Modern.az

İctimai mədəniyyətin aynası

İctimai mədəniyyətin aynası

Aktual

23 Aprel 2014, 10:57

Xalid Niyazov,
Əməkdar jurnalist
    

Bəşəriyyətin inkişaf tarixi göstərir ki, şüurlu cəmiyyət yarandığı gündən bəri insan üç şeyə sahib olmaq uğrunda mübarizə aparıb: maddələrə, enerjiyə və informasiyaya. Məhz daha çox informasiya əldə etmək uğrunda verilən mücadilə bəşər inkişafını dəstəkləyən paradiqmalardan birinə çevrilməklə həm də informasiya inqilablarının müəyyən mərhələsində televiziyanın yaranmasını şərtləndirmişdir. İctimai şüura təsir imkanlarının bolluğu və miqyası nöqteyi-nəzərindən televiziya və radionun digər kütləvi informasiya vasitələrindən daha üstün mövqeyə malik olması artıq günümüzün təkzibedilməz reallıqları sırasındadır.

Azərbaycan teleməkanının efir subyektləri də orta statistik ölkə izləyicisinin gündəlik informasiyaya olan tələbatını ödəmək, habelə qüdrətli bir təbliğat vasitəsi kimi maarifləndirici missiyalarını həyata keçirmək məqsədilə həm yaradıcı potensiallarından, həm də texniki imkanlarından maksimum bəhrələnməyə çalışırlar. Bu məsələyə ölkənin efir ailəsinin sonbeşiyi olan İctimai televiziya daha kreativ, köklü şəkildə və peşəkarcasına yanaşır.

 Doqquz il əvvəl azad sözə, fikir plüralizminə, mədəni-mənəvi-əxlaqi maariflənməyə olan tələbat, cəmiyyətin demokratikləşməsi və ölkəmizin Qərb dəyərlərinə qovuşmaq istəyinin təcəssümü kimi yaranmış İTV son bir ildə mass-media - vətəndaş, televiziya - cəmiyyət münasibətlərinin, “efir zənbili”nə daxil olan verilişlərin ideya-bədii və bədii-estetik məziyyətlərinin yeni keyfiyyət səviyyəsi ilə fərqlənməkdədir. 

Sirr deyil ki, bugünkü televiziyanın maddi-texniki bazası nə qədər güclü olursa-olsun, onun simasını maraqlı və keyfiyyətli verilişlər təyin edir. Belə verilişləri isə yalnız peşəkar, püxtə jurnalistlər hazırlaya bilərlər. Tanınmış rejissor, Əməkdar incəsənət xadimi, usta televiziya idarəçisi Cəmil Quliyev şirkətə rəhbərlik etdiyi son bir ildə kanalın simasını təyin edən verilişlərin hazırlanmasında məhz bu amilin aparıcı rol oynadığını dəyərləndirərək sahənin kifayət qədər peşəkar, səriştəli, yüksək işgüzar potensiala və etik-əxlaqi məziyyətlərə malik nümayəndələrindən ibarət komanda yaratmağa müvəffəq olmuşdur.  

Cəsarətlə söyləmək olar ki, İTV-nin “efir gündəliyi”nin zəngin palitrası barmaqla sayılacaq adamları məyus etsə də, milyonları sevindirir. Burada seyrçilərin ən tələbkar zövq və maraq dünyasını qane edəcək say və keyfiyyətdə verilişlər var. Kanal rəhbərliyi ölkə efirində müşahidə olunan daha incə zövqün, peşəkarlığın, kreativ yanaşmanın İTV-nin efirinə gətirilməsinə və seyrçilərə aşılanmasına çalışır. Artıq bu istiqamətdə konkret addımlar atılır, izləyicilərə mədəniyyət və incəsənətin ən gözəl nümunələri təqdim edilir; tok-şoulardakı fikir müxtəlifliyi, sərbəstlik və plüralizm, proqramlardakı rəngarənglik tamaşaçıları yenə də özünə cəlb etməkdədir.

Bu gün ictimaiyyəti düşündürən, üstünü uzun illərin biganəlik tozu basmış problemlərin “səfini pozan”, cəmiyyətdəki cox ciddi ictimai-siyasi, sosial-iqtisadi və etik-əxlaqi problemləri mükalimə müstəvisinə çəkən verilişlər sırasında

İnformasiya və İctimai-Siyasi proqramlar Departamentinin hazırladığı "Ortaq məxrəc", "Diqqət mərkəzi", "Qarabağ: real tarix", Gənclər, elm və təhsil departamentinin təqdim etdiyi "Gənclik həyatı", "Gerçəkliklər", "Açıq dərs", "Salam əsgər" adlı proqram və sosial telelayihələrin adını çəkmək mümkündür.

"Həftənin yekunu" analitik informasiya proqramı hər bazar günü efirə gedən analoji “daycest proqram”lardan müzakirəyə çıxardığı məsələlərin aktuallığı, geniş, konseptual və analitik şərhləri ilə fərqlənir. Burada nəinki ölkəmizi, eləcə də dünyanı düşündürən geosiyasi və geoiqtisadi, sosiomədəni problemlərin təhlili ilə bağlı mötəbər fikirlər səslənir.     

Ortaya əzm qoyan, əziyyət qoyan, zəhmət, iş qoyan və nəticə etibarilə ölkənin seyrçi auditoriyasının ən çox izlədiyi və gözlədiyi, verilişlərinin keyfiyyət və peşəkarlığından məmnun qaldığı telekanallardan birinə çevrilməyi bacaran İctimai televiziyada, belə deyək, adamın içinə sinən, ürəyinə yatan, zövqünü oxşayan və bütövlükdə, seyrçidə zövq mədəniyyətini tərbiyə edən və formalaşdıran proqramlardan biri də hər sabahını bizimlə açan "Yeni gün" səhər proqramıdır. Cəsarətlə söyləmək olar ki, bütövlükdə “mini televiziya” adlandıra biləcəyimiz “Yeni gün” son bir ildə daha da təkmilləşərək seçdiyi mövzuların rəngarəngliyinə, təqdim etdiyi süjetlərin aktuallığına, ən müxtəlif sahələri təmsil edən qonaqlarının auditoriyasına və s. göstəricilərinə görə bəzi telekanalların gündəlik yayım “setka”sını belə geridə qoymaqdadır. İzləyici bir neçə saat ərzində zəhmətkeş və istedadlı bir kollektiv tərəfindən hazırlanmış proqramda ölkənin ən müxtəlif peşə adamları, maraqlı insanları ilə “on-line” rejimdə ünsiyyətdə olur, canlı musiqi dinləyir, mədəniyyət və incəsənət adamlarının yaradıcılıq planlarından soraq tutur, bir sözlə, bütün günün xoş ovqatına “Yeni gün”ün müsbət enerjisi ilə köklənir.

Obyektivlik xatirinə qeyd olunmalıdır ki, məhz C.Quliyevin rəhbərliyi dönəmində İctimai televiziyanın yaradıcılıq fəaliyyətində, yayım siyasətində dolğun məzmunla zənginləşdirilmiş yeni forma tapıntıları, telekanalın informasiya cəmiyyətində ictimai həyatın universal institutuna çevrilməsi və bunun nəticəsi kimi də passiv teletamaşaçının sosial-siyasi diskursun fəal iştirakçısı səviyyəsinə qalxması prosesi müşahidə olunmaqdadır.    

Xalqın, ictimaiyyətin televiziyası olan İTV bu gün böyük bir izləyici auditoriyaya açılan xitabət kürsüsüdür, maarifçilik məktəbidir, əxlaq, mədəniyyət, mənəviyyat örnəyidir. Onun istehsal etdiyi proqramlar, ortaya qoyulan, belə demək mümkünsə, intellektual əmtəə zamanla yanaşı, seyrçinin də imtahanından keçir. Hansısa proqramlar ömrünü başa vurur, yeni layihələr yaranır. Əsas məqsəd, leytmotivsə birdir – ictimai televiziya vətəndaş cəmiyyətinin qurulmasında hər nə qədər yaxından iştirak edirsə, vətəndaş cəmiyyəti də öz maraqlarından çıxış edərək ictimai televiziyanı formalaşdırır.

Biz həmişə yaxşının adını çəkməli, haqqında danışmalıyıq. Çünki yaxşılıq, xeyirxah əməl həmişə  bölünə-bölünə çoxalır, həyatımızı gözəlləşdirir, yaşamağı asanlaşdırır. Bilsəniz, dünyanın buna necə ehtiyacı var?! Və bir ilin tamamında İctimai televiziyanın böyük və zəhmətkeş kollektivinin hədəflədiyi yaradıcılıq zirvələrinə məhz kimin rəhbərliyi altında ucaldığını söyləmək də, hesab edirik ki,  bir həmkar kimi bizim borcumuzdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı