Modern.az

“ Demokratiyaya ən böyük zərbəni Qarabağ problemi vurur” -TƏHLİL

“ Demokratiyaya ən böyük zərbəni Qarabağ problemi vurur” -TƏHLİL

مورد توجه

20 İyul 2013, 14:35

Azərbaycanın regionda sülhün, təhlükəsizliyin qarantı ola biləcəyi ilə bağlı fikirlər dəfələrlə səsləndirilib. Növbəti dəfə isə ölkə mətbuatında Azərbaycanın Qafqazın demokratikləşməsində lokomotiv rolunu oynamasına dair məsələ gündəmə gəlib. Bəs Azərbaycan hansı şəraitdə və siyasi mühitdə bölgənin demokratiya lokomotivi roluna malik ola bilər?

Gürcüstan “modeli”nin uğursuzluğu

Məsələ barədə Modern.az-ın suallarını cavablandıran Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Zahid Oruc bildirib ki, Azərbaycan resurslarına və xəlqi potensialına görə digər ölkələrdən fərqlənməsi önəmli məsələlər üzərində düşünməyə əsas verir. “Siyasi-demokratik islahatları bəyan etmək və onu müəyyən səviyyədə gerçəkləşdirmək iqtisadi əsaslar mövcud olmadan reallaşdırmaq nəticədə uğurlu yekunlaşmır”-deyən millət vəkili Gürcüstan nümunəsini misal gətirib: “Gürcüstanın vəziyyəti buna kifayət qədər əyani sübutdur. Saakaşvilli narıncı inqilabının başçısı kimi böyük bir prosesləri aparmağa çalışdı. Amma Gürcüstan ümumiyyətlə hər hansı ciddi resurslara malik deyildi. Digər tərəfdən Sakkaşvillinin siyasi hədəfləri yanlış qoyması səbəbindən Gürcüstan Rusiya ilə gərgin münasibətlər fonunda bəlli problemlər yaşadı və onun komandası da iflasa uğradı”-deyə şərh edib.

“Media və fikir azadlığı demokratiyanın zirvəsi deyil”

Azərbaycanın son dövr ərzində seçdiyi kursun uğurlu olmasını bildirən komitə üzvü hesab edir ki, bu siyasi xətt artıq model ola bilər. Azərbaycanın siyasi gündəliyinin tədricən dəyişməsini etiraf edən deputat bir neçə il öncəki siyasi tələbatla indiki dövrdəkini də müqayisə edib. “Bir vaxtlar stabillik və təhlükəsizlik məsələləri birinci yerdə dayanırdı. Sonra isə ölkənin infrastruktur cəhətdən yenilənməsi prosesi önə keçdi. Bundan sonra isə beynəlxalq məsələlərin qurulması vacib məsələlərdən biri kimi gündəmə gəldi”-deyə xatırladıb. Deputat bildirib ki, ölkə prezidenti İlham Əliyevin liderlik potensialı və keyfiyyəti demokratik islahatların formalaşmasına və siyasi sistemin daha təkmil bir vəziyyətə çatmasına imkan verir. “Ancaq bu fikirləri Ermənistan, o cümlədən MDB məkanına daxil olan ölkələr haqqında söyləmək olmaz. Çünki yalnız güclü iqtisadiyyat halında demokratiyanın mühüm səviyyəsini əldə etmək mümkündür. Azərbaycan da bu iqtisadi resurs və imkanlara malikdir”. Millət vəkili demokratik şüar və tələblər irəli sürənlərin də bostanına daş atmağı yaddan çıxarmayıb. “Sadəcə olaraq siyasi şüarçılıq, media və fikir azadlığını bəyan etmək, bununla bağlı müxtəlif qanunvericilik və hüquqi prosesləri gerçəkləşdirmək demokratiyanın mühüm zirvələrinə çatmaq anlamına gəlmir. Bazisdə güclü iqtisadiyyat, dəqiq beynəlxalq siyasi hədəflərin müəyyənləşməsi fonunda Azərbaycan bölgənin ən gəlişmiş demokratik ölkəsinə çevriləcək. Biz artıq bu yoldayıq. Beynəlxalq aləm də məhz bu cəhətdən Azərbaycanı dəyərləndirir”-deyə Z.Oruc bildirib.

“Qarabağ problemi olan yerdə 18 yaşından sonra əldə olunmuş törəmə hüquqlar keçərli deyil”

Azərbaycanın Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyat və hərbi potensiala malik olmasını ölkə rəsmiləri dəfələrlə bəyan edib. Ancaq təkcə bu amili qabartmaqla ölkəmizin Qafqazda demokratiya lokomotivi olacağı haqda fikir söyləmək bir qədər mürəkkəb məsələdir. Çünki Azərbaycanın işğalçı və təcavüzkar Ermənistan tərəfindən torpaqlarının işğal olunması faktı müəyyən qədər bölgədə demokratiyanın bərqərar olmasına da mane olur. Bu barədə səslənən politoloji rəylər də deyilənləri istisna etmir. Komitə üzvü də məsələni inkar etmir. “Azərbaycan beynəlxalq dairələrin demokratiya və insan haqları tələblərinə qarşı “Qarabağ amilini nəzərə almalısız” deyə bir yanaşma ortaya qoyurdu. Buna da əsaslarımız var idi. Çünki fundamental azadlıqlar pozulan yerdə 18 yaşından sonra əldə olunmuş törəmə hüquqlar keçərli deyil. Yəni insan öz doğulduğu torpaqdan məhrum olursa, öz yurdunda gəzmək hüququnu itirirsə, seçkilərdə iştirak etmək və s. bu kimi məsələlər artıq ikinci mərhələ hesab olunur. Biz hər zaman deyirdik ki, demokratiyamızın da 20 faizi işğal altındadır. Coğrafi və torpaq üzərində həyata keçirilmiş hərbi əməliyyat öz növbəsində siyasi təsirlərini də yaradıb. Dünyada isə belə nümunələr yoxdur. Gürcüstanın da ərazi bütövlüyünə həmlə onların demokratik proseslərdə böyük zərbə almalarına təsir göstərdi. Odur ki, Azərbaycanda beynəlxalq dairələr özlərinin standartlarına müvafiq cəmiyyətin formalaşmasında maraqlıdırlarsa, Qarabağ probleminin ədalətli həllini tələb etməlidirlər. Beynəlxalq aləm Azərbaycanın suveren hüquqlarının Qarabağ üzərində gerçəkləşməsinə nail olmalıdırlar. Bundan sonra isə oturuşmuş demokratiyanın prinsiplərini tamamilə əldə etmək mümkün olacaq. Bu gün Azərbaycanda demokratiyaya ən böyük zərbəni Qarabağ problemi vurur”-deyə beynəlxalq təşkilatları tənqid edib.

Aqşin KƏRİMOV

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı