Modern.az

...deməsəm, ölləm!

...deməsəm, ölləm!

کشور

4 Dekabr 2011, 20:36

Rafiq Tağının qızı deyib ki, atası həbsdən çıxandan sonra hər gün ona yalvarırmış ki, daha heç nə yazmasın. Rafiq müəllim də hər gün söz verirmiş ki, bundan sonra heç nə yazmayacaq. Hətta o, qızını inandırmaq üçün belə deyirmiş: "Atacanı yazmayacam..."

Rəhmətlik Elmar Hüseynov da səs-küylü məqalələrindən sonra həmişə öz əzizlərini inandırmağa çalışırmış ki, daha heç nə yazmayacaq. Təzyiqə məruz qalan, hədələnən bütün jurnalistlər öz ailə üzvlərinə bu cür yalanlar danışıblar. Bəzən elə olub ki, mən iki-üç ay evə qəzet apara bilməmişəm. Elə dostlarım var ki, valideynləri övladlarının jurnalist olduğunu hələ də bilmirlər. Heç bir jurnalist öz əzizlərinin iztirab keçirməsini istəmir.

Jurnalistin vəzifəsi ağa ağ, qaraya qara deməkdir. Amma Azərbaycanda "ağ adamlar" qara əməllərinin üzə çıxmasını istəmədikləri üçün jurnalistlərə qənim kəsiliblər. Bu ölkədə jurnalistləri ən ağlasığmaz üsullarla cəzalandırırlar. Açıq şəkildə deyirlər ki, başının ağrımasını istəmirsənsə, heç nə yazma. Amma başının ağrımasını istəməyəndə, vicdanın ağrımağa başlayır. Ləyaqətli adamlar vicdanının ağzına daş basa bilmirlər. Eynən Elmar Hüseynov kimi, Rafiq Tağı kimi...

Dekabr ayının 1-dən etibarən Bakı metrosunda gedişhaqqı 20 qəpik oldu. İndi metro Bakıda ən ucuz nəqliyyat vasitəsi sayılmır. Tağı Əhmədov ağlaya-ağlaya Bakı metrosunda gedişhaqqını 5 qəpikdən 20 qəpiyə qaldırmağa nail oldu. Bu adamın sərvətinin miqdarı özündən başqa heç kimə məlum deyil. Camaat yerin üstündə 5 manat qazana bilmədiyi halda, Tağı Əhmədov yerin altında milyonlar qazanır. Sərnişinləri hələ də sovet dövründən qalan köhnə qatarlarda daşıyan Tağı müəllim özünə Ramana qəsəbəsində nəhəng bir imarət tikdirib. Şuşa köçkünləri üçün yaxınlıqda inşa olunmuş evlər Tağı Əhmədovun üçmərtəbəli villasının yanında qoca palıd ağacının altında bitən kol-kos kimi xırda görünür. Deyilənə görə, Bakı Metropoliteninin rəisi vaxt tapıb, ildə bir dəfə həmin villanın qapısını aralaya bilmir. Halbuki həmin villada ən azı 10 köçkün ailəsini yerləşdirmək olar. İndi mən hansısa vələdüzzinanın gecə qarşımı kəsib, əlindəki paslı bıçağı kürəyimə saplamasından qorxub, Tağı Əhmədovdan soruşmayım ki, ay yoldaş, aldığın cüzi məmur maaşı ilə sən ən azı 1 milyon manat qiyməti olan bu villanı necə tikdirmisən? Yaxud Ziya Məmmədovdan soruşmayım ki, real dəyərindən 10 dəfə baha qiymətə başa gələn yolları niyə ildə ən azı üç dəfə təmirə bağlayırsan? Tutaq ki, bizi avam yerinə qoyursan, bəs, Allahdan da qorxmursan?!

Əsl jurnalistlər öz yazılarında Kəmaləddin Heydərova, Səfər Əbiyevə, Misir Mərdanova, Hacıbala Abutalıbova, eləcə də digər korrupsioner məmurlara tez-tez bu cür suallar verirlər. Nə olsun ki, həmin adamlar bu suallara cavab vermirlər. Əsas odur ki, xalq həqiqəti bilsin. Hətta bu, bizim qanımız bahasına başa gəlsə belə... 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı