Modern.az

Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib

Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib

Ölkə

25 Oktyabr 2011, 08:36

Oktyabrın 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə görə, Azərbaycan 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Təhükəsizlik Şurasında təmsil edəcək yeni qeyri-daimi üzv seçilib.  
Hələ cümə günündən başlanan və gün ərzində davam edən səsvermənin əlavə mərhələləri Sloveniya və Azərbaycan arasında qalibi müəyyənləşdirə bilməmişdi. Xatırladaq ki, Azərbaycan, Sloveniya və Macarıstan Təhlükəsizlik Şurasında üzvlük müddəti başa çatan Bosniya və Herseqovinanı əvəz etmək üçün seçkiyə qatılmışdı.
Gizli səsvermənin ilk mərhələsində Macarıstan digər iki rəqibinə nisbətən az səs toplayaraq mübarizədən kənarlaşmışdı. Daha sonra səsvermə Azərbaycanla Sloveniyanın namizədlikləri üzərində qurulmuşdu. Lakin heç biri qələbə üçün yetərsaya nail olmamışdı.

Buna baxmayaraq, Azərbaycan inamla irəliləyərək lehinə olan səsləri artıra bilib. Gizli səsvermənin 16-cı mərhələsindən sonra Sloveniya nümayəndəsi seçki nəticələrində əhəmiyyətli dəyişikliyin olmadığını nəzərə alaraq ölkəsi adından bəyanatla çıxış edib və bildirib ki, Sloveniya seçki kampaniyası və səsvermə prosesindən razı deyil. Lakin, indiyədək əldə edilən səsvermə nəticələrindən BMT Baş Məclisi üzvlərinin kimə üstünlük verdikləri açıq aydın görünür. Sloveniya nümayəndəsi onları dəstəkləyən dövlətlərin üzvlərinə minnətdarlığını bildirərək ölkəsinin namizədliyini geri götürdüyünü deyib.
Bu addımdan sonra keçirilən səsvermənin nəticələri üçdə iki səs çoxluğu ilə Azərbaycanı qalib çıxararaq BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvü müəyyən edib. Səsvermənin nəticələri alqışlarla qarşılanıb, zalda oturan Azərbaycan nümayəndə heyəti təbrik edilib.

Səsvermədən dərhal sonra AzərTAc-a eksklüziv müsahibə verən xairic işlər naziri Elmar Məmmədyarov bütün Azərbaycan xalqını bu qələbə ilə təbrik edib. O, qeyd edib ki, bu, böyük və haqlı şəkildə qazanılan diplomatik uğur üçün Azərbaycan tərəfi genişmiqyaslı iş aparıb:
“Biz, ölkəmizi dəstəkləyən bütün BMT üzvü dövlətlərə minnətdarlığımızı bildiririk. Əlbəttə ki, səsvermənin on yeddi mərhələsindən sonra qalib gələcəyimizi gözləyirdik. Artıq ötən cümə aydın idi ki, Baş Məclisin əksər üzvləri məhz Azərbaycanın namizədliyini dəstəkləyir. Sloveniya da səs ayrılığının ciddi olduğunu görüb, namizədliyini geri götürdü”.
 
E.Məmmdyarov bildirib ki, gələn il səlahiyyətlərinin icrasına başlayacaq Azərbaycan üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq sülh və sabitliyin qorunması, ölkələrin davamlı inkişafı, mədəniyyətlərarası anlaşmanın artırılması, ətraf mühitin qorunması kimi məsələlər vacib olacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin gündəminə gətirilməsinə gəldikdə isə, Elmar Məmmədyarov qeyd edib ki, bu, tək Azərbaycanın arzusu ilə baş verə bilməz. BMT TŞ-nin daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsdər ölkələri- ABŞ, Rusiya və Fransa da bunun üçün çalışmalıdırlar.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası hələ 1993-cü ildə Dağlıq Qarabağa dair qəbul etdiyi 822, 853, 874, 884 N-li qətnamələrlə Azərbaycanın suveren ərazilərinin işğalını pisləmiş və erməni silahlı qüvvələrini zəbt etdikləri bölgələri qeyd –şərtsiz şəkildə azad etməyə çağırmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı