Maştağa qəsəbəsindəki “Həzrəti Əbülfəz ağa” məscidi bağlanır. Nardaran dindarlarından Modern.az saytına verilən məlumata görə, son vaxtlar məscidin bağlanacağı ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsindən orada ibadət edən insanlara və məscidin dini icmasına təhdidlər olub.
“Son günlər isə Sabunçu rayon İcra Hakimiyyəti və rayon hüquq-mühafizə orqanlarından məscidin bağlanacağı ilə bağlı konkret xəbərdarlıq edilib və bu istiqamətdə hazırlıq tədbirləri görülür”-deyə nardaranlı dindarlar qeyd ediblər.
Xatırladaq ki, son zamanlar adıçəkilən məsciddə 3 gün əvvəl narkotik ittihamı ilə həbs olunan ilahiyyatçı hacı Tale Bağırovun çıxışları olub.
Qeyd edək ki, Maştağa qəsəbəsində yerləşən məsciddə fəaliyyət göstərən dini icma 2010-cu ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydə alınıb.
İlahiyyatçı Hacı Tale Bağırzadənin martın 31-də həbs olunması ölkənin bəzi bölgələrində etirazlar doğurub. Əvvəlcə aprelin 1-də Bakının Nardaran qəsəbəsinin sakinləri «İmam Hüseyn» meydanına toplaşaraq həbsdən qəzəbləndiklərini bildiriblər. Aprelin 2-də eyni narazılıq Lənkəranda da səslənib. Axşam namazından sonra «Hüseyniyyə» məscidinin önünə toplaşan dindarlar Hacı Talenin həbsini pisləyiblər.
Modern.az