Modern.az

Əsl tələbə necə olmalıdır

Əsl tələbə necə olmalıdır

Aktual

27 İyun 2012, 15:24

Yazı “Deputat-tələbə əməkdaşlığı” layihəsinin “Əsl tələbə necə olmalıdır?" mövzusunda yazılıb

Belə başa düşürəm ki əsl tələbə olmaq tələbə adını qazanmaqdan çətindir. Mən tələbəyəm. Xoşbəxtəm, təkcə tələbə adını qazandığım üçün yox, eyni zamanda müstəqil ölkənin vətəndaşı olduğum üçün. Mənsubiyyətindən asılı olmayaraq, ayrı-seçkiliyə yol verilməyən demokratik, müstəqil bir ölkənin tələbəsi olduğum üçün və müstəqilliyin bizim üçün nə demək olduğunu çox gözəl başa düşür, hər addımda qiymətləndirilməli, laqeydlikdən uzaq, mənəviyyatımızı sağlam saxlamağı bacarmalıyıq. Bütün bunlara isə artıq tələbə auditoriyalarından başlamalıyıq. Çünki, bizim də müstəqilliyimizin ilk mərhələsi tələbəlik həyatından başlayır. Mən çox şadam ki, bu gün bizə, məhz tələbələrə öz fikirlərini cəmiyyətlə paylaşmağa imkan yaradırlar. Gənclər qiraət zalında çox az-az tapılırlar. Təhsil aldığım Bakı Slavyan Universitetində tələbələrə beş və ya altı əsər oxumağı tapşırılır və əsərləri oxumayan tələbə imtahana buraxılmır. Məncə bu çox yaxşı ideyadır. Bunun sayəsində il boyu həm Azərbaycan həm də dünya ədəbiyyatından bədii əsərlər oxumuşam. Bəzən dərsdən yayınan, dərs oxumaq istəməyən, instituta əyləncə kimi  gedib gələn tələbələrə də  təsadüf olunur. Mənə elə gəlir ki, belə yalnız yola yönələn tələbə yoldaşlarımıza biz arxa çevirməməliyik. Ən azından belə tələbələrin tələbə həyatının normasına uyğun qayda-qanuna riayət etməsi üçün elə auditoriyalarda mübarizə aparmalıyıq. Axı biz gələcəyin təhsil işçisiyik. Gələcəyimiz isə məhz düzgün, rüşvətsiz təhsildən asılıdır. Belə tələbələrin düzgün təhsil almaları üçün onların eyiblərini gizlətməməli, onları mənəviyyatlı, rüşvətsiz təhsilin tələbəyə qələbə, sevinc, baş ucalığı gətirdiyinə inanmalıyıq. Bax, onda əsl tələbə olduğumuzu hiss edə bilərik. Azəri olduğumuzu heç unutmamaq, müəllimlərə hörmət etmək, “pis” adı qoyub tələbə yoldaşlarımıza arxa çevirməmək, əksinə ona yanlışlıqlardan qurtarmaq... Müharibə dövründə yaşadığımıza baxmayaraq bizim nailiyyətlər əldə etməyimiz üçün, bizim yaxşıların yaxşısı olmağımız üçün, azad təhsil almaq üçün, və nəhayət bizim əsl tələbə olmağımız üçün hər bir şəraiti, humanist qanunları olan bir ölkədə yaşayırıq. Müasir dövrdə tələbələrin azad oxumaları ilə yanaşı, əylənmələri üçün də lazımlı şərait vardır. Ancaq vaxtının çoxunu sosial şəbəkələrdə, əsasən də “facebook” da keçirən tələbə təkcə özünü fikirləşməməlidir. Əylənmək, gününü xoş istirahətdə keçirmək kimə xoş gəlməz ki?...Lakin tələbə adını daşıyan gənc sözün əsl mənasında heç bir çətinlikdən qorxmamalı, gündən – günə çiçəklənən Azərbaycanımızın daha da inkişafı üçün düzgün təməlini tələbəlik həyatından oymalıdır. Çünki, biz o diyarın - əsərləri, sənətləri ilə tariximizi, ədəbiyyatımız yaradan, musiqmizi dünyaya tanıdan bizə elmin sirrlərini aşılayan, keşməkeşli, erkən tələbə yollarını keçən neçə - neçə dahilərin, istedadlı alimlərin yaşayıb –yaratdıqları eyni elin tələbləriyik.

Mən taleyimi təsadüfən deyil, zəruri olduğu üçün pedaqoji fakültəyə bağlamışam. Çünki, bu günün tələbəsi – gələcəyin pedaqoqu, müəllimidir. Bizə verilən şəraitdən istifadə edərək əsl tələbə olub da gələcəkdə taleləri bizə tapşırılacaq şagirdlərin qarşısında aciz qalmayaq, əksinə şagirdləri elə öyrədək ki, onlardan öyrənə bilək. Biz əsl tələbə olaraq bir-birimizlə geyimə, bər-bəzəyə, vara-dövlətə görə rəqabt aparmayaq, əksinə biz bilik, davranış, eyni zamanda öz milli dəyərlərimizi nəzərə çapdıran keyfiyyətlərlə silahlanıb, başqa ölkələrin tələbələri ilə rəqabət aparsaq daha yaxşı olmazmı? Əsl tələbə özünü hər tərəfli sınamalıdır. Vətən qarşısında borcunu birinci növbədə yerinə yetirmək hər bir gəncin əsl tələbə kimi yetişməsinə müsbət rolu var. Əsgərlik həyatı biz qızlara aid edilməsə də, fərqi yoxdur, əsl tələbə həm də bir əsgər kimi mərd, vətənpərvər, vətən qarşısında özünü həmişə borclu saymalıdır. Eynilə övladın ana qarşısında borcu olduğu kimi. Təvazökarlıqdan uzaqda olsa deməliyəm ki, öz bilik və bacarığım sayəsində rüşvətsiz oxuyub mənimlə zəhmət çəkən valideynlərimi, müəllimlərimi sevindirə bilirəm və ətrafımda çalışqan, təmiz mənəviyyatlı tələbələr də var. Bununla fəxr edirəm, sevinirəm. Bu fəxri, bu sevinci gənclik illərinin bəxş etdiyi tələbə dünyasına qədəm qoyduğum zaman duydum. Nə gözəl ki, bir tələbə olaraq başa düşürəm ki, insan öz zəhməti, öz əməli ilə səadətini tapar. Burada yadıma bir şerin misraları düşür:

Səadət hər kəsin öz əlindədir,
İşində, gücündə əməlindədir.

Mən bir tələbə kimi bütün tələbələrə əsl tələbə olmağı və səadəti öz bilik və əməkləri sayəsində qazanmağı arzulayıram.

Paşazadə Aysel
Bakı Slavyan Universitetinin
pedaqoji fakültəsinin I kurs tələbəsi

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı