Modern.az

Rüstəm Azərbaycan bayrağını hələ çox dalğalandıracaq

Rüstəm Azərbaycan bayrağını hələ çox dalğalandıracaq

Актуально

4 İyun 2021, 17:14

“Rüstəm İmanzadə artıq 7 ildir ki, yeriyə bilmir. Ağır atletika üzrə dəfələrlə Azərbaycan çempionu və gənclər arasında Avropa çempionu olan Rüstəm İmanzadə 2014-cü ildə Kiprin Limassol şəhərində keçirilən qitə birinciliyində ciddi zədə alır. 148 kq ağırlığı qaldırarkən onun sağ qolu qırılır və belindən ağır zədələnir. Bundan sonra idmançının çətin günləri başlayır. 1998-ci il təvəllüdlü Rüstəm 1 il daimi müalicə alsa da, sonradan federasiya və aidiyyatı qurumların ona yardım etmədiyini deyir”.

 

Bu xəbəri mətbuatda oxudum və idmanda kifayət qədər nailiyyətlər qazanmış Rüstəm İmanzadə ilə görüşməyə qərar verdim. Saytın əməkdaşı ilə əlaqə saxlayıb Rüstəmin telefon nömrəsini aldım və zəng etdim. Nə qədər sevindiyini sözlə ifadə etmək mümkün deyil.

 

Rüstəmin yaşadığı evə getdim, yarışlarda qazandığı mükafatlar, medallar, kuboklar gözümdən yayınmadı. Ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil etmiş, ən mötəbər yarışlarda birincilik qazanaraq bayrağımızı yüksəkliklərə qaldırmış bu gəncin bugünkü gün çarəsiz qalmasına çox məyus oldum.

 

Gülərüz, çox pozitiv bir insandır Rüstəm. Onunla söhbətimiz zamanı, o hələ də idmana qayıdacağına inandığını bildirdi. “Mən ilk dəfə zədə alarkən Rusiyada müalicə olundum. Rusiyalı həkimlər deyirdilər ki, ayağını hərəkət etdirə bilsən, sağalacaqsan. Mən ayaqlarımı hərəkət etdirə bilirəm, deməli müalicə alsam sağlamlığım bərpa oluna bilər. Doğrudur, ilk əvvəl bəzi əməliyyatlara göndərildim, amma daha sonra dayandırıldı. Çox ümid edirəm ki, sağlamlığımın bərpası üçün köməklik edəcək bir insan tapılacaq və mən idmana qayıdacağam”.

 

7 ildir ki, sağlamlığının bərpası üçün mübarizə aparan və artıq müəyyən bir irəliləyiş əldə edən Rüstəmin bu gün ayaqları dizə kimi işləyir.
Mən, bir ana kimi, Rüstəm İmanzadəyə onun müayinə və müalicəsi üçün əlimdən gələn köməkliyi əsirgəməyəcəyimi, lazım gələrsə aidiyyatı qurumlardan və iş adamlarından köməklik etmələrini xahiş edəcəyəmi bildirdim.

 

İnanıram ki, Rüstəm Azərbaycan bayrağını hələ çox dalğalandıracaq. Çünki Azərbaycanımıza bütün sahələrdə yalnız qələbə yaraşır.

 

Jalə Əhmədova

Milli Məclisin deputatı

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı