Sovet jurnalistikasından fərqli olaraq müasir media ağ və qara rənglərdən ibarət deyil. Bütün çalarların olması əslində azad jurnalistika üçün normal haldır. Nisbi də olsa azadlığın mövcudluğu, istənilən Azərbaycan vətəndaşının qəzet təsis etməsi, fikirlərini ictimaiyyətə çatdırması önəmli məsələdir. Bütün bunları qanunlar, jurnalistlərin qəbul etdiyi əxlaq kodeksi, bazar iqtisadiyyatının prinsipləri tənzimləməlidir. Təəssüf ki, bu sahədə olan problemlər “qara piara” yol açır.
Mediada fakta söykənməyən radikallıq, söyüş dueti, bir-birini inkar cəmiyyətdə təkamül prosesinə olan inamı, qarşılıqlı etimadı azaldır. Hər bir kəsin, o cümlədən jurnalistin də siyasi partiyaya, liderə rəğbət bəsləməsi normal haldır. Lakin bu simpatiya jurnalistikanın prinsiplərinə, mahiyyətinə zidd olmamalıdır. Acınacaqlı haldır ki, Azərbaycan mediasında seçki qabağı daha kəskin şəkildə kimisə öymək, kimisə söymək tendensiyası dərinləşir. Bunun özü də həmin mətbu orqanın vəziyyətinin ağırlaşmasına gətirib çıxarır.
Bir məsələni də qeyd etmək istərdim. ABŞ-da "Vaşinqton Post" qəzetinin Respublkaçılar, "Nyu-York Tayms" qəzetinin isə Demokratlar partiyasına simpatiyası həmişə olub. Bu rəğbət, yaxınlıq qəzetin peşəkar nüfuzuna xələl gətirmir. Vaxtı ilə həmin ölkədə keçirilən dünyada ən bahalı, qalmaqallı Konqres seçkilərində adını çəkdiyimiz bu iki qəzet jurnalistikanın prinsiplərinə sadiq qalaraq obyektiv mövqe nümayiş etdirdilər.
İstənilən ekstremal şəraitdə, seçki proseslərində medianın tərəfsiz, qərəzsiz informasiya daşıyıcısı kimi hadisələrin fövqündə durması cəmiyyət üçün çox önəmlidir. Jurnalistin kiməsə rəğbəti, hətta siyasi yönümü onun professionallığına, peşə etikasına xələl gətirməməlidir.
Ümumiyyətlə, “qara piarı” yaradan səbəblər var. Ona diqqət yetirib aradan qaldırılmasına çalışmaq lazımdır. Dəfələrlə qeyd olunduğu kimi halal iqtisadi faktor, təmiz gəlir media, cəmiyyət üçün hər zaman aktual olub və olacaq.
Bəs, “qara piarın” yaranmasına hansı amillər şərait yaradır?
Birincisi, media sistemində sağlam iqtisadi maraqların, rəqabətin olmaması və qəzetlərin maliyyələşməsi prosesində şəffaflığın gözlənilməməsi, bir çox hallarda qəzet rəhbərliyi tərəfindən məsuliyyətin dərk edilməməsi “qara piara” yol açır.
İkincisi, faktların dəqiqləşdirilməsində problemlər olur. Hansısa sözügedən tərəfi axtarıb tamaq və həmin şəxsin mövqeyini öyrənmək, məsələyə aydınlıq gətirmək müşkülə çevrilir. Bəlkə də burada jurnalistin heç bir qərəzçiliyi yoxdur. Lakin yazı “qara piar” kimi qəbul olunur. İctimai fiqur, yəni cəmiyyətdə kifayyət qədər tanınan şəxs mediaya dözümlü və açıq olmalıdır. Onun haqqında mətbuatda gedən yanlış yazıya görə dərhal təkzib verə bilər. Təbii ki burada jurnalistin etik qaydalara nə dərəcədə əməl etməsi, onun hadisələrə nə dərəcədə peşəkar yanaşması da mühüm rol oynayır. Lakin ictimai fiqur adlandırdığımız şəxslər mediaya açıq deyilsə, onda problem daha dərinləşir.
Üçüncüsü, sifarışli və həddən artıq qərəzli yazıları qeyd etmək lazımdır. Həmin məqalələri oxuyanda məlum olur ki, hədəfdə kimdir. Təəssüf ki, bəzən heç bir fakta əsaslanmayan, kimisə aşağılamaq məqsədilə yazılan yazılara, mövzulara mediada rast gəlmək mümkündür.
“Qara piar” haqqında çox danışıb, səbəblər göstərmək mümkündür. Onu da unutmaq olmaz ki, problemlərdən çıxış yolu heç də az deyil. Bu məsələ kompleks yanaşma tələb edir.
Öncə Mətbuat Şurasının tərkibində geniş tərkibli bir komissiya yaradaraq "qara piar"la bağlı monitorinq keçirmək olar. Və bu işlə məşğul olan media quruluşlarının adını ictimaiyyətə təqdim etmək mümkündür.
Bundan əlavə qəzetlərin ideoloji və mövqe baxımdan uyğun gələnlərinin birləşməsini, səhmdar cəmiyyətlərə çevrilməsini gündəmə gətirmək olar. Bu da kollegial iqtisadi idarəetmə sisteminin yaranmasına, nisbətən şəffaf maliyyələşməyə təkan verər.
Digər tərəfdən media qurumlarının rəhbərləri arasında "qara piar"a yol verməməklə bağlı anlaşma sənədinin imzalanması mümkündür. İctimai mahiyyət kəsb edən bu saziş bəzi anlaşılmazlıqların aradan qaldırılmasına kömək edər.
Cəmiyyətdə hər bir kəsin doğru sözə ehtiyacı var. Lakin onu da unutmayaq ki, qərəzli, sifarişli yazını, məlumatı yayan mediaya sağ ol deyənlər çox az olur.
Belə bir məsəl var, Vətəni sevmək imandandır. Deməli, sadəcə olaraq hansı statusda, hansı vəzıfədə olmasından asılı olmayaraq hər bir məsələyə imanlı və vicdanlı yanaşma yetərlidir.