Modern.az

CNN Bakıda "Eurovision-2012" üçün tikilən sarayı nümayiş etdirib (FOTO)

CNN Bakıda "Eurovision-2012" üçün tikilən sarayı nümayiş etdirib (FOTO)

Ölkə

5 Dekabr 2011, 18:00


Gələn ilin mayında Bakıda "Eurovision-2012" Mahnı Müsabiqəsinin keçiriləcəyi binanın eskizini CNN telekanalı öz reportajında nümayiş etdirib. Modern.az CNN-nin rəsmi saytına istinadən bildirir ki, kanalın Azərbaycan haqqında hazırladığı silsilə verilişlər çərçivəsində “Eye on Azerbaijan” - “Azərbaycana nəzər” adlanan proqramında ölkəmizin bu beynəlxalq mahnı yarışmasındakı qələbəsindən və gələn il ev sahibliyi edəcəyimiz "Eurovision-2012"yə hazırlıq işlərindən bəhs edilib.

CNN bildirib ki, Azərbaycanın paytaxtında "Eurovision-2012" Mahnı Müsabiqəsinin keçiriləcəyi və təxminən 25 min tamaşaçı tutumuna malik olacaq möhtəşəm "Baku Crystal Hall" kompleksi tikilir.

«Baku Crystal Hall» idman kompleksinin tikintisi Dövlət Bayrağı Meydanının ətrafında cari ilin sentyabrında başlanıb. Təxminən 25 min nəfərin yerləşdiriləcəyi kompleksin 2012-ci ilin aprelində istismara veriləcəyi planlaşdırılır.

Bakı şəhərində “Eurovision-2012” Mahnı Müsabiqəsinin keçirilməsi üçün arenanın tikintisinini Almaniyanın məşhur “Alpine Bau Deutchland AG” şirkəti həyata keçirir.

Xatırladaq ki, “Eurovision Mahnı Müsabiqəsi-2012”nin yarımfinal mərhələləri mayın 22-24-də, final mərhələsi isə mayın 26-da Bakıda olacaq.

“Eurovision 2012” mahnı müsabiqəsinin Bakıda keçirilməsi üzrə təşkilat komitəsinə ölkənin birinci xanımı Mehriban Əliyeva sədrlik edir. Komitənin üzvləri nazirlər Elmar Məmmədyarov, Ramil Usubov, Şahin Mustafayev, Əbülfəs Qarayev, Əli Abbasov, Azad Rəhimov, paytaxt meri Hacıbala Abutalıbov, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadədir.

X.Səfəroğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı