Maraqlıdır ki, dünya xalqları illəri cəmi 2 cür hesablayır (şəmsı, qəməri), həftəni hamı 7 gün, günü 24 saat, saatı 60 dəqiqə və s. sayır, ancaq ayları az qala hərə bir cür adlandırır. Uzağa getməyək, ay adları Ərəbistanda bir cür, İranda başqa cür, Türkiyədə bir ayrı cür, Tükmənistanda tamam fərqli, bizdə isə bildiyiniz kimi səslənir.
Hər dəfə ilin aylarını düşünəndə yadıma düşən aylara yaxın tariximizin vurduğu möhürlər olur. Yanvar - 20 Yanvar hadisəsi ilə, Fevral - Xocalı faciəsi ilə, Mart - soyqırımı günü ilə, aprel - Kəlbəcərin işğalı günü ilə, may - Şuşanın işğalı ilə yaddaşlara yazılıb.
Digər ayların da hər birində bir nisgil, bir sızıltı, bir ağrı möhürü var. Biz bu ağrıları 25 ildən artıq daşıdıq, yetər! Bu ayların üstündəki yükü silmək üçün çox düşündük, çox səbr etdik-gördük ki, onlar illəri, illər də tariximizi ağırlaşdırır, sonra bu yükü daşımağa 10 milyon yox, 100 milyon da olsaq təpərimiz çatmayacaq. Bunları bir-bir tarixdən silmək gərək! Silmək də sadə məsələ deyil! Milli yaddaşa qanla yazılmış bu səhifələr kitab vərəqi deyil ki, cırıb təzədən yazasan. Bu sadə olmayan- daha dəqiqi olduqca mürəkkəb tarixi manevrləri nə alimlər, nə digər başbilənlər, nə tarixin sadəcə müşahidəçiləri olan biz şahidlər edə bilməzdik-bunu şəhidlər etdi!

2 apreli - Kəlbəcərin işğalı günü kimi 23 il ürəyimizi əzən, vicdanımızı sıxan, mənəviyyatımızı sarsıdan bir tarixi qəhrəmanlıq gününə çevirən oğullar oldu! Bayrağımızı zirvələrə taxan, milli dəyərlərimizi, birliyimizi, vətən təəssübkeşliyimizi həmən zirvələrdən daha yüksəklərə qaldıran Azərbaycan əsgərinə eşq olsun! Eşq olsun o insanlara ki, nisgili, bir daha birləşməmək və gələcəyə ümid şübhələrini, dalında dayanana görə bərk hürən erməni köpəyinin xof mifini, daha nələri və nələri ürəyimizdən silə bildi!
Rəhmətlik Müşfiq demişkən: “İnsan bir gün gəlib, bir gün gedəcək!”. Gəlişinə görə hamı bir-birinə bənzəsə də, gedişinə görə heç kəs digərinə bənzəmir. İnsan 20 yaşında da, 50 yaşında da, 100 yaşında da bu dünyadan gedə bilər. Əgər 20 yaşında şəhid kimi bu millətin qan yaddaşına yazılıb 1000 il sonra anılmaq şansın varsa,uzun yaşayan və arvad danlağına dözə bilməyib ölən, əyyaş oğlunun dərdindən dünyasını dəyişən, gəlin töhmətindən, evinin oğurlanmasından, avtomobil qəzasından, qaz sızmasından, digər mənasız ölümlərdən gedən 70-80 yaşlı insanlardan çox yaşadığını bilərək daha xoşbəxt olduğuna əmin olmalısan, şəhid qardaşım! Birinin ad gününü təbrik edəndə, ona uzun ömür yox, mənalı ömür, yaxud mənalı ölüm arzulamaq daha doğrudur, şəhid qardaşım! Sən öz ölümünlə Kəlbəcər işğalını tarixdən sildin, sənin davamçıların Şuşa, Laçın, Cəbrayıl, Füzuli, Ağdam, Xocalı, Qubadlı, Zəngilan nisgillərini silə biləydi, şəhid qardaşım! Sən ömür tarixinin yazında tarix yazdın, tarixə yazıldın, şəhid qardaşım!