Modern.az

Yol polisi ilk dərs günü problem yaşadı - AÇIQLAMA

Yol polisi ilk dərs günü problem yaşadı - AÇIQLAMA

Aktual

15 Sentyabr 2016, 12:54

Bu gün Azərbaycanda yeni dərs ili başlayıb. Bu səbəbdən yollarda əvvəlki günlərdən fərqli olaraq nəqliyyatın sıxlığı müşahidə olunur. Söhbət paytaxt  yollarından gedir. Bəs yollarda yaranan sıxlıq necə tənzimlənir?

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az-a açıqlamasında paytaxtdakı sıxlıqla bağlı bunları deyib.

“Dərs gününün başlanması ilə əlaqədar yollarda intensivlik artıb. Azyaşlılar, tələbələr dərsə, müəllimlər işə gedir. Bu intensivliyi nəzərə alaraq, məktəblərə yaxın yol kənarında avtomobillərin saxlanmasının  qarşısını almağa çalışırıq. Çünki avtomobillərin qanunsuz yerlərdə saxlanılması tıxaclara yol açır. Hələ ötən il də Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin paytaxta girişinə müəyyən məhdudiyyətlər tətbiq edilmişdi. Bu məhdudiyyətlər hələ də qüvvədədir. Ona nəzarət bu ilin sentyabr ayının 15-dən daha da gücləndirilib. Çünki həmin müddətdə şəhərə axın da çoxdur. Bunların hamısını  sürücülərin diqqətə almasını tövsiyə etmişdik. Sağ olsunlar ki, bunu nəzərə alanlar da var, almayanlar da. İnsafsız sürücülərimizin sayı bir qədər artıq olanda nəqliyyatda sıxlığın yaranmasına gətirib çıxarır”.

Kamran Əliyev yeni dərs ili ilə bağlı yollarda ciddi problemin olmadığını xüsusi vurğulayaraq deyib ki, nəqliyyatın tənzimlənməsi mütəmadi baş verəcək.

“Bu il elə də ciddi problem yoxdur. Hər il sentyabrın 15-də bir günlük yaşanan anları bu il də yaşayırıq. Düşünürük ki, bu məsələyə sürücülərimiz bir az diqqətlə yanaşacaqlar və sıxlığın aradan qaldırılmasında yol polisinə yaxından kömək edəcəklər. Nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı daim yol polisi tərəfindən işlər görülür. Nəqliyyatın intensiv hərəkət etdiyi yollarda əməkdaşlarımızı  müşahidə etmiş ola bilərsiniz. Əməkdaşlarımız nəqliyyat vasitələrinin qanunsuz yerlərdə dayanmasına icazə vermirlər ki, yollarda sıxlıq yaranmasın. Sözsüz ki, bu işlər sıxlığın ən gur olan vaxtı- həm səhər, həm də axşam vaxtlarında həyata keçirilir. Bir sözlə, yol polisi nəqliyyatın rahat və təhlükəsiz  hərəkətini tənzimləyir. Bu, sıxlıq yarana biləcək bütün ərazilərdə təyin olunub. Xidmət davam etdirilir. Bu bir gün yox, mütəmadi olacaq”.

 

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı