan, hansısa maniyalardan getmir. İnsanın yer üzünə, orta hesabla, 50-60 illik ekskursiyasının məhz ekskursiya olduğunu unutmağından gedir. Adamın əməllərindən asılı olaraq, bu unutqanlıq hərdən cahillik kimi görünür, hərdən də müdriklik kimi. Amma dəxli yoxdur, ikisinin də məhvərində eyni hiss dayanıb – ölümə meydan oxumaq.  Yaşamağın zövqü-səfasından, yaxud da cəfasından ayılmağın isə deyilənə görə tək bir yolu var - ildə heç olmasa, iki dəfə qəbiristanlığa getmək. Gedib də sonunu görmək.

Dünya çox kədərlidir, yaşamaq çox ağrılıdır, zaman çox amansızdır. Təbii, hər şeyin başlanğıcı olduğu kimi, bir sonu da var. İnsan qorxduğu bu sona yaxınlaşdıqca, həyatın atlas şərf  kimi əlindən necə sürüşüb çıxdığını hiss edir. Vaxt daralır, sənsə mənzil başına  gec çatmağın bir üsulu kimi, həyatında gözəl sandığın nələrisə buraxmamağa çalışırısan, həyatdan dördəlli yapışırsan. Amma bilmirsən və ya unudursan ki, saat sən doğulduğun andanca geriyə saymağa başlayıb. 

Nə bilim e... Qubalı qocanın o qədər bəsit və bir addımlığında olan arzusunu gözündə qoyan ölüm yekə-yekə istəklərimizin qarşısında bizəmi möhlət verəcək?

Allah Cəlil Məmmədquluzadəyə rəhmət eləsin, nigarançılıq yaman pis şeydir... 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı