İranın müdafiə naziri Məhəmməd Rza Aştiani Tehranda səfərdə olan rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşdə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Modern.az xəbər verir ki, Aştiani bildirib ki, Qafqaz regionu ölkələrinin ərazi bütövlüyünün qorunması İran üçün “qırmızı xətlər”dən biridir.
O, həmçinin Rusiya Federasiyası ilə, o cümlədən Yaxın Şərqdə terrorizmə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq təcrübəsini yüksək qiymətləndirib. İran Müdafiə Nazirliyinin başçısı əmin olduğunu bildirib ki, iki dövlət arasında hərbi və müdafiə sahəsində qarşılıqlı fəaliyyət zaman keçdikcə inkişaf edəcək, çünki bu, tərəflərin maraqlarına tam cavab verir.