Modern.az

Universitetlərdə imtahanlar nə vaxt başlayır? - SORĞU 

Universitetlərdə imtahanlar nə vaxt başlayır? - SORĞU 

Təhsil

Bu gün, 11:22

Azərbaycanda ali təhsil müəssisələrində 2025/2026-cı tədris ilinin yaz imtahan sessiyasının başlanmasına sayılı günlər qalır. Yay imtahan sessiyasının yaxınlaşması ilə ali məktəb tələbələri arasında imtahanların başlanma və yekunlaşma tarixləri ilə bağlı maraq artıb. Xüsusilə bəzi universitetlərdə imtahan cədvəllərinin sessiyaya az müddət qalmış açıqlanması tələbələrin bu məsələyə diqqətini daha da artırır.

Modern.az mövzunun aktuallığını nəzərə alaraq bir sıra ali təhsil müəssisələri arasında yaz imtahan sessiyasının başlanacağı tarixlərlə bağlı sorğu keçirib. 

Azərbaycan Dövlət İqtisad Universitetindən sorğumuza cavab olaraq bildirilib ki, yaz imtahan sessiyası iyunun 1-dən başlayacaq və ayın sonunadək davam edəcək.

Bakı Ali Neft Məktəbindən (BANM) verilən məlumata görə, bu ali məktəbdə imtahan sessiyası digər universitetlərdən fərqli şəkildə təşkil olunur. Belə ki, yaz semestrinin imtahan sessiyası artıq yekunlaşıb. İyun ayından etibarən tələbələr istehsalat təcrübəsinə yollanacaqlar. Qeyd olunub ki, təcrübə proqramları tələbələrin nəzəri biliklərini real iş mühitində tətbiq etmələri, peşəkar bacarıqlar qazanmaları və sənaye təcrübəsi əldə etmələri baxımından mühüm əhəmiyyət daşıyır. Ümumilikdə, 2082 tələbə imtahan prosesində iştirak edir.

Azərbaycan Tibb Universitetindən (ATU) bildirilib ki, bakalavr və magistratura pillələri üzrə imtahan sessiyası iyunun 1-dən başlayacaq. İmtahan sessiyası məzun kursları istisna olmaqla digər kurslar üçün 2 iyul 2026-cı il tarixinədək davam edəcək. Məzun kurslarında yekun qiymətləndirmənin müddəti isə 8 iyul tarixinədək keçirilməsi nəzərdə tutulub. Həmçinin 2 iyul tarixində imtahan sessiyası başa çatdıqdan sonra üzrlü səbəbdən imtahanda iştirak etməyən və ya kredit borcu yaranan tələbələr üçün 7-9 iyul tarixlərində təkrar imtahanların keçirilməsi planlaşdırılır. Məlumata görə, 7541 nəfər tələbənin imtahan prosesində iştirak etməsi nəzərdə tutulur.

Azərbaycan Dillər Universitetindən (ADU) bildirilib ki, yaz semestrinin imtahan sessiyası 1 iyun 2026-cı il tarixindən başlayacaq və 5 həftə davam edəcək.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) verilən məlumata görə, imtahan sessiyası 1 iyun tarixində başlayacaq və 3 iyulda başa çatacaq. İmtahanların 25 faizinin avqust ayında keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AZMİU) bildirilib ki, 2025/2026-cı tədris ilinin yaz imtahan sessiyası iyunun 1-dən başlayacaq və iyulun 3-dək davam edəcək. İmtahanlar yazılı, test üsulu və qabiliyyət tələb edən fənlər üzrə ənənəvi qaydada təşkil olunacaq.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) isə imtahan sessiyası 1 iyun - 3 iyul tarixlərində keçiriləcək. Sessiyada təxminən 2441 bakalavr, 304 magistr və 45 SABAH qrup tələbəsinin iştirakı nəzərdə tutulur.

Lənkəran Dövlət Universitetindən (LDU) isə bildirilib ki, imtahan sessiyası 2 iyun - 2 iyul tarixlərində keçiriləcək. Tədris planına uyğun olaraq bütün ixtisas və alt qruplar üzrə fənləri dinləyən tələbələr imtahanlarda iştirak edəcəklər. Universitetdə tələbələr imtahan tarixini, gününü və saatını elektron formada özləri seçirlər və imtahan saatınadək dəyişiklik etmək imkanına malikdirlər. Bu səbəbdən sessiyada iştirak edəcək tələbələrin dəqiq sayı hələ müəyyənləşməyib. Qeyd olunub ki, universitetdə ümumilikdə 7 minə yaxın tələbə təhsil alır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı