Modern.az

Rafael Hüseynov Strasburqdan yazdı - Vaqif Səmədoğlu, o dünyada Allahla necə görüşdün…

Rafael Hüseynov Strasburqdan yazdı - Vaqif Səmədoğlu, o dünyada Allahla necə görüşdün…

Ölkə

31 Yanvar 2015, 10:07

 

Əziz Vaqif Səmədoğlu ilə əbədi ayrılığın yandırıcı xəbəri bizi Strasburqda yaxaladı. Nə qədər gözəl günlərimiz keçmişdi burda! 
Özü də bilirdi, biz də agah idik ki, labüd gediş lap yaxındadır. Ancaq bu hissi nə o özü, nə də biz qəlbimizə, beynimizə yaxın buraxırdıq. 
Vaqif getdi, ömrümdən böyük, munis bir parça qopdu. 
Ürəkdəki Vaqif boyda boşluğun yerini bundan sonra nə doldura bilər ki!
Bir az eyni açılsın deyə Nizami muzeyində onun 75 yaşının bayramını keçirməyi qət etdik.

Halsız olsa da, razılıq verdi. Uşaqlığının, atalı günlırinin ötdüyü Nizami muzeyindəki həmin məclisdə Vaqif elə bil xəstəliyini, ağrılarını da unutmuşdu.  Bu onun kürsüdən ədəbi söhbətlər etdiyi son görüş idi. O gün son dəfə royal arxasına keçib improvizələr edirdi, son dəfə oxucuları qarşısında şeir oxuyurdu. son dəfə bu qədər köhnə dostunun hamısını bir yerdə görürdü. 
İctimai Televiziyanın rəhbəri Cəmil Quliyevdən xahiş etmişdim ki, həmin tədbiri bütünlüklə lentə alaq. Yazdıq, sonra 2 gecəmi sərf edərək montajı da bitirdim və xarici səfərə yola düşdüm.
Cəmil də ləngitmədən verilişi proqrama saldı ki, Vaqif özü də görsün. Hər dəqiqənin hökmü vardı.
Vaqif Səmədoğlu verilişə baxmışdı və onun zəngi mənə Frankfurt hava limanında çatdı. 
Bəyənmişdi, razılıq edirdi.
Çox illər öncə xarici şəhərlərdən Vaqiflə telefonla danışanda "mənə qara qələm al gətir" deyərdi.
Amma indi "filan ağrıkəsici dərmanı al" dedi.
Həmişə şux Vaqif Səmədoğlunun dilindən bu sözləri eşitmək çox ağır idi.
Ağrılarını özü ilə apararaq boş qalan yerinin bitməz ağrısını bizə yadigar qoydu...
... Bu bazar günü, fevralın 1-də saat 22.10-da İctimai Televiziyada həmin veriliş göstəriləcək. 
Daha Vaqif o verilişə baxa bilməyəcək.
Vaqif Səmədoğlunun məşhur bir şeirinə işarə ilə həmin verilişin adını "Qumru, saat neçədir?" qoymuşdum.
Böyük şair Vaqif Səmədoğlu, əziz Vaqif müəllim, istəkli qardaşımız!
İndi orada, getdiyin uzaqlarda saat neçədir, ümumən vaxt, zaman varmı orda?
Allahla necə görüşdün? 



Modern.az


Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı