Yanvarın 17-də Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvləri ilə Gürcüstan parlamentinin vitse-spikeri F.Toduanın başçılıq etdiyi nümayəndə heyətinin üzvləri arasında görüş keçirilib.
Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Qənirə Paşayeva ilk öncə bildirib ki, onun rəhbərlik etdiyi qrup tərkibinə görə Milli Məclisin ən böyük parlamentlərarası dostluq qruplarındandır. Onun sözlərinə görə, bu, Milli Məclis rəhbərliyinin və millət vəkillərinin Gürcüstana və bu ölkənin parlamentarilərinə necə böyük önəm verdiyini göstərir:
“Azərbaycan rəhbərliyi Gürcüstanla münasibətlərə necə böyük önəm verir. Eyni zamanda, Gürcüstan rəhbərliyinin də Azərbaycanla münasibətlərə böyük önəm verdiyini qeyd etmək olar. Bu, bizim üçün böyük örnəkdir”.
Q.Paşayeva vurğulayıb ki, Azərbaycan- Gürcüstan münasibətləri sadəcə, qonşuluq və dostluq münasibətləri deyil, bu, ən yüksək səviyyədə olan strateji müttəfiqlik və dostluq münasibətləridir: “İki ölkə arasında əlaqələrin daha da inkişaf etməsi naminə biz parlamentarilər də öz töhfəmizi verməliyik. Mən bu yerdə Gürcüstanın səfirinin rolunu xüsusi qeyd etmək istərdim. O, öz fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin, xüsusilə parlamentlərarası əlaqələrin daha da inkişaf etməsi naminə çalışır”.
Millət vəkili bu baxımdan iki ölkənin parlamentləri arasında münasibətlərin daha da yüksələn xətlə inkişaf etdirilməsi üçün işlərin gücləndirilməli olduğunu deyib:
“Bu görüşdən öncə söhbətimiz zamanı da qeyd etdiyimiz kimi, dünyamız, regionumuz getdikcə daha da mürəkkəbləşir. Proseslər daha da qəlizləşir. Ona görə də iki qonşu və dost dövlət kimi bizim bir-birimizə daha güclü dəstək verməyimiz lazımdır. Məhz bu qarşılıqlı dəstəyin sayəsində problemlərdən birlikdə çıxa bilərik.
Bizi ortaq tarix, ortaq dəyərlər birləşdirir. Azərbaycan və gürcü xalqları arasında heç zaman ciddi problemlər yaşanmayıb. Amma bütün problemlərimiz və dərdlərimiz də eynidir. Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü pozulub, 20% torpaqlarımız işğal altındadır. Eyni zamanda, Gürcüstan da ərazi bütövlüyünün pozulmasından əziyyət çəkir. Cənubi Osetiya, Abxaziya kimi ciddi problemlər var. Bunları da həll etmək üçün bizim daha güclü şəkildə biri-birimizə dəstək verməyimizə ehtiyac var”.
Gürcüstan parlamentinin vitse-spikeri F. Todua öz növbəsində qeyd edib ki, Azərbaycana səfər etməklərindən məmnundur: “İki ilə yaxındır ki, Bakıda olmamışdım. İndi görürəm ki, bu iki il ərzində də şəhəriniz daha da gözəlləşib, adablaşıb. Qeyd etmək istərdim ki, biz həmişə bir olmuşuq. Bundan sonra da bütün problemlərimizdə və sevinclərimizdə də birgə olacağıq. Həmişə demişəm ki, Azərbaycan və gürcü xalqları arasında problemlər olmayıb. Xırda məsələlər olub ki, onu da hər iki xalq çox sakit şəkildə həll edib. Biz təkcə strateji tərəfdaşlar deyilik, biz eyni zamanda, yaxın dostlarıq. Azərbaycan xalqını həmişə sevmişik və sevəcəyik”.



Modern.az