Modern.az

Sadəcə Vüqar Həşimov...

Sadəcə Vüqar Həşimov...

Aktual

11 Yanvar 2014, 20:37

Sahib Əsədbəyli

Hələ çox balaca idim... Dövlət televiziyasının uzunömürlü layihələrindən olan "Şahmat klubu" verilişində bir yeniyetmə oğlan daim qonaq olurdu. Hər verilişdə yeni gedişlər,  dünyaca məşhur xana ustalarının həlledici görüşlərdə qurduğu oyun stilini öyrənirdi... Hələ erkən yaşlarından çalışqanlığı peşəsinə rəğbəti ilə seçilirdi Vüqar.

2002-ci ildə lazımi prossedurları keçən Həşimov qrossmeyster dərəcəsinə layiq görüldü. Bundan əvvəlsə o, artıq 3 dəfə Azərbaycan çempionu adını təsdiqləmişdi. 1995, 1996 və iki illik fasilədən sonra,1998-ci ildə ölkənin ən güclü zəka sahibi adına layiq görülmüşdü. Bir ara Vüqar gözdən itmişdi şahmat arenasında. Ancaq gəlişi sözün əsl mənasında möhtəşəm oldu. Köhnə-yeni tanış simanın qayıdışı 2008-ci ildə Azərbaycan şahmatının FİDE-nin reytinq sıralamasında ilk iyirmilikdə ilk dəfə olaraq üç şahmatçıyla  təmsil olunması ilə yadda qaldı.

Azərbaycan müasir şahmatının flaqmanı Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun ardınca Vüqar Həşimov gəlirdi. Səhv etmirəmsə FİDE-nin siyahısında on yeddinci idi.  Dünya şahmatı yeni Azərbaycan zəkasını tanımışdı. Bəli, bu Vüqar Qasım oğlu Həşimov idi. O Vüqar ki, 2009-cu il Avropa çempionatında Azərbaycan millisini arxasınca apardı. Vüqar əsasən öz görüşlərini üçüncü lövhədə keçirirdi. Teymur və Şəhriyarın bir növ kölgəsində qalmışdı. Ancaq qələbələrin çoxu məhz Vüqarın timsalında qazanıldı. Bununla da Azərbaycan şahmat tarixinin ən böyük uğurunun qazanılmasında ən böyük pay sahibi oldu. Bu nəticələrdən sonra Vüqar özünə qarşı olan "üçüncü" münasibətdən dolayı haqlı narazılıqları ilə yadda qaldı. Elə bu səbəbdən Azərbaycan Şahmat Federasiyası onun adını 2010-cu il Şahmat olimpiadasında yığmanın heyətinı daxil etmədi. Federasiya və KİV-lər onun bu narazılığını eqoizm adlandırıb bu ədalətsizliyə haqq qazandırdı. Lakin, Vüqarın ambisiyalarını başa düşmək,  onun bu davranışına sivil münasibət göstərmək üçün sadəcə idmançı olmaq lazım idi...


Bu, Vüqarın şahmatdan gedişi olmadı. Mütəmadi olaraq şəxsi yarışlarda zəkasını sınayan Vüqar Həşimov  2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi oldu. Bu parlaq nailiyyət FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında öz əksini tapdı. Vüqar Həşimov Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşdı.

11.01.2014

2012-ci ildən Vüqar Həşimov yarışlara qatılmadı. Bunun səbəbi KİV-lər üçün də qaranlıq idi. Sadəcə "səhhətində müəyyən problemlər var " adı verilən bu yoxluğun səbəbi hətta mənim üçün də bu gün aydın oldu... Sən demə, Azərbaycan şahmatının üç böyük simasından biri (Vladimir Akopyan, Emil Sutovski və Harri Kasparovu Azərbaycan şahmatçısı kimi qələmə vermək istəməzdim) uzun zamandır ki, xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Bu gün səhər saatlarında 27 yaşlı şahmatçımız əbədiyyətə qovuşdu. Kim bilir yaşasaydı bundan sonra hansı uğurlara nail ola bilərdi... Kim bilir ürəyində hansı arzular vardı ...
Eeeeh, bizə sadəcə ALLAH RƏHMƏT ETSİN demək düşər !

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı