
Xizək sürərkən yıxılaraq ciddi yaralanan “Formula 1” yarışmasının keçmiş pilotu Mixael Şumaxerin daha əvvəl müalicə aldığı Fransadakı Grenoble xəstəxanasındakı sənədlərini oğurlamaqla günahlandırılan şübhəli intihar edərək dünyasını dəyişib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Sürix Kantonu Prokurorluğundan verilən açıqlamada, dünən həbs olunan şübhəlinin bu gün qaldığı kamerada özünü asdığı bildirilib. Açıqlamada adı açıqlanmayan şəxsin İsveçrə helikopter şirkəti “Rega” da rəhbər kimi çalışdığı məlum olub. Prokurorluq açıqlamasında ilk araşdırmalara görə, ölümə başqa bir adamın səbəb olma ehtimalının olmadığını da vurğulayıb.
Şumaxer komadan çıxandan sonra iyunun 16-da Fransadakı Grenoble xəstəxanasından İsveçrədəki Lozanna Universiteti Xəstəxanasına köçürülüb. 45 yaşındakı yeddiqat denya çempionunun köçürmə əməliyyatları zamanı helikopter şirkəti “Rega” ilə də təmas qurulub. Fransız qəzeti “Le Dofine Libere" iyulun əvvəllərində, Şumaxerin sənədlərinin Avropadakı media qurumlarına təxminən 67 min 200 dollar qarşılığında təklif edildiyini və təklifin Sürix mərkəzli “Rega” helikopter şirkətinin IP ünvanlarını istifadə edən bir kompüterdən gəldiyini bildirmişdi.
Fransadakı Grenoble xəstəxanasının rəsmiləri də alman idmançının xəstəliyi ilə bağlı sənədlərin oğurlanması ilə əlaqədar prokurorluğa cinayət işi açılması üçün müraciət etmişdi.Modern.az