Modern.az

Azərbaycan büdcəsini “neft əsarəti”ndən necə qurtarmalı..? - TƏHLİL

Azərbaycan büdcəsini “neft əsarəti”ndən necə qurtarmalı..? - TƏHLİL

Ölkə

12 Yanvar 2012, 17:16

İqtisadiyyatın mühərrikini işə salmadan davamlı iqtisadi inkişafa nail olmaq mümkün deyil

Azərbaycanı yaxın gələcəkdə gözləyən təhlükədən qurtarmağın tək yolu kiçik və orta sahibkarlığı inkişaf etdirməkdir


2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında prezident İlham Əliyev hökumətin qarşısında növbəti 10 ildə Azərbaycanda ümumi daxili məhsulu ən azı 2 dəfə artırmaq vəzifəsi qoydu. Və bu vəzifənin həyata keçirilməsi üçün ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinin vacib olduğunu bildirdi. Bu zaman orta və kiçik həcmli müəssisələrin fəaliyyətinin gücləndirilməsinin, onların sayının artırılmasının zəruri olduğu da vurğulanıb. Pezident İlham Əliyevin təsdiq etdiyi “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında da 2011-2015-ci illərdə uyğun olaraq Sənaye və Energetika, Kənd Təsərrüfatı, İqtisadi İnkişaf nazirliklərinə Azərbaycan regionlarında kiçik və orta sənaye müəssisələrinin yaradılması üçün tədbirlərin həyata keçirilməsi tapşırılıb.

Büdcə gəlirlərinin və ÜDM-in artımı neft-qaz sektorunun hesabına baş verir

Bu da təsadüfü deyil. Məsələ ondadır ki, son illər ölkədə həm büdcə gəlirlərinin, həm də ümumi daxili məhsulun (ÜDM) artımı əsasən neft-qaz sektoru hesabına baş verib. Belə ki, neft gəlirlərinin büdcədə payı 2004- cü ildə 42%, 2005-ci ildə 54%, 2006-cı ildə 58%,  2007-ci ildə 61,3 %, 2008-ci ildə 62,4%, 2009-cu ildə 65,4%, 2010-cu ildə 69% olub. Ötən  il isə neft gəlirlərinin büdcədə payı 70 faizdən artıq olub. Bu il isə ilkin proqnozlara görə 72 faiz olacaq.

Son illər Azərbaycanda ÜDM-in səviyyəsi də  ölkədə neft hasilatının həcmindən və dünya bazarında neftin qiymətindən asılı olub. Diqqət etsək görərik ki, Azərbaycanda ən çox ÜDM artımı 2007-ci ildə qeydə alınıb. Həmin il ölkədə ÜDM-in artımı 34,5 faiz təşkil edib. Bu isə neft hasilatının birdən-birə 10 milyon ton artması (2006-cı ildə hasilat 32 milyon ton olmuşdusa, 2007-ci ildə 42 milyon tona yüksəlib) və dünya bazarında neftin qiymətinin kəskin yüksəlməsilə bağlı olub. 2008-ci ildə ümumi neft hasilatı 44 milyon ton olub, yəni əvvəlki ilə nisbətən cəmi 2 milyon ton artıb. Qiymətlər isə bir qədər artıb.  Bu səbəbdən də ölkədə ÜDM-in (2008-ci ildə ÜDM-in həcmi 40,14 milyard manat təşkil edib) artımı 10,8 faiz təşkil edib. 2009-cu ildə neft hasilatı 50 milyon tona yüksəlib. Ancaq dünya bazarında neftin qiyməti təxminən 2 dəfə düşüb. Bu isə özünü dərhal ÜDM-in artımında göstərib. Belə ki, 2009-cu ildə ÜDM-in həcmi 34,7 milyard manat olub ki, bu da əvvəlki illə müqayisədə 13,8% və ya 5,5 milyard manat az idi. 2010-cu ildə də neft hasilatı 50,8 milyon ton təşkil edib. Ancaq əvvəlki illə müqayisədə neftin dünya bazarında qiymətinin bir qədər artması yekunda dəyər formasında ifadə edilən ÜDM-in həcminin də yüksəlməsinə səbəb olub. 2010-cu ildə ölkədə istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilə nisbətən 5,0 faiz artaraq 41,6 milyard manata çatıb.

Ötən il neft hasilatı azalması ÜDM-in artım tempinə də təsirini göstərib.  Belə ki, hökumət ilin sonu açıqladığı neft hasilatına dair rəqəmlərə görə, 2011-ci ildə Azərbaycanda 45,6 mln ton neft və kondensat hasilatı baş verib ki, bu da son 15 ildə ilk dəfə ölkədə xammal hasilatı həcmlərinin, özü də yüksək templərlə - 10, 2% azalması deməkdir. Bunun da nəticəsi olaraq, Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyevin də ötən ilin sonu ÜDM-in artımının ilin əvvəlində proqnozlaşdırıldğı kimi 5-6 faiz, deyil 0,1 faiz-02 faiz təşkil edəcəyini bəyan etdi.

İqtisadiyyatının çoxşaxəli inkişafı üçün ilkin addımlar atılıb

Göründüyü kimi, ÜDM-in tərkibində neft gəlirlərinin üstünlük təşkil etməsi, bu sahədə azalma baş verən kimi ümumi iqtisadi artıma ciddi təsir göstərib. Əlbəttə, Azərbaycan neft ölkəsi olduğundan ümumi gəlirlərin tərkibində bu sektorun payının yüksək olması başadüşüləndir. Hətta müəyən dövr bu gəlirlərin yüksək səviyyədə olması Azərbaycan üçün vacib idi. Sovet rejiminin dağılması ilə əlaqədar  təsərrüfat  əlaqələrinin qırılması, bunun nəticəsidə çiddi sosial-iqtisadi böhranın hökm sürdüyü bir şəraitdə ölkəyə böyük neft gəlirlərinin daxil olması iqtisadiyyatın dirçəldilməsi baxımından əhəmiyyətli idi.

Ancaq bu gəlirlərə arxayın olmaq da təhlükəlidir.  Büdcədə qeyri-neft sektorunun payı 60 faizə qaldırılmazsa, Azərbaycan istənilən vaxt problemlərlə üzləşə bilər. Ölkənin müəyyən maliyyə ehtiyatları olsa da,  bu ehtiyatlara çox güvənmək mümkün deyil. Çünki, dünya təcrübəsində həmin güvənilən ehtiyatların öz dəyərini bir gündə itirməsi faktına heç də az rast  gəlinməyib. Bu baxımdan qeyri-neft ÜDM-in həcminin ildən-ilə artırılması vacibdir. Bunun üçün artıq ümumi iqtisadi artıma deyil, qeyri-neft sektorunun inkişafına diqqət yetirilməlidir. Elə ötən il 9 ayın yekunlarına dair müşavirədə də prezident İlham Əliyev artıq qarşıya ümumi göstəricinin böyük olması məqsədinin qoyulmadığını, iqtisadiyyatının çoxşaxəli şəkildə inkişafına nail olunmasının hədəfləndiyini bildirib.  Əlbəttə, bu istiqamətdə müəyyən işlərin görülməsini də danmaq olmaz. Əgər 4 il əvvəl qeyri-neft sektorunun payı ÜDM-də cəmi 25% idisə, artıq qeyri-neft sektorunun ÜDM-də payı 48%-ə çatıb. Yəni, son illər qeyri-neft sektorunun ÜDM-də payı 2 dəfəyə yaxın artıb. Ötən il ilkin məlumatlara görə, qeyri-neft sektorunda 10% artım baş verib  ki, bu da neft hasilatının xeyli azalmasına baxmayaraq ümumi göstəricinin mənfiyə doğru dəyişməməsinə səbəb olub.

Qeyri-neft sektorundan daxilolmaların büdcədə payı 10 faizə belə çatmır

Ancaq o da faktdır ki,  qeyri-neft sektorunda yaranan yeni dəyərin də böyük hissəsi neft sektoru ilə bağlıdır. Bunu büdcə gəlirlərinin təhlili zamanı daha aydın görmək olur.  Belə ki, əgər 2008-ci ildə büdcə gəlirlərinin formalaşmasında Vergilər Nazirliyinin töhfəsi 52,9 % təşkil edirdisə, 2011-ci ildə bu mənbədən qoyuluş 36,6 % olub, bu il isə 32,3% proqnozlaşdırılıb. Bu il də Vergilər Nazirliyinin xətti ilə daxil olan ümumi vəsaiti 2,1 mlrd. manatı və ya 40%-i isə neft sektorunun payına düşəcək (Yeri gəlmişkən, ötən il dövlət büdcəsi haqqında Qanuna dəyişikliklərin edilməsi nəticəsində Vergilər Nazirliyi xətti ilə daxilolmalar 740 mln. manat artırılsa da, bunun cəmi 110 mln. manatı qeyri-neft sektorunun hesabına yazıldı). Qeyri-neft sektorundan büdcəyə Vergilər Nazirliyinin xətti ilə cəmi 3,2 mlrd. manat daxil olması proqnozlaşdırılır ki, bu da 17 milyard manatlıq büdcənin içərisində çox cüzi rəqəmdir.

 Ekspertlərin apardığı təhlillər isə göstərir ki, hətta Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektorundan büdcəyə daxil olan təxminən 3 mlrd. manatın da yarıya qədər neft pullarıdır. Belə ki, Neft Fondunun vəsaitləri hesabına formalaşan büdcədən investisiya şəklində ayrılan pulun bir hissəsi vergi şəklində büdcəyə qaytarılır. Eyni zamanda büdcə təşkilatlarında çalışanlardan alınan fiziki şəxslərin gəlir vergisi də bura daxildir. Azərbaycanda həmin vergilər də yerli özəl sektorun vergisinə aid edilir. Yəni, bunları çıxandan sonra aydın olur ki, özəl sektor ən yaxşı halda büdcəyə təxminən 1 milyard  manat pul köçürür. Bu, mövcud büdcənin 6 faizini təşkil edir. Başqa sözlə desək, qeyri-neft sektorundan daxilolmaların büdcədə payı heç 10 faizə belə çatmır.

Beynəlxalq Valyuta Fondu da ciddi iqtisadi islahatları zəruri sayır

Bu isə təbii ki, prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkə iqtisadiyyatının çoxşaxəli şəkildə inkişafına nail olunması və yaxın 10 ildə ÜDM-in həcmini 2 dəfə artırmaq üçün hökumətin çox ciddi iqtisadi islahatlar həyata keçiriməsini tələb edir. Hər halda Beynəlxalq Valyuta Fondunun ekspertlərinin hesablamalarına görə, əgər Azərbaycan iqtisadiyyatı hazırkı formada (inzibati qaydada və neft-qaz sektorunun dominantlığı şəraitində) idarə olunarsa, bu halda 2024-cü ildə real ÜDM-in səviyyəsi 2010-cu il ÜDM-dən ən azı 20 faiz aşağı ola bilər. Bu isə büdcə gəlirlərinin azalmasına, ölkədə maliyyə probleminin yaşanmasına, həyat səviyyəsinin kəsgin pisləşməsinə səbəb ola bilər.  Bu təhlükədən qaçmağın birinci yolu isə yazının girişində qeyd etdiyimiz proqrama uyğun olaraq kiçik və orta sahibkarlığın inkişafına nail olunmasıdır. Dünyanın iqtisadi baxımdan inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, bu youn alternativi yoxdur.

İqtisadiyyatın mühərriki- kiçik və orta biznes

Kiçik və orta sahibkarlığın mühüm üstünlükləri, habelə onların mövcud əmək və intellektual potensialından daha tam və səmərəli istifadə etmək imkanlarına malik olmaları, xüsusilə də artıq iş qüvvəsi və gizli işsizlərin mövcud olduğu regionlarda olanlardan səmərəli istifadə edə bilmək imkanlarına malik olmaları ilə bağlıdır. Dünya biznesinin təcrübəsi sübut edib ki, kiçik sahibkarlıq hər bir dövlətin milli iqtisadiyyatında çox mühüm yer tutur. Çünki o, iqtisadi artımın tempini, ümümdaxili məhsulun həcmini xeyli dərəcədə müəyyən edir. Dünyanın inkişaf etmiş ölkələrində kiçik və orta biznesi iqtisadiyyatın mühərriki adlandırırlar. Bu ölkələrin büdcəsinə ən çox pay məhz kiçik və orta sahibkarlıqdan gəlir. Belə olan təqdirdə, bu ölkələrin hökumətləri belə müəssisələri hər vəchlə dəstəkləməyə və inkişaf etdirməyə çalışırlar. Kiçik və orta biznesin inkişafına istiqamətlənmiş bütün addımlar xeyirlidir. Kiçik və orta  müəssisələr insan və material resurslarını vaxtında bölüşdürməyə və dəyişən təlabata vaxtında reaksiya verməyə imkan verən çevikliyə malikdir. Kiçik və orta sahibkarlıq işsizliklə mübarizədə mühüm sosial alətdir, müasir texnologiyaları inkişaf etdirməyə və tətbiq etməyə imkan verir, ixtisaslı və tam ixtisaslaşmamış işçiləri hazırlayaraq, sənayenin gələcək inkişafına təməl qoyur, ölkənin ixrac əməliyyatlarında kiçik və orta sahibkarlığın payını artırır. Buna görə də təsadüfi deyildir ki, bazar iqtisadiyyatına və liberal demokratiyaya əsaslanan ölkələrdə kiçik və orta sahibkarlığın müdafiəsinə, inkişafına yönəldilmiş məqsədyönlü siyasət aparılır.

İnkişaf etmiş ölkələrin iqtisadiyyatında kiçik və orta müəssisələrin çəkisi

Məsələn, ABŞ-da kiçik və orta biznes 20 milyondan çox müəssisəni əhatə edir və onlar bütün amerikan firmalarının 99 faizini təşkil edirlər. Bu müəssisələrin əksəriyyəti kiçik müəssisələrdir və onların 80 faizindən çoxunda 10 nəfərdən az adam işləyir.

Avropa Birliyində(AB) fəaliyyət göstərən 23 milyon kiçik və orta müəssisə bütün müəssisələrin 99 faizini təşkil edərək, 75 milyon iş yerini ehtiva edir. AB və ABŞ-da kiçik və orta sahibkarlar eyni dövriyyəyə malik olsalar da, Avropa dövlətlərinin iqtisadiyyatında, ÜDM-də onların rolu daha böyükdür.

Almaniyada bütün firmaların (1,9 milyon firmanın) 99,8 faizi kiçik və orta müəssisələrdən ibarətdir və ölkənin ümumi daxili məhsulunun 2/3 hissəsini istehsal edirlər. Bütün işləyən almanların 70%-dən çoxu kiçik və orta biznesdə məşğuldur. Almaniyanın məcmu ÜDM-nin 46,7%-ni kiçik və orta biznesin payı təşkil edir. Beləliklə, Almaniya iqtisadiyyatının simasını yalnız iri sənaye müəssisələri təyin etmir. Onun əsasını 9 nəfərə qədər işçisi olan kiçik müəssisələr təşkil edir. Yeri gəlmişgən,  qlobal böhrandan Almaniya iqtisadiyyatının daha az itkilə çıxmasının əsas səbəbi də Merkel hökumətinin kiçik və orta biznesi dəstəkləmək siyasəti həyata keçirməsi olub.  Sağlam rəqabət iqtisadi intizamı təmin edir, yeni müəssisələrin yaradılması isə insanlara iş, xəzinəyə isə gəlir verir.

İtaliyada 100 nəfərə qədər işçisi olan kiçik müəssisələr ölkədə mövcud olan bütün firmaların 99 faizini təşkil edir. Onlarda ölkədə məşğul olan əhalinin 3/4 hissəsi cəmlənmiş və onlar dövlətin milli gəlirlərinin 70 faizini yaradırlar.

 Yaponiyada sənaye məhsulu satışının təqribən 55 faizi, topdan ticarətin 60 faizə qədəri, pərakəndə ticarətin 80 faizi kiçik və orta müəssisələrin payına düşür. Burada təkcə emal sənayesi sahəsində 6,5 milyon kiçik və orta müəssisə fəaliyyət göstərir və onlar orada fəaliyyət göstərən bütün müəssisələrin 99 faizini təşkil edir. Həmin müəssisələrdə 40 milyon nəfər adam çalışır ki, bu da bütünlükdə sənaye işçilərinin 80 faizi qədərdir.

 Hazırda Hindistan, Pakistan, Sinqapur, Tailand və başqa bu kimi Cənubi- Şərq regionu ölkələrində istehsal olunan milli gəlirin artımının 80 faizi kiçik biznesin payına düşür.

Azərbaycan 106 ölkə arasında 81-ci yerdədir

Azərbaycanda  kiçik və orta müəssisələrin sayı barədə dəqiq statistik məlumat əldə edə bilməsək də, onların sayının və iqtisadiyyatda rolunun böyük olmadığı məlumdur. 2010-cu ilin sonları Beynəlxalq Maliyyə Korporasiyasının məlumat bazasına daxil edilmiş 106 ölkə arasında Azərbaycan əhalinin hər 1000 nəfərinə düşən bu kimi müəssisələrin sayına görə 81-ci yerdədir. Azərbaycan bu göstəriciyə görə AB-nin Mərkəzi Avropadan olan yeni üzvlərindən aşağı reytinqə malikdir. Bir çox MDB ölkələri də Azərbaycanı qabaqlayır.  Ekspertərin tədqiqatlarına görə, təbii sərvətlərə malik olan Azərbaycan Çilinin bugünkü səviyyəsinə çatmaq üçün kiçik və orta müəssisələrin (KOM) sayını altı dəfə, Malayziyanın səviyyəsinə çatmaq üçün isə üç dəfə artırmağa səy göstərməlidir.

Qeyd olunan faktların göstərir ki ölkənin iqtisadi yüksəlişi  xeyli mənada kiçik və orta sahibkarlığın inkişafından asılıdır. Ancaq aparılan tədqiqatlar göstərir ki, hazırda bir sıra obyektiv və subyektiv səbəblərdən respublikamızda kiçik sahibkarlığın inkişaf potensialından hələlik heç də lazımi səviyyədə istifadə edilmir. Və bu sahədə bir sıra neqativ meyl və problemlər vardır. Bu problemləri bir-neçə qrupa ayırmaq olar.

İnhisarçılıq özəl biznesin inkişafının qarşısında əsas maneədir

Birincisi, ölkədə himayə olunan bir sıra iri holdinq və şirkətlərin inhisarılığıdır. Pezident İlham Əliyev də bir-neçə dəfə müşavirələrdə bu problemin mövcud olduğunu və aradan qaldırılmasının zəruriliyini vurğulayıb. Bu istiqamətdə müəyyən işlər görülsə də, inhisarılıq özəl biznesin inkişafının qarşısında əsas maneə kimi qalır.  Rəqabət Məcəlləsinin uzun illərdir Mili Məclisdə qəbul edilə bilməmsinin bir səbəbini də məhz bunda axtarmaq  lazımdır.  İnhisarçı mövqedə olan bu holdinq və şirkətlər bazara təsir imkanlarından isifadə edərək kiçik və orta müəssislərin inkişafına imkan vermirlər. Təsadüfü deyil ki, kiçik və orta sahibkarların 98 faizi hər hansı ixrac, 92 faizi isə idxal əməliyyatı aparmayıb. Bunun əsas səbəblərindən biri də məhz inhisarçıların idxal-ixrac əməliyyatları zamanı onlara ciddi problemlər yaratmasıdır.

Elə,  kiçik və orta  sahibkarlığın normal inkişafını ləngidən ikinci əsas amil kimi dövlət orqanlarının işgüzar fəaliyyət üzərində köhnə sistemdən qalmış hakim münasibətlərinin qorunub saxlanılması və onun əsas təzahürü kimi icra hakimiyyətləri, hüquq-mühafizə, vergi, gömrük və s. strukturların sahibkarların işlərinə əsassız müdaxilələri çıxış edir. Bu zaman sahibkarlardan qeyri-rəsmi ödənişlərin tələb edilməsi və ya müxtəlif təzyiqlərlə alınması onların nəinki inkişafına, hətta gələcək fəaliyyətlərinə belə maneə olur. Daha dəqiq desək korrupsiya və rüşvətxorluq kiçik və orta  sahibkarlığın inkişafının qarşısında əsas maneələrdən biridir. Bu problem də pezident İlham Əliyev tərəfindən dəfələrlə qaldılıb və müvafiq qurumlara xüsusi taşırıqlar verilib. Dövlət başçısı özəl sekorda əsasız yoxlamaların qarşısını almaq üçün yoxlamaların minimuma endirilməsinə və qeydiyyata alınması sisteminin qurulmasına dair qərarlar qəbul edib. Bu qərarlar sahibkarların işinə əsassız müdaxilələri xeyli azaltsa da, hələ də problemlər qallır. Bir çox qurumlar ələrindəki imkanlardan sui-istifadə edərək iş adamlarına qarşı əssasız tələblər irəli sürürlər.

İstehsal fəaliyyəti ilə məşğul olan kiçik və orta müəssisələrin sayı niyə azdır?

Təsadüfü deyil ki, faktiki materialların təhlili özəl bölməyə məxsus kiçik və orta müəssisələrin nisbətən az hissəsinin istehsal fəaliyyəti ilə məşğul olduğunu göstərir. Bunun səbəbi isə istehsal sahibkarlığı ilə məşğul olanlara qazanc əldə etmək üçün bir-neçə il, bəzən daha çox vaxt lazım olduğu halda, hər il müxtəlif dövlət qurumlarına külli miqdarda qeyri-rəsmi ödənişlər vermək məcburiyyətində qalmalarıdır. Kiçik və orta  sahibkarlıqla məşğul olanların böyük kapital ehtiyatı olmadığından onlar  məcbur olub daha tez gəlir əldə etmək imkanı olan ticarət sektoruna üz tuturlar. Bu isə nəticədə ölkədə yerli istehsalın inkişafına imkan vermir. Bu məsələnin vaxtında həll olunmaması Azərbaycanı gələcəkdə çox ciddi  problemlərlə üz-üzə qoya bilər. Məsələ ondadır ki, bizi yaxın gələcəkdə  Ümumdünya Ticarət Təşkilatına daxil olma gözləyir. Bundan sonra Azərbaycanın bazarı xarici məhsulların üzünə açıq olacaq. Bazarın keyfiyyətli və ucuz məhsulla dolacağı, azərbaycanlı istehsalçının isə, onlarla rəqbət aparmaq gücündə olmayacağı qaçılmazdır. Nəticədə, iqtisadiyyatımız xarici iqtisadiyyatdan asılı olacaq. Buna görə də, elə indidən yerli istehsalı inkişaf etdirmək, onu rəqabət qabiliyyətli etmək lazımdır ki, sabah sərhədlər açılanda Azərbaycanın məhsulu təkcə Azərbaycanın deyil, həm də başqa ölkələrin ticarət bazarında  yer tuta bilsin.

Kiçik və orta sahibkarlıqla məşğul olanlara hansı güzəştlər olmalıdır?

Kiçik və orta sahibkarlığın inkişafına mane olan üçüncü əsas  problem kimi vergi dərəcələrinin yüksək olmasını, vergi inzibatçılığının ağır prosedurlarını, cərimələrin böyüklüyünü,  lisenziyalaşdırma qaydalarının mürəkkəbliyini  göstərmək olar. Bu problemi yaxınlarda parlamentdə çıxışında Mərkəzi Bankın sədri Elman Rüstəmov da qaldırdı. O, qeyri-neft sektorunun inkişafı üçün yeni iqtisadi siyasətin həyata keçirilməsinin,  vergi dərəcələrinin aşağı salınmasının vacibliyini vurğuladı. Həqiqətən də vergilərin tənzimləyici, həvəsləndirici və sosial funksiyalarının gücləndirilməsi üçüq  vergi islahatının həyata keçirilməsi zəruridir. Son dövrlərdə bir sıra vacib vergi dərəcələri (ilk növbədə mənfəət və əlavə dəyər vergiləri) azaldılsa da, işgüzar fəaliyyət subyektlərinin bir qismi üçün sadələşdirilmiş vergi sistemi tətbiq edilsə də, mövcud vergi siyasəti hələ də sahibkarlığın köklü inkişafına əsaslı təsir etmir, vergidən yayınma halları, gizli iqtisadiyyatın mövcudluğu üçün imkan və şərait qalmaqda davam edir. Buna görə də vergi dərəcələrinə yenidən baxılması, istehsalla məşğul olan kiçik və orta sahibkarların müəyyən müddət tam və ya qismən vergilərdən azad edilməsi zəruridir.

Bundan əlavə son illərdə vergi yoxlamaları və inzibati cərimələrin məbləği əhəmiyyətli dərəcədə artıb. Bu da öz növbəsində korrupsiya və qeyri-rəsmi münasibətlər üçün şərait yaradır.

Lisenziyalaşdırma qaydalarını qanunvericilik və prosedur nöqteyi-nəzərindən daha da kamilləşdirməyə ehtiyac duyulur. Lisenziyanın verilməsinə dair ərizənin rədd edilməsi üçün konkret əsaslar müəyyən edilməlidir. Lisenziya verən bütün orqanlar tərəfindən "sükut - razılıqdır" prinsipi tətbiq olunmalıdır. Yəni əgər 15 günlük sənədlərə baxılma müddəti başa çatdıqdan sonra əsaslandırılmış imtina qərarı qəbul edilməmişdirsə, lisenziya avtomatik olaraq verilməlidir. Bir lisenziya almaq üçün fərdi sahibkarlar orta hesabla 300-500 manat, kiçik və orta müəssisələr isə 800 -1500 manat  xərcləyirlər  ki, bu da ilkin maliyyə əldə etməkdə çətinlik çəkən sahibkarlıqla məşğul olmaq istəyənlər üçün hes də az vəsait deyil.

Maliyyə probemini necə həll etməli?

Kiçik və orta  sahibkarlığın qarşısında dördüncü əsas  maneə kimi zəruri maliyyə vəsaitlərinin azlığı, dəzgahların, texniki vasitələrin çatışmazlığı, zəruri iqtisadi resursların, kommunal və nəqliyyat xərclərinin bahalığı, müasir texnologiyanın, istehsal binalarının, torpaq sahəsinin əldə edilməsi üzrə obyektiv və subyektiv maneələr aid edilə bilər.

Tədqiqatlar göstərir ki,  kiçik və orta müəssisələrin maliyyə vəsaitlərində bank kreditlərinin payı 4-5 faizdir. Bu isə sahibkarların kredit imkanlarının məhdud olmasını göstərir. Sahibkarların yarıdan çoxu maliyyə resurslarına çıxış problemi ilə üzləşirlər. Vəsait alan müəssisələrin sayı maliyyə vəsaitlərinə çıxışda problemi olan müəssisələrin ancaq bir faizini təşkil edir.

Qeyd edək ki, kiçik və orta  sahibkarlığa kredit xətlərinin (güzəştli kreditlərin) təşkilinin səmərəli mexanizmlərinin yaradılması üçün dünyada əsasən 2 təcrübə mövcuddur. Bir sıra ölkələrdə (Kanada, Türkiyə, Finlandiya) belə kredit xətləri dövlətin nəzarətində olan maliyyə qurumları tərəfindən açılır və yaxud həmin kredit xətləri dövlət vəsaiti hesabına yaradılır, lakin onlara kommersiya bankları xidmət edirlər. Eyni zamanda kiçik sahibkarlar üçün start kapitalını maliyyələşdirən xüsusi kredit xətlərinin kommersiya bankları tərəfindən açılması da geniş yayılmışdır. Sonuncu halda kommersiya bankına dövlət tərəfindən stimullaşdırıcı tədbirlər tətbiq edilir.

Sahibkarlığa Kömək Milli Fondu vaistəsilə verilən kreditlərin həcmi azdır

Azərbaycanda hər iki təcrübədən istifadə olunsa da, bu sahədə müəyyən problemlər var. Dövlət tərəfindən Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondun vasitəsilə kiçik sahibkarlıq subyektlərinə güzəştli kreditlər verilir. Bu zaman müvəkkil kredit təşkilatları seçilir və təqdim olunan biznes-panlar dəyərləndirilərək, ayrılan vəsait paylanılır. Ancaq burda əsas problem ayrılan vəsaitin az olmasıdır. Sahibkarlığa Kömək Milli Fondunun vasitəsi ilə hər il təxminən 100 milyon manat civarında vəsait paylanır ki, bu da tələbatdan həddən artıq aşağdır. Fondu 2011-ci ildə sahibkarlıq subyektlərinin 1643 investisiya layihəsinin maliyyələşdirilməsinə 138 milyon manat güzəştli kredit verib. Yəni, orta hesabla hər sahibkara 80 min manat  düşür ki, bununla da müasir texnologiyalarla təhciz olunmuş, rəqabətə davamlı istehsal müəssəsi yaratmaq qeyri-mümkündür.  Ona görə də bu istiqamətdə ayrılan vəsaitlərin xeyli artırılması vacibdir.

 Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Sahibkarlığa Kömək Milli Fondunun vaistəsilə ayrılan güzəştli kreditlər heç də bütün iş adamları üçün əlçatan deyil. Müvəkkil banklar bu zaman sahibkarlara müəyyən problemlər yaradırlar. Və bu «problemi» həll etmək üçün sahibkar  alacağı vəsaitin bir hissəsini «şapka» kimi əvvəlcədən «vasitəçilərə» ödəmək məcburiyyətində qalır. Ona görə də, bu kreditlərin verilmə mexanizmi də sadələşdirilməli və burda şəffaflıq yaradılmalıdır.  Lakin təkcə Sahibkarlığa Kömək Milli Fondunun imkanları çərçivəsində kiçik və orta sahibkarların kreditə təminat məsələsinin tam həlli mümkün deyildir. Bununla əlaqədar kredit təminatının hazırkı sisteminin təkmilləşdirilməsi, bu sistem çərçivəsində kiçik və orta sahibkarlar üçün güzəştli şərtlərin müəyyənləşdirilməsi məqsədəuyğundur.

Bankların kredit siyasəti sahibkarlığın inkişaf qarşısıda ciddi maneədir

Təəsüflə qeyd etmək lazımdır ki, Azərbaycandakı mövcud bankların ölkədə biznes mühitin canlanmasında,  yerli istehsalın formalaşmasında rolu sıfıra yaxındır. Bu da onunla əlaqədardır ki, birincisi, bankların bu istqamətdə ayırdığı maliyyə resursları azdır. Bunun nəticəsidir ki, istehlak malları üçün kredit bazarı Azərbaycanda sürətlə inkişaf etdiyi halda, kiçik və orta  sahibkarlıqla məşğul olmaq istəyənlər maliyyə resursu tapa bilmir. İstehlak bazarında borc ödəmə tarixləri və böyük faizlər kiçik müəssisələrin kreditləşməsi ilə müqayisədə banklar üçün daha cəlbedicidir. Təsadüfü deyil ki, 2011-si ildə ölkə iqtisadiyyatına müxtəlif mənbələr hesabına qoyulan kreditlərin  cəmi 6 faizi sənayə və istehsalın, 4.5 faizi isə kənd təsərrüfatının payına düşüb. Ticarət və xidmətə yönələn kreditlər isə 30 faizə yaxın olub. Qeyd edək ki, bankların kreditləri əvvəllər əsasən bina tikintisinə yönəlirdi. İndii isə daha çox avtomobil və digər istehlak məhsulları bazarına yönəlib. Belə ki, sonradan mənzilləri baha satmaqla daha böyük gəlir götürmək üçün bank sahibləri özləri ya birbaşa, ya da şərikli binaların tikintisində iştirak etdiindən kredit resursunu da bu istiqamətə ayırıdı. Ancaq son illər mənzil bazarında durğunluğun yaranması bankları kredit resurslarını daha yüksək faizlərin olduğu avtomobil və digər istehlak məhsulları bazarına yönəltməsinə səbəb olub. Bu isə istehsalla məşğu olan sahibkarların ucuz kredit tapmaq imkanını aşağı salıb.

 İkincisi, kredit faizləri həddən artıq yüksəkdir. Banklar xaricdən və daxildən aşağı faizlədlə cəlb etdikləri vəsaitləri yüksək faizlə təklif edirlər. Qlobal maliyyə böhranı başlamazdan əvvəl kommersiya banklarının təklif etdiyi kredit faizləri 30 faizdən yüksək idi. Hazırda bu faiz dərəcəsi nisbətən aşağı salınsa da yenə də dünyada ən yüksək göstəricilərdən biri kimi qalır. Banklar kreditləri 15-26 faiz arası verirlər ki, bu kifayət qədər yüksəkdir. Qəribə də olsa, Mərkəzi Bankın uçot stavkası bankların faiz siyasətinə, eləcə də maliyyə resursları ilə təminatına təsir göstərmir. Belə ki, bir müdət Mərkəzi Bank uçot stavkasını 2 faiz qədər azaltsa da (ötən ilin mayında yenidən qaldırdı), banklar 20 və daha artıq faizlə kredit təklif etməkdə davam edirdilər. Banklar qısa müddətdə daha çox gəlir əldə etmək üçün yüksək faizlə kreditlər verirlər. Nəticədə bank müştəriləri aldıqları kreditləri geri qaytarmaqda çətinlik çəkirlər. Hazırda bankların 700 milyon manata yaxın vaxtı keçmiş kreditləri var.  Yəni faizlərin yüksək olması, bir tərəfdən problemli kreditlərin artmasına, digər tərəfdən isə yerli istehsalın inkişafına maneə olur. Odur ki, bu problemin həlli üçün təcili tədbirlər görülməlidir. Bank krleditlərinin faizlərin aşağı salmadan kiçik və orta sahibkarlığı inkişaf etdirmək mümkün deyil.

 Üçüncüsü, kreditin verilmə şərtləri, girovla bağlı qoyulan tələblər ağırdır. Bu şərtlər kiçik və orta sahibkarlıqla məşğul olmaq istəyənlərin kredit hesabına start kapitalı formalaşdırmasına imkan vermir. Əlbəttə baknlar bunu verdikləri kreditləri təminat altına almaq məqsədilə edirlər. Ancaq  bu eyni zamanda ölkədə kiçik və orta müəssələrin yaradılmasında maneyə çevrilir. Ona görə də dövlət  bankların bu məqsəd üçün verdiklri kreditlərə təminat problemini həll etməlidir.

Nə etməli?

Nəzərə alsaq ki, kiçik biznesin inkişafı bazar iqtisadiyyatının dönməzliyini təmin edən və orta sinfin formalaşmasına təsir edən ən başlıca amillərdən biridir, onların inkişafına xüsusi diqqət yetirilməli olduğu mübahisə doğurmaz. Onu da nəzərə alsaq ki, pezident İlham Əliyevin təsdiq etdiyi “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında kiçik və orta sənaye müəssisələrinin yaradılması əsas yerlərdən birini tutur, hökumətin bu sahədə təxirəsalınmaz və konkret işlər həyata keçirməli olduğunu söyləyə bilərik. Çünki kiçik və orta müəssisələr çox böyük rəqabət üstünlüklərinə malikdirlər. Kiçik və orta müəssisələrin inkişafı çoxlu sayda kiçik mülkiyyətçilərin (sahibkarların) yaranmasına, onların sərbəst qaydada özlərinin məşğulluğunun və həyat səviyyəsinin yüksəldilməsinin təmin edilməsi, bazarların əmtəə və xidmətlərlə təchiz edilməsi işində mühüm rol oynaya bilər. Kiçik müəssisələrin subyektləri yerli bazarların tələbinin xarakterini daha yaxşı bilir və çox hallarda konkret istehlakçının sifarişinə uyğun məhsul istehsal edir və ya gətirir; iri mülkiyyətçilərə nisbətən daha çox insanları yaşayış vasitələri ilə təmin edirlər və s.

Fikrimizcə, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün Türkiyə təcrübsindən istifadə olunmalıdır. Kiçik və orta müəssisələrin məhsuldarlığının, əlavə iqtisadi dəyərdəki payları və beynəlxalq rəqabət güclərinin dəyişiminin daim tədqiqi və monitorinqi mexanizmi formalaşdırılmalıdır. Onların kommersiya banklarının ümumi kredit portfelindəki payının artırılması məqsədilə bu kateqoriyaya yönəlik güzəştli kreditlərin həcminin genişləndirilməsi və sadə zəmanət mexanizminin yaradılması vacib məsələdir. Kiçik ölçülü sənaye obyektləri tikintisinin əlahiddə kreditləşdirilməsi və kreditlərin geri qaytarılma qaydalarının işlənməsinə ehtiyac böyükdür. Aqrar sektorda fəaliyyət göstərən kiçik və orta müəssisələr investisiya və marketinq sahəsində dəstəklənməlidir.

Azərbaycanda kiçik və orta sahibkarlıq üzrə ombudsman institutu yaratmağa zərurət var. Dövlət birinci növbədə sağlam rəqabəti və inhisarın məhdudlaşdırılmasına yönəlmiş tədbirləri dəstəkləyən hüquqi və institusional bazanın yaradılması sahəsində işləri genişləndirməli, rəqabət məcəlləsi qəbul etməli, bankların faiz dərəcəlinini aşağı salması üçün iqtisadi mexanizmlərdən istiadə olunmalı, xarici kapitalın yerli bazara daxilolma yollarındakı maneələri aradan qaldırmalıdır.

Dünyada və ölkəmizdə toplanmış təcrübəni nəzərə almaqla kiçik sahibkarlar üçün start kapitalının formalaşmasına, son nəticədə onların maliyyə müstəqilliyinin təmin olunmasına əlverişli imkanlar verən mikrokredit sxemlərinin yaradılması zəruridir. Bir sıra hallarda kiçik sahibkarlıqda start kapitalının formalaşmasında maliyyə lizinqi mühüm mənbə ola bilər. Ölkəmizdə kiçik və orta sahibkarlıq üçün lizinq xidmətinin genişləndirilməsi ilə yanaşı lizinq şirkətlərinin qeyd edilən istiqamətdə fəaliyyətin stimullaşdırılması yönümündə tədbirlər həyata keçirilməlidir və sair.

 Unutmaq olmaz ki, müasir dünyada iqtsadi inkişafın yüksək pilləsinə çatmış ölkələrin hər biri buna kiçik və orta sahibkarlıbın gücləndirilməsi nəticəsində nail olublar.

“AzMedia” Analitik İnformasiya Agentliyi

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı