Azərbaycan-İtaliya münasibətləri tarixi dostluq əlaqələrinə, qarşılıqlı faydalı əməkdaşlığa və ortaq maraqlara söykəndiyi üçün daim inkişaf edir və ən müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün yeni perspektivlər açır.
Bu sözləri Modern.az saytına açıqlamasında Prezidenti İlham Əliyevin İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirləri şərh edən millət vəkili, Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun rəhbəri Azər Kərimli deyib.
Millət vəkili qeyd edib ki, 2014-cü və 2020-ci illərdə Azərbaycanla İtaliya arasında imzalanan strateji tərəfdaşlıq haqqında bəyannamələr hər iki ölkənin qarşlıqlı əlaqələrin inkişafında maraqlı olduqlarını sübuta yetirir:
“Cənab Prezidentin də qeyd etidyi kimi, Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşıdır və İtaliyanın Cənubi Qafqazla apardığı ticarətin 95 faizi Azərbaycanla aparılır. Bu çox yüksək göstəricidir və pandemiyanın zəifləməsi müstəvisində nəzərə çarpan iqtisadi fəallıq, həmçinin Azərbaycanla İtaliyanın strateji tərəfdaşlıq münasibətlərinin inkişafı daha yüksək nəticələrin əldə edilməsinə zəmin yaradır. İtaliya şirkətləri azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərində fəal iştirak edirlər. Azərbaycanın mədəniyyət paytaxtı və hər bir azərbaycanlı üçün böyük tarixi, mədəni və mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərindəki qədim məscidin bərpasının və yeni məscidin inşasının İtaliya şirkətlərinə həvalə olunması isə Azərbaycanla İtaliya arasındakı qarşılıqlı etimadlı münasibətlərin səviyyəsindən xəbər verir”.