Yerevanda özünəqəsd tüğyan edir

İqtisadi problemlərdən təngə gələn ermənilər son vaxtlar xaricə axışmaqdadırlar. Rəsmi məlumatlar da bunu təsdiqləyir. Dağlıq Qarabağın işğalında xüsusi fəaliyyətləri ilə seçilən keçmiş və indiki prezidentlər Robert Köçəryanla Serj Sərkisyan Ermənistan əhalisinin güzəranından çox Qarabağ ermənilərinin bu ölkədəki rejiminin uzunömürlüyünü qorumaq siyasətinə üstünlük verir. Bu səbəbdəndir ki, ermənilərin bir hissəsi güzəran dalınca xaricə axışır, buna imkanları olmayanların bəziləri isə çıxış yolu tapmayanda həyatlarına qəsd edirlər. Əlbəttə, rəsmi açıqlanan məlumatlara nəzər yetirəndə Ermənistanda intihar edənlərin sayının çox olmadığını iddia etmək mümkündür. Ancaq ermənilərin ölkədən baş götürüb getdiklərini nəzərə alanda burada qalıb yaşayan əhalinin sayı ilə müqayisədə intihar faktları kifayət qədərdir.
Modern.az saytı xəbər verir ki, Ermənistan KİV-lərində verilən rəsmi məlumatlara görə, 2013-cü ilin 6 ayı ərzində 25 nəfər həyatına qəsd edib, 30 nəfərin isə intihara cəhdinin qarşısı alınıb.
Yerevandakı Kiyev körpüsü-intihar məkanı
Ermənistanda ən çox intihar və özünü öldürməyə cəhd paytaxta Yerevanda baş verir. Həyatından bezən ermənilərin bunu reallaşdırmaq üçün seçdikləri əsas məkan isə Kiyev körpüsüdür. Bu il həmin körpüdən 5 nəfər özünü ataraq intihar edib, 4 nəfərin isə belə cəhdinin qarşısı alınıb. Bu fakt Ermənistanda intiharlarla bağlı araşdırma aparan təşkilatların belə təkliflə çıxış etməsinə səbəb olub ki, indi Kiyev körpüsünün həndəvərində xüsusi polis postunun qurulması gündəmə gəlib.
Bir müddət öncə təxminən 40 yaşlı kişi özünü Kiyev körpüsündən atıb. Hadisədən sonra onun yazdığı məktubda qeyd edib ki, bu addımı öz doğmaları və yaxın adamlarının naminə atıb. Qeyd edək ki, Ermənistanda ötən müddətdə intihar edənlərin 4 nəfəri məktəbli və yeniyetmə olub. 17 yaşlı T.Petrosyan da özünü həmin körpüdən ataraq həyatına qəsd edib. 22 yaşlı Yerevan sakini Andranik Xaçikyan, 38 yaşlı qadın Vardun Tarverdyan və adı açıqlanmayan 40 yaşlı kişi də Kiyev körpüsündən özlərini atıblar.
22 yaşlı tələbə Karen Karapetyanın meyiti itkin düşməsindən 4 gün sonra meşədə tapılıb. Məlum olub ki, atasına məxsus tüfəngini götürərək yaxınlıqdakı meşəyə gedən Karen orada özünü güllələyib. Qavar şəhərindəki tibb mərkəzinin baş həkiminin oğlu olan Karen Qeratsi adına Tibb Universitetinin tələbəsi idi.
Qeqarkynisk vilayəti, Vardenis kənd sakini 38 yaşlı Arkadik Sukisyan yük avtomobilinin kuzasında özünü asıb. Məlum olub ki, siqaret çəkdiyi üçün qınandığına görə onun oğlu iki il əvvəl özünü ov tüfəngi ilə güllələyib. Bundan ciddi zərbə alan ata da həyatına qəsd edib.
15 yaşlı Qoar Aqolyanın Yerevanda özünü kanala atmasının səbəbi məktəbdəki təzyiqlər olub. Anası deyib ki, Yerevandakı 13 saylı musiqi internat məktəbinin 9-cu sinif şagirdi olan qızını sinif yoldaşları hər gün incidiblər.
Ermənistanda ziyalı faciəsi
Yerevan Ticarət Kolleci və Politexnik Universitetində müəllim işləyən 80 yaşlı Suren Baqdasaryanın intiharına ailə dramı səbəb olub. Belə ki, bir il əvvəl arvadı ölüb, ondan qabaq qızı dünyasını dəyişib. Bu faciədən sonra kişi deyirmiş ki, yaşamağın mənası yoxdur.
İyunun 14-də tanınmış erməni nasiri, dramaturq Vrej İsraelyan həyatına qəsd edib. Ermənistan KİV-nin verdiyi məlumata görə, onun meyiti Yerevandakı mənzilində aşkarlanıb. Yazıçı özünü güllələyib. 1949-cu il aprelin 2-də Yerevanda anadan olan V.İsraelyan 1971-ci ildə Yerevan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika bölməsini bitirib. O, hekayələr, pyeslər, ssenarilər, eləcə də Qarabağ müharibəsi ilə bağlı əsərlərin müəllifi idi.
7 əsgər yoldaşını güllələyən hərbçi də özünü asıb
22 yaşlı Manvel Azroyan əsgər yoldaşlarını güllələdiyinə görə ömürlük azadlıqdan məhrum edilib. İyun ayında “Nubaraşen” həbsxanasında karserdə özünü asıb. O, əsgər yoldaşları ilə mübahisə zamanı onlara avtomatdan atəş açıb. Nəticədə 22 yaşlı Levon Esayan, Nver Maraqaryan, 23 yaşlı Nerses Qaloyan və onun həmyaşıdı Narek Saakyan ölüblər. 22 yaşlı Sarqis Melkumyan, onun həmyaşıdı Masis Qriqoryan, Manvel Azroyan və 21 yaşlı Xaçik Aleksanyan isə yaralanıblar.
“N” saylı hərbi hissədə 23 yaşlı əsgər Vardan Avaqyan tabeçiliyindəıki silahla özünü öldürüb. 19 yaşlı əsgər Raffi Maraşyan da özünü güllələməklə həyatına qəsd edib.
Kotayski əyalətinin Qeqarol kəndində Vardan adlı 10-cu sinif şagirdi özünü asıb. Yerevanda 15 yaşlı S.B. də özünü asıb.
Ermənistanda özlərini öldürənlər və buna cəhd edənlərin əksəriyyəti gənclər və orta nəslin nümayəndələridir. Bu, bir daha Ermənistanda həyat səviyyəsinin ağır olduğunu sübut edir. Bir daha qeyd edək ki, bu hadisələrin əksəriyyəti paytaxt Yerevanda baş verir.
26 yaşlı kişi paytaxtda ov tüfəngindən atəş açaraq özünü öldürüb. 27 yaşlı Anait çoxmərtəbəli binanın mənzilinin pəncərəsindən özünü atıb. Yerevan sakini, 22 yaşlı Andranik Xaçikyan körpüdən özünü ataraq intihar edib. 22 yaşlı Feliks Qriqoryan, 21 yaşlı gənc qız - Ş.Petrosyan paytaxtda özlərini körpüdən atmağa cəhd ediblər. 23 yaşlı qız - Q.M. paytaxtda özünü 12-ci mərtəbədən atıb, o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 31 yaşlı R.Q.-nin özünü pəncərədən atmaq cəhdinin qarşısını qohumları alıblar. 28 yaşlı Artyom Petrosyanın Yerevanda yeraltı keçiddən özünü atmaq cəhdi də baş tutmayıb.
Modern.az