Modern.az

Vitse-spiker ailəsinin fırıldaqları...

Vitse-spiker ailəsinin fırıldaqları...

Education

19 Sentyabr 2014, 13:02



Bir qrup rusiyalı blogger Soçi şəhərində inşa olunan qalmaqallı göydələnlə bağlı maraqlı faktlar əldə edib. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, şəhərin Kurort prospektində tikilən 13 mərtəbəli bina Soçinin ümumi görünüşünə xələl gətirdiyi üçün məhkəmə onun sökülməsi barədə göstəriş verilib. Lakin az sonra məhkəmə qərarını dəyişərək göydələni “əfv” edib. Rus bloggerlər müəyyən ediblər ki, 13 mərtəbəli göydələnin tikintisini Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin həyat yoldaşı Qalina Lebedevaya məxsus şirkət sifariş verib. Blogger Aleksandr Valov hesab edir ki, “Raritet” Açıq Səhmdar Cəmiyyətinin sahibi olan Lebedeva göydələnin sökülməməsi üçün ərinin nüfuzundan istifadə edib.   

Buna sübut olaraq Valov bu ilin aprelində Dövlət Dumasının fraksiyaları ilə görüş keçirən Vladimir Putinə Jirinovskinin şikayətini xatırladır:

“İnsanlar banklardan kredit götürərək bina tikirlər. İndi isə məhkəmənin qərarı ilə tikdiklərini dağıtmalıdırlar. Biz insaları müflis edirik. Tikililəri rahat buraxın. Ola bilsin ki, inşaat işləri müəyyən qaydaları pozmaqla gerçəkləşir, amma evləri sökmək nəyə lazımdır?”.



Maraqlıdır ki, ötən il Jirinovski ailəsi ilə bağlı daha bir qalmaqal yaşanmışdı. Onun deputat kimi 2012-ci ildə açıqladığı gəlir bəyannmaməsində həyat yoldaşının gəlirləri göstərilməmişdi. 2013-cü ilin aprelində Jirinovskinin deputat həmkarı İlya Ponomaryov Dumanın maliyyə komissiyasına göndərdiyi sorğuda Liberal-Demokrat Partiyası sədrinin həyat yoldaşı ilə “saxta yolla boşanaraq” xanımı Qalina Lebedevanın gəlirlərini gizlətmək istədiyini söyləmişdi.  Doğurdan da, bundan 1 il öncə - 2011-ci ildə  prezident seçkilərinin iştirakçısı kimi Jirinovskinin gəlir bəyannaməsində öz həyat yoldaşının gəlirlərini də göstərmişdi. Bəyannamədə Jirinovskinin deputat maaşı və QAZ-21 markalı avtomobilindən başqa heç bir əmlakının olmadığı göstərilirdi. Əvəzində həyat yoldaşının 16 torpaq sahəsinə, 2 həyət evinə, 3 mənzilə və 2 xarici maşına (Smart və Mercedes-Benz S klass) sahib olduğu göstərilirdi.

Bununla bağlı mətbuata açıqlamasında isə qalmaqallı siyasətçi həyat yoldaşı ilə 1971-ci ildən qeyri-rəsmi yaşadığını, 1996-cı ilin fevralında isə “kilsə nikahı”na daxil olduğunu və məhz buna görə gəlir və əmlak bəyannmaəsində xanımının yer almadığını iddia edib. İlya Ponomaryovu böhran atmaqda ittiham edən Jirinovski mənəvi təzminat kimi 50 min rubl da qazanmışdı.

Vladimir Jirinovskinin yeganə oğlu İqor Lebedev ilə bağlı da qalmaqal yaşanmışdı. Bu ilin əvvəlində korrupsiyaya qarşı mübarizə qeyri-hökumət təşkilatının rəhbəri Aleksey Navalnıy İqor Lebedevin Dubayda dəbdəbəli mənzilə malik olması barədə sənədlər yayıb. Dubaydakı əmlak agentliklərindən birindən əldə edilən sənədlərdə Lebedevin şəxsiyyət vəsiqəsinin surəti də yer almışdı. 2009-cu ildə alınan mənzilin 2,5 milyon dollar məbləğə başa gəldiyi deyilirdi. Botanika qülləsində yerləşən mənzilin 5 yataq otağı, 7 ayaqyolu və cakuzi ilə təchiz olunması da verilən məlumatlar arasında idi.

İqor Lebedev isə bu iddialara atasının ruhunda cavab vermişdi: “Mən bu debilin (Navalnıy-red.) dediklərini şərh etməyəcəm”.

 
Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı