Modern.az

Nazir: “Azərbaycanda heç bir problem olmayacaq”

Nazir: “Azərbaycanda heç bir problem olmayacaq”

Aktual

27 Noyabr 2012, 18:57


Azərbaycan və Argentina kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirəcək. Modern.az saytının məlumatına görə, məsələ kənd təsərrüfatı naziri İsmət Abasovla Argentinanın kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yauharın görüşündə müzakirə olunub.

İ.Abasov bildirib ki, Azərbaycan ilə Argentina arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı, kənd təsərrüfatı sahəsində də dostluq və xoş münasibətlərin mövcudluğu ilə səciyyələnir: “Hər iki ölkənin iqtisadiyyatında kənd təsərrüfatı sektorunun əhəmiyyətini, bu sahədə mövcud olan potensialı və geniş əməkdaşlıq imkanlarını nəzərə alaraq, eləcə də bu sahədə əməkdaşlığın hüquqi bazasının yaradılması məqsədilə 21 sentyabr 2011-ci il tarixdə Bakıda “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Argentina Respublikasının Kənd Təsərrüfatı, Heyvandarlıq və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Memorandumda əksini tapmış sahələr üzrə gələcəkdə əməkdaşlığın daha da inkişaf edəcəyinə əminəm”.

Nazirin fikrincə, iki ölkə arasında kənd təsərrüfatı və ərzaq məhsullarının müəyyən həcmdə ticarət dövriyyəsi olsa da, ümumilikdə ticarət əlaqələri mövcud potensialdan aşağıdır: “2011-ci ildə Argentinadan Azərbaycana 16 milyon 915 min ABŞ dolları dəyərində kənd təsərrüfatı və ərzaq məhsulları, o cümlədən heyvan və bitki mənşəli piy və yağlar, heyvan yemləri, yağlı toxumlar və meyvələr, qoz-fındıq, süd məhsulları və digər məhsullar idxal olunub. 2012-ci ilin yanvar-iyun aylarında isə Argentinadan Azərbaycana 6 milyon 16 min ABŞ dolları dəyərində kənd təsərrüfatı və ərzaq məhsulları, o cümlədən süd məhsulları, quş yumurtası, təbii bal, heyvanlar üçün hazır yemlər, heyvan və bitki mənşəli piy və yağlar, yağlı toxumlar, meyvələr və digər məhsullar idxal olunub”.

İ.Abbasov bildirib ki, bu əməkdaşlıq çərçivəsində xüsusi cins mal-qara gətirilə bilər. Amma ilk öncə bunun üçün müəyyən texniki məsələlər həll olunmalıdır, həmin heyvanların ölkədə saxlanılması üçün müvafiq şərait yaradılmalıdır: “Bu zaman həmin heyvanların yemlənməsi, hətta hansı sudan istifadə olunması məsələsi həll edilməlidir. Belə ki, Argentinada mal-qara qarğıdalı ilə yemlənir, eləcə də onların hansı sudan istifadə etməsi də onların məhsuldarlığına təsir edir. Ona görə də heyvandarlıq sahəsində əməkdaşlıq üçün əvvəlcədən iş adamlarının qarşılıqlı səfərləri və müzakirələrin aparılması tələb olunur”.

Argentinanın kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yauhar deyib ki,  iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üzrə razılaşdırılmış təkliflər memorandumda əksini tapıb: “Sənəddə əməkdaşlığın sürətləndirilməsi məqsədilə Birgə Əməkdaşlıq Proqramının tərtib olunması nəzərdə tutulur və bu proqramın tərtib olunması istiqamətində əməkdaşlıq sahələri üzrə aidiyyəti ekspertlərin qarşılıqlı səfərlərinin və digər zəruri tədbirlərin həyata keçirilməsi məqsədə müvafiq olar”.

Onun sözlərinə görə, son illər Argentina kənd təsərrüfatı sahəsində yüksək sahəli texnologiyaların tətbiqində uğurlar əldə edib. Nazir Argentinanın təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduqlarını söyləyib: “İki ölkə arasında 2020-ci ilə qədər müddəti əhatə edən əməkdaşlıq planı hazırlanıb. Argentina Azərbaycanla əsasən heyvandarlıq sahəsində əməkdaşlıq edəcək. Xüsusən də ətlik heyvanların Azərbaycanda yetişdirilməsinə kömək etməyə hazırıq. Eyni zamanda, əkinçilik sahəsində yüksək texnologiyaların tətbiqi ilə istehsal olunan məhsulun keyfiyyətini və məhsuldarlığını artırmaq niyyətindəyik. Argentina bu sahədə Azərbaycanda çox iş görə bilər. Bu əməkdaşlığa başlamaq üçün qarşıdakı 2-3 ay ərzində iki ölkənin mütəxəssisləri bir-birinin bu sahədəki təcrübəsini öyrənməlidirlər. Hheyvandarlıq sahəsində Argentina təcrübəsinin ölkədə tətbiqi üçün həmin heyvanların yem bazası da hazırlanmalıdır və bu sahədə də əməkdaşlıq etmək zəruri olacaq”.

Jurnaslitlərin suallarını cavablandıran İ.Abasov deyib ki, Azərbaycanın ərzaq buğdasına olan tələbatını təmin etmək məqsədi ilə bu günədək Fövqalədə Halalr Nazirliyinin Taxıl Fondunda 500 min ton həcmində taxıl ehtiyatı yaradılıb: “Bundan başqa Azərbaycan iş adamlarının başqa ölkələrdən buğda gətirməsi ilə bağlı müqavilələr mövcuddur. Hesab edirəm ki, bu il Azərbaycanda buğda sahəsində heç bir problem olmayacaq. Azərbaycanda taxıl istehsalında məhsuldarlığın artırılması üçün zəruri işlər görülür. Fermerlərə keyfiyyətli toxumlardan və mineral gübrələrdən istifadə etməyi tövsiyə edirik. Əgər fermerlər nəzərdə tutulmuş aqrotexniki tədbirləri lazımi qaydada həyata keçirsələr, Azərbaycan özünü tam ərzaq buğdası ilə təmin edə biləcək. Taxıl becərmə prosesində 40-a yaxın aqrotexniki tədbirdən istifadə olunmalıdır ki, bunun 20-ni fermerlər tam həyata keçirsələr, ölkədə taxıl istehsalının keyfiyyəti və miqdarını artırmaq mümkün olacaq”.

Onun sözlərinə görə, Azərbaycanda payızlıq əkin işləri çərçivəsində indiyədək 800 min hektardan artıq ərazidə səpin və şumlama işləri aparılıb. Buda ümumi payızlıq əkin sahələrinin 83,3%-ni təşkil edir: “Bu ilin oktyabr-noyabr aylarında ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar payız səpini bir az gecikib. Bu günə qədər təqribən 800 min hektardan artıq ərazidə səpin aparılıb. Bunun təxminən 570 min hektarını buğda, 230 min hektara yaxın hissəsini isə arpa təşkil edir. Buğda əkin sahələri ötən ilə nisbətən 5,3-5,4% artıb. Lakin hələlik səpin işləri davam etdirilir, həmçinin şum işləri aparılır. Ümumilikdə, Azərbaycanda 960 min hektarda səpin işlərinin aparılması nəzərdə tutulur ki, bunun 700 min hektarında buğda, 250 min hektarda isə arpa və digər yem bitkiləri əkiləcək”. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı