Modern.az

Qloballaşma dövründə milli ailə dəyərləri...

Qloballaşma dövründə milli ailə dəyərləri...

Ölkə

8 Aprel 2015, 13:21

BDU-nun Jurnalistika fakültəsinin əməkdaşı,
doktorant


 İnkişaf etməkdə olan dövlətlərin Avropaya adaptasiyası kimi, Avropanın da Şərqə, xüsusilə müsəlıman-türk dövlətlərinə  inteqrasiyası zəruridir.

Ailə mənsub olduğu xalq, millət haqqında ilkin təsəvvürlər yaradır. Ailə həm də milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır. Ailə dəyərlərin uşaqlara köçürüldüyü əhəmiyyətli bir müəssisə, fərdin ilk təhsil və tərbiyəsini aldığı nüvə təşkilat,  şəxsiyyətin  və xarakterin formalaşdığı başlanğıc mühitdir.  

Sağlam ailə sağlam cəmiyyət deməkdir. Başqa sözlə, toplumun, dövlətin əsasını sağlam ailələr təşkil edir. Ailə cəmiyyətin bir nüvəsi isə, demək, ilk əvvəl təmiz cəmiyyətin toxumları da burada atılacaq. Bu gün qloballaşma və modernləşmə dövründə valideynlərin bu xüsusda üzərinə  çox böyük məsuliyyət düşür. Ailələr texnoloji və iqtisadi inkişaflar və xüsusilə qloballaşmanın gətirdiyi problemlərlə qarşı-qarşıyadır. Bu problemləri görməyən və qarşılaşdığı zaman həll edə bilməyən millətlərin ayaqda qalması, dəyərlərini, adət-ənənələrini gələcək nəsillərə ötütməsi sual altındadır. Milli və mənəvi dəyərlərdən hər gün birinin qloballaşmanın  pəncələrinə qurban edildiyi, sıradan çıxdığı dövrdə ailə mühitlərində yaşanan korlanma zamanla cəmiyyətin bütün seqmentinə yayılır. Sevgi, hörmət və güvən, ümumi mənafe yerinə qısqanclıq, ikiüzlülük, xəyanət, eqoizm kimi mənfi davranışlar ortaya çıxır. Sədaqət, ədalət, şəfqət və mərhəmət hisləri itdikcə, fərdlərin bir yerdə sülh, əmin-amanlıq və hörmət içində yaşamaları da mümkün olmur. Belə olduğu şəraitdə,  ana- ata keçmişə nisbətdə uşaq təhsilində və millətini təmsil etdiyi mövqedə daha çox məsuliyyət hiss etməyə məcburdur. Ailə təşkilatının cəmiyyətin ən təsirli formalaşdırıcı mövqeyinə yüksəlməsi səbəbi ilə ailənin bu məsuliyyətli vəzifəni icra etməsi üçün dövlət dəstəyi indiki vaxtda hər zamankından daha çox əhəmiyyət kəsb edir. Millət olaraq, əvvəlcə ailədən başlamaq üzrə, bəşəri dəyərləri milli və mənəvi dəyərlərdə yoğurub, keçmişindən və milli şəxsiyyətindən almış olduğu güclə gələcəyə etibarla baxan fədakar və əzmli, ənənələrə sadiq, eyni zamanda qul psixologiyasından uzaq-demokratik prinsiplərə sahib, sevgi və ədalət duyğusu uca olan gənclər yetişdirmək prioritetimiz olmalıdır. Hər şeyin maddiləşdiyi bir zamanda "təmiz cəmiyyət" quruluşunu yaratmaq üçün təpədən dırnağa əxlaqi, mənəvi mənada bir təmizlənməyə ehtiyacımızın olduğu şübhəsizdir.

Bu gün Qərb cəmiyyətində müşahidə olunan mənfi dəyişikliklər əxlaqi fəzilətlərdə böyük dəyərlərin itirilməsinə səbəb olmuşdur. Bu zərərin nəticəsində yox olan dəyərlərin kompensasiyası adına dünya millətlərinin bəziləri artıq ailə müəssəsini bir variant olaraq deyil, bir investisiya vasitəsi olaraq qəbul etməyə başlamışlar. Qlobal ölçüdə ailə həyatı zamanla ortaya çıxan innovasiyaların təhdidi altına girməkdədir: texnologiyanın inkişafı, millətlərin rifah səviyyəsinin yüksəlməsi, fərdiliyin artması, mənəvi dəyərlərin zəifləməsi kimi bir qisim farklılaşmalar ailə həyatının təməlini təsir altına almışdır. Demoqrafik problemin Qərbdə ümumi bir problem olduğu, elmin isə ailə quruluşunun cəmiyyətdə mövqeyi mövzusunda məlumat verə bilmədiyini danılmaz faktdır. Bu gün uzunömürlu, sağlam ailə modulu hazırlaya bilməyən, gender məsələsini “ çözərək” qadınlarını kariyerist edən Avropa, indi onları ailəyə bağlaya bilmir. Qloballaşma şəraitində, inkişaf etməkdə olan dövlətlərin Avropaya adaptasiyası kimi, Avropanın da Şərqə, xüsusilə müsəlıman-türk dövlətlərinə  inteqrasiyası zəruridir. Qərbin sağlam ailə sistemi yaratması üçün Şərq xalqlarının, türkdilli millətlərin, müsəlman cəmiyyətlərinin ənənələrini, milli-mənəvi dəyərlərini, əxalaqi normalarını mənimsəməsi və tətbiq etməsi labüddür. Çünki müsəlman-türk cəmiyyətinin ən önəmli dəyəri başqasını xoşbəxt etməyə əsaslanır. Şəxsi azadlıqdan, individuallıqdan imtina edib başqasının xoşbəxtliyini hədəfləməyə yönəlir. Ailə təməlinin xilası da budur: başqalarını özündən çox sevmək və sevdiklərini özündən çox düşünmək...

Əgər ailənin təməli düzgün qurularsa, onun “xəstələnmək”  və dağılmaq təhlükəsi də az olar. Bəs ailə qurarkən hansı şərtlət önəmlidir?

Ailə sevgi üzərində qurulmalıdır, fərdi xoşbəxtlik ümumi mənafedən üstün olmamalıdır, nikaha daxil olan tərəflərin intellekt və dünyagörüşlərində ümumilik olmalı, mədəni  səviyyələri üst-üstə düşməlidir, sosial statusları, iqtisadi durumları uyğun olmalıdır və s.

Fikrimcə,  iki şəxs ayri-ayri yaşaya bilmədiklərini dərk etdikdə nikaha girməli, birgə yaşamalıdırlar. Sevgi zamansız və plansız olduğu üçün  hər kəsin ailə həyatı sevgi üzərində qurulmur.  Lakin birgəyaşayış dövründə rəğbət və böyük hörmət hissi bütünləşərək sevgiyə çevrilir. Uzunömürlü, sağlam ailənin qurulması üçün kişinin və qadının həyata baxışları, mədəni səviyyələri bir-birini tamamlamaqla yanaşı tərəflər arasınsa məsuliyyət və sayğının mövcud olması mütləqdir! Bəzən sevgi ilə cazibə, ehtiras hislərini ayırd edə bilməyən gənclərin nikahının ömrü ehtirasın müddəti qədər olur.

Ailə qurmaq da, dağıtmaq da asandır, lakin onu həyatın sınaqlarından keçirib  yaşatmaq çətin və şərəfli vəzifədir. İnsan həyatının mühüm mərhələlərindən olan evlilik mahiyyət və keyfiyyət etibarilə həm də ciddi məsuliyyət tələb edir. Ailənin parçalanması ruhi və ictimai dəyşikliklərə səsbəb olur. Bu vəziyyətdə ən böyük  acını uşaqlar çəkir. Eqoizm və fərdi xoşbəxtlik hissinin ümumi mənafedən üstün olması boşanmaya səbəb olan mənəvi xəstəliklərdən biridir. Başqalarının fikirini heçə saymaq, hər zaman “mən” demək  “biz” anlayışını pozar. Qarşısındakını xoşbəxt edən şeylərə qadağa qoymaq, inamsızlıq insanı  yalnızlaşdırar.  Təəssüflər olsun ki, Azərbaycan cəmiyyətində bəzən müasir görünüşlü, lakin Məşədi təfəkkürlü gənclər nikaha girdikdən sonra (ailənin məhəbbət üzərində qurulmasına baxmayaraq) qadına qadağalar qoyur, onun özünü qəbul etdiyi halda sənətini, peşəsini qəbul etmir, onu tükəzbanlığa məhkum edir. Ailə qurduqdan sonra gənclərdə belə simptomların yaranmaması üçün tərəflərin dünyagörüşündə ümumilik, demokratik düşüncə tərzi, mədəni səviyyə, hörmət və qayğı kimi mənəvi keyfiyyətlər yüksək olmalıdır.

Qloballaşma dövründə Qərb tendensiyasının beyinlərinə yeridiyi şəxslər bir şeyi unutmamalıdırlar ki, insan həm də sosial varlıqdır. Onun dünyaya gəlməsi, fərd kimi yetişməsi üçün isti bir ailənin mövcudluğu mütləqdir. Fərdin şəxsiyyətə çevrilməsi üçün də ailə ilkin mərhələdir. İnsan yaşadığı cəmiyyətin dəyərlərinə hörmət etməlidir. Əgər yeni birisini kəşf edə bilmiriksə, köhnəni silmək olmaz. Qloballaşmanın məhv etdiyi dəyər cəmiyyətin eroziyasıdır.

Azərbaycan ailəsində də kişi başçı, ailənin iqtisadi dayağıdır. O, qərarverici, idarəedici, nəzarətedici kimi funksiyaları yerinə yetirir. Lakin məsuliyyətin ağırlığı əsasən qadının çiyinlərinə düşür. “Yuvanı dişi quş qurur” fikri də buradan qaynaqlana bilər. Qadının dözümü və müdrikliyi ailəni qoruyur. Azərbaycan qadını bu milli xüsusiyyəti- güzəştə getmək bacarığı, fədakarlığı ilə Avropa qadınından çox fərqlənir.

Ailə dəyərlərimizi xarakterizə edərkən burada övlad sevgisinin xüsusi önəm daşıdığını görürük. Azərbaycan ailəsində övlada olan sevgi, bəlkə də, dünyanın heç bir xalqı ilə müqayisə olunmayacaq qədər güclüdür. Zənnimcə, Azərbaycan ailəsinin üzunömürlüyünün əsas səbəblərindən biri də budur. Ailənin mənəvi şəxsiyyətinin təşəkkülündə, təbii ki, ilk növbədə ata-anaya böyük vəzifələr düşür. Fədəkarlıq, öncə başqalarını düşünmə, eqoizmdən uzaq davranış, hörmət, sevgi, yardım etmək, səbir göstərmək  və s. xüsusiyyətlər mənəvi şəxsiyyəti yetişdirir. Mənəvi şəxsiyyətin meydana çıxmadığı ailələrdə təbii ki, maddi ünsürlər ön plandadır. Ailənin yaşaması, ayaqda durması üçün iqtisadi dayağı önəmli olsa da, təkcə  pul, mövqe, gözəllik, şöhrət kimi maddi amillər ailəni bir yerdə tuta bilməz. Çünki maddi elementlərin  heç biri daimi deyil, ailənin gerçək bir ailə olması üçün burada mənəvi  dəyərlərin hakim olması mütləqdir.

Qeyd etdiyim kimi, ailə birgə yaşayışın ilk modeli olaraq xoşbəxtlik qaynağı,  millətin həyatı baxımından müqəddəs bir dəyər və təməldir. Bu təməlin düzgün qurulması, bu dəyərin yaşadılması üçün müasir Azərbaycan ailəsi həm novator, həm də konservator olmalıdır. O, zamanın sınaqlarından keçib bu gün də mövcud olan ailə dəyərlərimizi mühafizə etməli, yaşatmalı, böyüyə hörmət, kiçiyə diqqət, mərhəmət kimi amilləri üstün tutmalıdır. Eyni zamanda, demokratik prinsipləri qavramalı, zamanın, dövrün nəbzini tutub müsbət ənənələrimizə zərbə vurmayacaq yenilikləri qəbul etməli, fərdlərin müstəqil düşüncə tərzinə, seçiminə qadağalar qoyulmamalıdır.

Ailə dəyərlərimizin təbliğində ictimai rəyi formalaşdıran KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür. Milli-mənəvi dəyərlərin təbliği ictimai və dövlət televiziyalarının başlıca fəaliyyət prinsiplərinə daxil olduğundan bunu görmək olar. Lakin özəl telekanallarda ailə dəyərlərimiz demək olar ki,  təbliğ olunmur. Şou və reklam dalınca qaçan TV kanallar sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ hissəsini nümayiş etdirirlər. Halbuki Azərbaycan cəmiyyətinin nümunəvi ailələri müqayisə olunmayacaq dərəcədə üstünlük təşkil edir və bu nisbətdə qat-qat çoxdur. Düzdür, ailələrin problemlərini işıqlandırmaqla cəmiyyətin qüsurlarını göstərmək olar, lakin burada balans pozulmamalıdır. KİV-in dünyaya inteqrasiyası, əhatə dairəsi nəzərə alınaraq, xalqı təmsil edən ailələrin həmin xalq haqqında rəy formalaşdırması unudulmamalıdır. Media həm də müxtəlif sosial təbəqələrdən olan sağlam fikirli, adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaşadan nümunəvi ailələri göstərməli, təbliğ etməlidir. Və bu tip ailələrin mükəmməlliyinin, uzunömürlüyünün sirlərini açmaqla yeni həyat quracaq gəncləri maarifləndirmiş ola bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı