Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mətbuat katibi Fariz Hüseynov məsələ ilə bağlı yeni açıqlama verib.
F.Hüseynov Modern.az-a deyib ki, qeyd edilən ünvandakı həmin yaşayış binası tarixi abidə kimi dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix mədəniyyət abidələri siyahısına daxil deyil.
***
Bakıda, Mirzəağa Əliyev küçəsi 150 ünvanında 1890-cı ildə inşa edilmiş tarixi binanı sökürlər.
Modern.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabından bildirib.
O qeyd edib ki, bu addım vətəndaşları razı salmadan, onlarla anlaşmadan atılır:
“Turizmi inkişaf etdirməyi düşünən ölkə tarixi sökməz, bərpa edər, hekayə qurar, bunlar isə lüləkababla turist tutmaq istəyirlər, çünki dünya görüşləri elə lüləkababdan o yana getmir”.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mətbuat katibi Fariz Hüseynov Modern.az-a bildirib ki, hazırda qeyd edilən məsələ araşdırılır.
“İctimaiyyətə məlumat veriləcək”-deyə F.Hüseynov qeyd edib.