Modern.az

“Lolabağırlı”  toponimi haqqında

“Lolabağırlı”  toponimi haqqında

Aktual

13 İyul 2019, 10:11

Qarabağ və Murov dağlıq silsilələrinin sərhəddinə yaxın, Laçın-Kəlbəcər avtomobil yolunun Şəlvə  və  Pirsəniş çayları mənbəyinə yaxın yerindən keçən hissəsində  Laçın rayonu hüdudlarında yerləşən Lolabağırlı, Qorçu, Oğuldərə, Qarabəyli  kəndlərinin mənzərəsi gözoxşayan və maddi-tarixi keçmişi isə xeyli zəngindir.

 

Bu yüksəklikdən haralar görünmür – Araz çayı sahilləri, Naxçıvan əraziləri, Zəngəzur mahalları, Qarabağın dağlığı da, aranı da... Və bu hissədə Kəlbəcər nahiyəsinin  İldırımdağ (2242 m) və Mıxtökən (2623 m) silsilələrinin ətəklərindəki  Qazıxanlı, Qaraxançallı, Çovdar, Taxtabaşı, Yenikənd  kəndlərinə də ... “əl uzatsan çatar”.

 

  Qədim türk yurdunun tarixi keçmişini özündə yaşadan bu kəndlərin hər biri (eləcə də bölgənin digər  yaşayış məntəqələri) təbii və maddi irs zənginliyi ilə fərqlənir. Bu baxımdan Lolabağırlı kəndi istisnalıq təşkil etmir. Təqribən  1780-ci illərdə  Osmanlı imperiyasının Qars mahalında tərəkəmə həyatı yaşayan Bağır Sultanəhməd oğlu yeni ərazilər (otlaq sahələri) ələ keçirmək məqsədilə 2 oğlu, 1 qızı və bacı-qardaşı ilə birlikdə kiçik dağ çayının (sonralar bu çay da Lolabağırlı çayı adlanıb) üstündəki  “Qara bulaq” yerindən yuxarıda binə qurmuşdur. Ətrafda, 5-6 km-lik həndəvərdə qış otlağı üçün xam yerlər də saxlayıb ki, oralara “namlı-bulamalı yer” deyilib. Bağır Məhəmməd oğlunun bir oğlu güclü-qüvvətli olduğundan Gəncə hakimi Cavad xanın  7 pəhlivanından biri olub. Çar Rusiyasının Tiflis şəhərində qərarlaşmış Qafqaz Ordusunun komandanı, gürcü knyazı-general Pavel Sisiyanovun Gəncə xanı Cavad xan Ziyad xan oğlunun (1748-1804) qoşunu üzərinə 1804-cü ildə etdiyi işğalçılıq hücümunda milli müqavimət dəstələrinin tərkibində  7 el pəhlivanları sırasında  Bağıroğlu da iştirak edib. Düşmənə qarşı döyüşlərdə mərdlik göstərdiyinə görə yağıların amansız hədəfinə tuş gəlib, onu  şaqqalayıb Gəncə darvazalarından asıblar. Bu xəbər Qarabağ dağlarında azad elat həyatı sürən atasına çatanda, Kişi  dərdin ağırlığından dağalara-daşlara haray çəkib, zulum-zulum lalayırmış (lölə-türkcə “ağı - bayatı demək” mənasını verir), göylərdən aman istəyib. Bu harayı el-el, oba-oba yayılıb, bütün mahal eşidib və həmin yerə  “Lola Bağırın yeri” deyilib, sonrakı dövrlərdə  söz yerli şivə-dialekt dəyişikliyinə uğrayaraq “Lolabağırli” toponiminə çevrilmişdir.

 

Bu obadan 5 km aralıda Korcabulaq kəndi yerləşir. Onun mənşəyi də Bağırın qızı ilə ailə quran nökərinin məskunlaşdığı binə yeri idi, köçüb burada, sısqa axan çeşmənin üstündə yurd salıb yaşayandan sonra nəsil-tayfa artımı nəticəsində  kəndə çevrilmişdir.

Bağır Məhəmməd oğlunun sonrakı taleyində də  mühüm milli dəyərə malik hadisə baş vermişdir.

 

 

Çar Rusiyasından gəlmiş bir pəhlivanı Azərbaycan ərazisində yerə yıxa bilən bir igid axtarırlar, XIX əsrin 40-50-cı illərdə. Bərdə nahiyəsində Qarabağın dağlıq hissəsindəki Bazardüzü yaylaqlarında yaşayan Bağırın sorağını alırlar, üz tuturlar Şuşa qalasına, İsa bulağı üstündən Sarıbaba yaylaqlarına, oradan keçirlər Şəlvə dərəsindən və  nəhayət, gəlib çıxırlar onun  elat  binələrinə. Elata əvvəlcədən xəbər yetişdiyindən Bağır xalça ilə örtülü güləş meydanını Keçid dağının ətəyində qurubmuş, buradan Ərzurum və Zəngəzur dağları, Naxçıvan mahalı  aydın görünür, bu yüksəkliyin ətrafında isə hündür və yoğun palıd ağacları boy verib. Gələnlər təklif edib ki, güləş Bağırın binəsində olsun və 5-6 km-lik meşə yolu ilə gəlirlər alaçıqlar-binələr  olan  yerə. Bağır ev yiyəsi kimi təklif edir ki, əvvəlcə çörəyimi kəsin, sonra qurşaq tutaq. Razılaşırlar. Bir cöngə kəsilir, “kişmiş kimi” ətini mis  teştlərdə bozartma edirlər, ədəvası da öz yerində, xörək gəlir süfrəyə. Ayrı-ayrı qablarda da macalar düzülür ortaya. Rus pəhlivanı maçanın birini alır əlinə, çəkir dişinə, ətini udur, sümüyü sındırır atır Bağırın qabağına... Bağır hiss edir ki, rəqibi həm xeyli güclüdür, həm də cavandır. Buna baxmayaraq o da maçanın birini götürür, əti yeyəndən sonra sümüyün toppuzunu üç barmağı ilə sıxıb xışmalayır atır rusun qabağına. Rus əlini yeməkdən üzüb, ürəyini çəkir... Xülasə, süfrəni yığışdırılar, bir azdan güləş başlayır. Rus pəhlivanı paltarını soyunur, bədəninə yağ vurur və dövrə boyu keşt edərək yapışır pal-paltarla meydana girən Bağırın belindən qəflətən yapışır və başlayır onu sıxmağa. Bağırın gözü sataşır göz yaşlarını axıdan və çalması (çərçöyü-baş örtüyü) başının yarısına qədər açılan həyat yoldaşı Hürüyə və ürəyində bir hökm kükrəyir:

 

  -Hürü, hürü, görmürsən kafir məni öldürür? Niyə qurban demirsən?

  -Hürü bir inəyin adını çəkib ucadan - naxır, naxır – deyir. Bu harayı eşidən Bağır  “Ya Allah...” deyib əlini salır rusun qabırğasının altından, qaldırır yuxarı və qoyur dizinin altına...

 

Rus pəhlivanını müşayət edən nümayəndə Bağırdan  hansı təmənnada olduğunu, xanlıq və ya şəhər istəyini soruşur. Bağır yalnız  binələndiyi “Namlı-rütubətli” əraziləri istədiyini, istifadə etdiyi yaylaq yer-yurdunun sərhədlənməsini xahiş edir. Və beləliklə, indiki bu əraziləri kömür basdırmaqla sərhədləyib Bağır Məhəmməd oğluna təhvil verirlər və sənədləşdirirlər. Beləliklə, sonralar bu binəni yerində Lolabağırlı kəndi yaranır. Onun oğlu Gülüm Hüseynin isə 5 oğlu olub (Məşədi Allahverdi, Məşədi Məmmədalı, Qulu, İmamverdi...) və onlarda bu kənddə və ətraf yerlərdə tərəkəmə ömrü sürüblər.

Həmin ərazilərdə bəzi yer adlarının yaranmasının tarixi keçmişində olan tarixi hadisələrin zənginlıiyi də ərazinin maddi irsinin zənginliyindən qidalanan haldır.

 

Bu barədə növbəti yazımızda.

 (Yazının hazırlanmasında Laçın rayonu, Lolabağırlı kənd sakini Hacı Bayram Paşa oğlunun (1936) məlumatından istifadə edilmişdir.)

 

 

 

                                                         Qismət Yunusoğlu,

                               Bakı Dövlət Universitetinin müəllimi 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı