
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 10-da 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.
TQDK-dan Modern.az-a verilən məlumata görə, imtahanda istifadə olunmuş sualların düzgün cavabları qurumin internet saytında yerləşdirilib.(burada - //tqdk.gov.az/ )
TQDK eyni zamanda abituriyentlərə ballarını hesablamaq imkanı yaradıb. (burada- //tqdk.gov.az/bh.swf )
I ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə biləcəklər.
I qrupun imtahanları respublikanın 4 şəhərində - Bakıda 41, Naxçıvanda 2, Gəncədə 6, Sumqayıtda 7 binada keçirilib.
Orta ümumtəhsil müəssisələrindən 2515 nəzarətçi-müəllimin iştirak etdiyi imtahana 248 imtahan rəhbəri cəlb olunub.
2011-ci ildə I qrup üzrə 33587 abituriyent ərizə təqdim edib.
I ixtisas qrupu üzrə sənəd verənlərin 30965 nəfəri Azərbaycan bölməsinin, 2622 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 19825 nəfərini oğlanlar, 13762 nəfərini isə qızlar təşkil edir.
18257 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur.
13974 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.
Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 128 abituriyent xarici ölkələrin vətəndaşıdır. 127 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.
1229 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.
Ən yaşlı abituriyent 1958-ci ildən, ən gənc isə 1996-cı ildəndir.
I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 14-dən 20-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə I ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.
Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq.
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.
Modern.az