Hər gün inkişaf edən Azərbaycanın inkişafında gənclərin rolu önəmlidir. Gənclər öz bilikləri, bacarıqları Azərbaycanın inkişafına əllərindən gələn dəstəyi verilər.
Modern.az saytı işğal olunmuş bölgələrimizlə bağlı sosial şəbəkələrdə səhifələr yaradan, bir sözlə həmin bölgələri yaşadanlarla bağlı rubrikaya davam edir.
“Qarabağı yaşadanlar”ın növbəti müsahibi “Şuşa” səhifəsinin qurucusu Tural Əhmədbəyovdur.
- Tural bəy, zəhmət olmasa özünüz haqqınızda məlumat verərdiniz.
- 1991-ci ilin aprel ayında Şuşa şəhərində anadan olmuşam. Məlum hadisələrlə bağlı Bakıda məskunlaşmışıq. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olmuşam.
- Bəs, “Şuşa” səhifəsini necə oldu ki, yaratdınız?
- “Şuşa” səhifəsini 2010-cu ildə, şuşalılar, Şuşa sevərlər və Şuşamızı tanıtmaq üçün yaratdı. Məqsədim atəşkəs illərində gedən informasiya müharibəsində kiçik də olsa ölkəmizə dəstək olmaqdır. Səhifəmizdə nostalji şəkillər, Şuşanın yeni şəkilləri, şuşalı dahilər haqqında və vacib informasiyalar paylaşırıq.
Bir sözlə, “Şuşa” sırf hisslərlə açılan bir səhifədir.
-Azərbaycanın ən gözəl guşələrindən biri olan Şuşanı təbliğ edən facebook səhifəsinin yaradıcısınız. Bu ağır yükün öhdəsindən gələ bilirsinizmi?
- Çalışırıq, amma öhdəsindən nə qədər gəlirik, onu deyə bilmərəm.
- İşləriniz səhifəni idarə etməyə mane olmur ki?
- Əvvəllər bu işdə kömək edən insanlar var idi, indi isə səhifənin idarəsi tək məndədir. Gənclərdən bu işdə mənə kömək edən olsa, sevinərəm.
- Səhifəniz zamanla böyüyüb, rayonun tanınmış adamlarının sizə dəstəyi olurmu?
- Xaricdə yaşayan həmvətənlərimiz bizə mesajla müraciət edərək, əllərindən gələn köməyi edə biləcəklərini bildirmişdilər. Bunu deməkləri belə, bizə dəstəkdir.
- Əsasən kimlər dəstək verir sizə?
- Bizə dəstək verənlər, bizim səhifə izləyiciləridir. Onları bizim səhifədən razılığı bizi motivasiya edir.
- Səhifə ilə bağlı çətinlikləriniz olurmu? İşlərinizdən vaxt ayıra bilirsiniz səhifəyə?
- Bəli, olur. Ona görəd ə bizimlə birgə Şuşanın adını yüksəkdə saxlamaq istəyən gənclərin bizə köməyi vacibdir.
- Səhifənizdə hansı önəmli işlərə imza atmısınız?
- Bu günə kimi etdiklərimizi önəmli adlandırmazdım. Bacardığımızı və əlimizdən gələni etməyə çalışırıq. Bizim səhifəmiz vasitəsi ilə önəmli işlər görməyə potensialı olan gənclər axtarırıq.
- Səhifənin işini əngəlləyən, işinə mane olan, qısqanclıqla yanaşan olubmu?
- Əngəlləyən və facebook üzərindən şikayət edən bir çox erməni istifadəçilər olur. Bizi motivasiya edən amillərdən biri də budur.
- Səhifə izləyicilərinizlə görüşlər təşkil edirsinizmi?
- Bu günə kimi olmayıb.
- İzləyiciləriniz sizi qane edirmi? Onlarda bəyənmədiyiniz məqamlar nədir?
- İzləyicilərimizin bizdə bəyəndiyi məqamlar olsun yetər. Biz onları seçmirik, onlar bizi seçir.
- İzləyicilər sizə müraciət edir? Əsasən hansı mövzu ilə bağlı?
- Bəli, edir. Əsasən linklər və ya fotoşəkillər göndərirlər, paylaşım üçün.
- Necə düşünürsünüz, izləyicilərinizin rəğbətin qazana bilmisiniz?
- Bu barədə səhifə izləyicilərimiz deyə bilər.
Qafar Ağayev
p.s. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Sosial mediada etik normalar və milli-mənəvi dəyərlərin qorunmasında medianın rolunun artırılması” layihəsi çərçivəsində dərc olunur.