Modern.az

Prezidentlərin görüşünə ŞƏRH: “7 rayonun hissə-hissə azad olunması ehtimalı mövcuddur”

Prezidentlərin görüşünə ŞƏRH: “7 rayonun hissə-hissə azad olunması ehtimalı mövcuddur”

مورد توجه

7 Noyabr 2013, 16:48

Politoloq: “Rusiya münaqişə bölgəsinə sülhməramlı qüvvələrini yerləşdirməyə çalışır”


ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfəri zamanı Azərbaycan və Ermənistan prezidentlərini noyabrın sonuna qədər ikitərəfli görüş keçirəcəkləri barədə razılıq əldə olunub.

Modern.az Serj Sarkisyan və İlham Əliyev arasında baş tutacaq görüş barədə Politoloq Qabil Hüseynlini fikirlərini öyrənib.  

“Dağlıq Qarabağ ətrafındakı 7 rayonun hissə-hissə azad olunması ehtimalı mövcuddur”

Qabil Hüseynli Rusiyanın son dövrlərdə münaqişəyə münasibətini dəyişdiyini düşünür. Onun fikrincə, bu səbəbdən Dağlıq Qarabağ ətrafındakı 7 rayonun hissə-hissə azad olunması ehtimalı mövcuddur.
“Hər şey Ermənistanın və Rusiyanın mövqeyindən asılıdır. Xüsusən də Rusiyanın mövqeyi çox önəmlidir. Son vaxtlarda Rusiyanın mövqeyində müəyyən pozitiv çalarların meydana çıxması müşahidə olunur. Çətinliklə də olsa, özümü inandırmağa çalışıram ki, Rusiya doğurdan da Qarabağ münaqişəsinə münasibətini dəyişir. Bu dəyişiklər vasitəsilə problemin həllinə çalışır. Məsələn 5 rayonun geri qaytarılması barədə fikirlər dolaşmaqdadır. Məhz Madrid prinsiplərində nəzərdə tutulan 5+2 yəni öncə 5 rayonun qaytarılması, sonra isə daha iki rayonun Qarabağın statusunun müəyyənləşdirilməsi ilə yanaşı qaytarılması nəzərdə tutulur. Bunlar hamısı gündəmə gələ bilər. Guya Rusiyanın Ermənistana 5 rayonu geri qaytarması barədə təlimat verilib. Ermənilərsə buna əməl etmək niyyətindədirlər. Lakin əvəzində Dağlıq Qarabağa müvəqqəti statusun verilməsini istəyirlər. Amerika, Fransa və Rusiya problemin həllini istəyirlər və bunun üçün müəyyən addımlar atırlar”.  

“Müzakirələrin istənilən variantının əsasında Madrid prinsipləri dayanacaq”

Siyasi ekspert Madrid prinsiplərinin danışıqlar prosesində əsas olduğunu və ölkəmizin heç bir halda Ermənistana güzəştə getməyəcəyini düşünür. “Mənim zənnimcə, müzakirələrin istənilən variantının əsasında Madrid prinsipləri dayanacaq. Azərbaycan yeniləşmiş Madrid prinsiplərini qəbul edib. Yeni prinsiplər köhnəsinə nəzərən bir neçə əlavələr nəzərdə tutub. Bu əlavələr Azərbaycanın ərazi bütövlüyünün pozulmasına imkan verməməlidir”.

Politoloqun sözlərinə görə, Rusiya və Amerika tərəfləri kompromisə çağırır. “Azərbaycanın bu məsələdə kompromisə gedəcəyi bir şey yoxdur. Güzəşt limitimiz bitib. Amma Azərbaycanın nəyi güzəştə gedəcəyini söyləmək çox çətindir”.

“Yenə də təşəbbüsü Rusiyaya veriblər”

 Qabil Hüseynli danışıqlarda yenə də Rusiyanın əsas vasitəçilik funksiyalarını üzərinə götürdüyünü və Azərbaycanı Gömrük və Avrasiya İttifaqlarına üzv etmək istədiyini düşünür. “Yenə də təşəbbüsü Rusiyaya veriblər. Düzdür, Amerika və Fransa bu proseslərdə iştirak edir amma bütün açarlar Rusiyanın əlindədir. Hər şey Rusiyanın istəyindən asılı olacaq. Zənnimcə, Rusiya Azərbaycan dialoqu, qarşılıqlı maraqlar əsasında konsensus əldə etməsi münaqişənin həllinin irəliləməsinə şərait yaradacaq. Rusiya münaqişə bölgəsinə sülhməramlı qüvvələrini yerləşdirməyə, Azərbaycanı Gömür və Avrasiya İttifaqlarına üzv etməyə çalışır. Amma Azərbaycanın bu addımları atması mümkün deyil”.    

Vüqar İsmayılov   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı