
Milli Təhlükəsizlik Nazirliyindən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində aparılan ”təmizləmə” işlərindən aydın olur ki, yüksək vəzifəli şəxslərin çalışdıqları illər ərzində ən böyük “xidmətləri" ölkəni çapıb-talamaqdan ibarət olub.
Oliqarxların ölkədaxili və xaricdəki bank hesabları, respublikanın müxtəlif yerlərində ucaltdıqları, qiyməti 100 milyon manatlarla ölçülən sarayları bunu deməyə əsas verir.
Məlum olur ki, həmin məbləğlər sadə vətəndaş üçün əlçatmaz görünərkən, bəzi vəzifəlilər qanunsuz yollarla inanılmaz sərvət sahibinə çevrilib, əldə etdikləri pulları ağına-bozuna baxmadan sağa-sola xərcləyiblər.
Özləri üçün saray ucaldıblar. Bahalı və ekzotik əyləncələri, sarayları xatırladan villaları göz qamaşdırır.
Bizlər ən primitiv həyat şərtlərini yerinə yetirməkdə çətinlik çəkərkən, bəzi məmurlar öz əyləncələri, “qeyri-adi” macəraları, qumar oyunları, hobbiləri üçün sərvət xərcləyirlər.
Bu gün internat məktəbləri, uşaq evlərində yüzlərlə uşaq atasız-anasız, evsiz-eşiksiz böyüyür.
2015-ci ilin əvvəlinə olan məlumata görə, internat məktəbləri və kimsəsizlər evində 9997 uşaq tərbiyə alır.
Hər il onlarla, yüzlərlə 18 yaşlı yeniyetmə internat məktəblərini, uşaq evlərini tərk etmək məcburiyyətində qalır.
Məcburiyyət deyirik, çünki, onlar, gedəcək yerləri olmadığı halda gedirlər...
Onları Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva hər zaman diqqətdə saxlayır. Birinci xanım tərəfindən 18 yaşı tamam olan kimsəsizlər üçün yaşayış binaları inşa edilir. Son illər bu sahədə böyük işlər görülür.
Bəlkə "vurulan" məmurların villaları yoxlama, ekspertizalar aparıldıqdan sonra heç sökülməsin.
Elə atasız-anasız uşaqlara verilsin...
Biz bunu təklif edirik.
O villalar dövlətdən, millətdən oğurlanan pullar hesabına tikilib.
Ata-anası olmayanlar da bu millətdəndir, bu dövlətdəndir.
O villalar belələrinə halaldır. Təklifimizə səs verin.
Gülşən RAUFQIZI