Bakının mərkəzi parklarından biri olan Ayna Sultanova parkı təmir olunacaq. Modern.az-a daxil olan məlumata görə, park əsaslı təmir zamanı bağlanacaq.
Binəqədi Rayon İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinin müdiri Qüdrət Seyfullayevin sözlərinə görə, parkın təmirə dayandırılmasının dəqiq vaxtı dəqiq müəyyənləşməsə də, məsələ icra hakimiyyətinin planına daxil edilib. “Parkın təmiri nəzərdə tutulur. Hazırda parkın təmiri ilə əlaqədar bir neçə layihələr üzərində işlər gedir. Konstruksiyası bitdikdən sonra, smeta dəyəri öz həllini tapdıqdan sonra park təmirə dayandırılacaq”.
Şöbə müdiri parkın ərazisində yerləşən Ayna Sultanovanın heykəlinin götürülməsi məsələsinə də toxunub. O, bildirib ki, bunun heç söhbəti də gedə bilməz. “Heykəl götürülə bilməz. Sadəcə olaraq, ola bilsin ki, təmir zamanı heykəlin yeri dəyişsin. Yəni geri ya irəli çəkilsin. Bu da layihədən və memarlardan asılıdır”-deyə, Q. Seyfullayev əlavə edib
Sevinc İltifatqızı