Namidə BİNGÖL
Həftənin subyektiv icmalı
Burda mənəm Bağdadda kor xəlifə. Kimin ixtiyarı var, mənim bir sözümü iki edə. Məncə, bu cür iddialı çıxışlar artıq köhnəlib. İndi meydanda söz savaşı gedir. Kim necə istəyir, o cür deyişir. Təbii ki, sizə meyxanaçılardan yox, siyasətçilərdən danışacam. Fəslin qarpız, yemiş vaxtı olduğundan bostanda bu tərəvəzlərdən qalmadı. Yenə də siyasətçilər bir-birinin bostanına daş atmaqdan çəkinmədi. Sözümün canı var. Yazını sonuna qədər oxusanız nə demək istədiyimi biləcəksiniz.
Rəsul Quliyevin boğçasında daha kimlər var?
Bir müşahidəçi kimi bu işin yaxşı sonluqla nəticələnəcəyini gözləmirdim. Ara-sıra okeandan üzü bu tərəfə əsən külək, fırtına qopacağından xəbər verirdi. Bu həftə elə fırtına qopdu ki, siyasi düşərgə yerindən oynadı. Dünənə qədər isə bəzi siyasətçilər bəy havasına qol qaldırıb yallı gedirdilər. Yəqin göz dəydi. Allah betərindən saxlasın.
Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev deyərdim ki, siyasi düşərgənin ən qaynar nöqtəsinə çevrilib. Elə ki, düyməni həmin nöqtəyə tərəf aparırsan, vəziyyət dəyişir. Mən siyasətçi deyiləm. Amma siyasətçilərə baxanda elə ürəyim ağrıyır ki! Dişinlə, dırnağınla Milli Şura yaradasan, digər siyasətçi həmkarın o tərəfdən çıxıb od püskürsün. Rəsul bəyin bu dəfə boğçasından çıxarıb hədəfə aldığı şəxs Arif Hacılıdır.
”Bu kənd müxbiri özünü pioner kimi aparır”-deyə Rəsul bəy Arif Hacılının ünvanına bu cür şəkildə sərt mesaj göndərib. İndi məktub yazan yoxdu. Hamı bir-birinə mesaj atır. Əslində, bu Rəsul bəyin ilk mesajı deyil. Maraqlıdır, bu cür mesajlara ehtiyac varmı?! Görəsən, bu siyasətçilər xalqa nəyi sübut etmək istəyir?! Xalq artıq Sovet dövrünün çaldığı havaya oynayan xalq deyil. Xalqın inamını itirmək yox, qazanmaq lazımdır. Ən azından indiki durumda xalqın ehtiyacına daha çox siz siyasətçilərin ehtiyacı var. Öz aramızdı, Rəsul bəy, siz başdan-ayağa arxiv imişsiniz ki?!
Onu qarşılamaq olarmı?!
“Halva-halva deməklə ağız şirin olmaz axı!” Gərək qolunu çırmalayıb keçəsən iş başına. Bir həqiqət də var ki, Rüstəm İbrahimbəyovun ölkəyə qayıdışı halva deyil ki, tez-bazar nəsə bir iş görəsən. Burda həmin məqamın reallaşması əsas rol oynayır. Rusiya çöllərindən üzü bəri yayılan xəbərin nə dərəcədə doğru olduğunu deyə bilmərəm. Demirlər, qar yağacaq. Deyirlər, Rüstəm İbrahimbəyov Bakıya gələcək. Milli Şuranın İctimai Əlaqələr Komissiyasının sədri, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev heç də Rüstəm İbrahimbəyovu qarşılamağa lüzum olmadığını deyib. “Heç kim belə bir məsələdə şou yaratmaq fikrində deyil”. Mehman müəllim, siz necə də fikirləri oxuya bilirmişsiz! Elə ən böyük şou səhnələri siyasi düşərgədə qurulmur, məgər?! Sizcə, toy çadırı qurub bəy havası çalınan Milli Şurada baş verənlər unudulub?! Milli Şuranın təməlqoyma mərasimində belə, Rüstəm bəy gözə dəymədi. Nə danışırsınız, Mehman müəllim! İndi gözlər hava limanına dikilib. Siz də deyirsiniz ki, Rüstəm İbrahimbəyovu qarşılamağa ehtiyac yoxdu.
Şəfiqə Axundova ilə son görüş
Hər kəsə bu həyat bir dəfə verilir. Amma əsl sənətkar olmaq hər kəsin taleyinə yazılmır. Belə bir fikir də var ki, tanrı insanı hərtərəfli xoşbəxt etmir. Hələ də bilmirəm ki, insanlar əsl xoşbəxt olmaq deyəndə nəyi nəzərdə tuturlar?! Xoşbəxtlik nə pulda, nə var-dövlətdə, şan-şöhrətdədir. Əslində, xoşbəxtlik ani baş verən haldır. Yəni insan 5 dəqiqə ərzində də özünü xoşbəxt hiss edə bilər. Başqa bir fikirdə isə deyilir. “İnsan ya ailədə, ya da sənətdə xoşbəxt olur”. Məncə, bu fikirdə az da olsa həqiqət var. Allah sizə rəhmət eləsin, Şəfiqə xanım! Siz ailədə xoşbəxt ola bilmədiniz. Övlad toyu, nəvə səsi eşitmədiniz. Tanrı ailə sevgisini sizdən əsirgədi. Əvəzində böyük bir istedad verdi. Şərqin ilk opera yazan qadını kimi tarixə düşdünüz. Bu da hər kəsə nəsib olmur. Ölümünüz də adi ölüm olmadı. Təəssüf ki, oğul çiynində son mənzilə yola salınmaq qismətinizdə yox imiş. Amma böyük bir xalqın qarşısında dəfn edilmək var imiş. Bu ancaq sizin kimi şəxsiyyətə yaraşa bilərdi. Sizi həmişə xalqın sevgisi qorudu. Elə hər zaman xalqın qəlbində nəğmələrinizlə, bəstələrinizlə yaşayacaqsınız.
Ağ-qara pərdə
Bu həftə mətbuat tariximizin 138-ci ildönümü ilə əlaqədar müxtəlif mətbuat orqanlarında çalışan jurnalistlər mənzillə təmin edildilər. Təbii ki, mənzillərin bölgüsü öz sahiblərinə çatdı. Amma, söz-söhbətsiz alınmadı. Həmişə başqalarının həyatına işıq salan mətbuat bu dəfə özü özündə işıqlandırıldı. Bir çoxlarını mənzil bölgüsü qane etmədi. Elə mətbuat vasitəsilə bunlara şahid olduq. Həmkarlarımız arasında bir-birinin bostanına daş atanlar da oldu. Bu dəfə mətbuat mətbuat səhifələrində ağ-qara zolaqlarla təsvir olundu. Allah tərəfi deyə bilərəm ki, saçyoldusuna çıxanlara rast gəlmədim. Amma söz savaşı meydanda at oynatdı.
Belə, əziz oxucularım. Meydanda at oynatmaq indiki dövrün ab-havasına uyğun deyil. Arxadan elə zərbə vurarlar ki, güvəndiyin qılınc əlində qalar. Heç bu meydanda əliqılınclı kişilər görmədim. Bir tək ümidim bu meydanda at oynadan siyasətçiləri Qarabağ savaşında görməyə qalıb.