“Bu gün bəziləri Yerevanda bir qrup silahlı dəstənin polis qərargahına hücumunu nəzərdə tutaraq deyir ki, Ermənistanda çevriliş baş verir. Amma bunu hələ ki tam çevriliş kimi qiymətləndirmək düzgün deyil. Çünki çevriliş belə olmur” .
Bu barədə Modern.az-aYerevanda iyulun 17-dən başlayan və hələ də davam edən silahlı qarşıdurmanı şərh edən araşdrımaçı-jurnalist Qafar Çaxmaqlı deyib.
O, bildirib ki, aksiyaların səbəbi Jirayr Sefilyan və Serj Sarkisyan qruplaşmalarının hər ikisi quldur dəstələridir:
““Sardarabad” təşkilatının rəhbəri Jirayr Sefilyanın həbs olunması bir qrup müxalifətçinin qıcıqlanmasına səbəb olub. Çünki o Qarabağ müharibəsinin qəhrəmanı sayılır.
Onu azad etmək üçün tərəfdarları, silahlı quldur dəstələri hökumətə tab olmayan döyüşmüş veteranlardır. Onlar polis idarəsini tutublar. Amma əslində Sarkisyan hakimiyyətinin özü də qanunsuz kriminal rejimdir.
2008-ci ildən hakimiyyəti zor və qəsd gücünə ələ keçirən Sarkisyan hakimiyyəti işğal etmiş bir qrupun başında dayanır. Yəni bu gün əslində Yerevanda bu iki terrorçu qruplaşma arasında konflikt yaşanır”.
Qafar Çaxmaqlı qeyd edib ki, əslində baş verənlərdən Sarkisyan heç də narahat deyil, çünki o, ordu və polisə çox arxayındır.
Araşdırmaçı hesab edir ki, Yerevanda baş verənlərdə hansısa xarici qüvvələrin marağı ola bilməz:
“Sarkisyan isə baş verənləri çox soyuqqanlı qarşılayır. Çünki onun ordudan və polisdən beli çox bağlıdır.
Xaricdən bu proseslərə hər hansı müdaxilənin olmasını düşünmürəm. Çünki Sarkisyan hakimiyyətini formalaşdıran Rusiyadır. Bu baxımdan Rusiyanın hadisədə barmağı ola bilməz.
Amerikanın isə Yerevana təsiretmə imkanları çox da geniş deyil. Bu aksiyaların Ermənistanın bütün ərazisinə yayılması ehtimalı çox azdır. Ordu və polis Sarkisyana tam tabedir, onlar hakimiyyətə qarşı çıxmır.
Əgər hansısa çevriliş olsa, bunun qarşısı alınacaq. O adamlar, aksiya edənlər elə düşünürlər ki, Qarabağda vuruşublarsa, xalq onları dəstəkləyəcək. Amma istənilən halda həbslər arta bilsə, xalq küçələrə çıxa bilər”.
Xatırladaq ki, iyulun 17-də səhər saatlarında bir neçə silahlı şəxs Ermənistan polisinin patrul-post alayının ərazisinə daxil olub və zor tətbiq etməklə oradakı polisləri girov götürüb. Əvvəlcə 6 polisi girov götürən silahlı qrup bu gün səhər bir nəfəri azad edib.
Dəstə həbsdə olan müxalifət lideri Jirayr Sefilyanın azad edilməsini və hökuməti buraxmağı tələb edib. Dəstə ilə atışma zamanı bir polis əməkdaşı ölmüş, 3-ü yaralanmışdı.
Silahlı qrupun başçılarından biri Varujan Avetisyan prezident Serj Sarkisyanın istefası tələbindən də imtina etmədiklərini vurğulayıb.
Ağa AKİFOĞLU