Modern.az

XXI əsrin bəlası: meyitlər niyə çürümür..?

XXI əsrin bəlası: meyitlər niyə çürümür..?

Ölkə

17 Yanvar 2012, 10:59

Bu yaxınlarda ABŞ-da aparılan araşdırmalar zamanı son illər meyitlərin gec çürüməsi faktı müəyyən edilib. Bir neçə halda isə meyitlərdə bir il müddətində bu prosesin getmədiyi aşkar olunub.

Araşdırmaçılar 6-7 il əvvəllə müqayisədə meyitlərin gec çürüməsinin səbəblərini tədqiq ediblər. Mütəxəssislərin təhlilinə görə buna səbəb son illər insanların geni dəyişdirilmiş qida məhsullarından istifadə etməsidir.

Tibb elmləri doktoru Adil Qeybulla da Modern.az saytına açıqlamasında meyitlərin gec çürüməsində bu ehtimalın mümkün olduğunu qeyd edib. Onun sözlərinə görə, son vaxtlar ekologiyanın, qidalanma tərzinin, qidaların keyfiyyətinin və tərkibinin dəyişməsi orqanizmdə xeyli dəyişiklər yaradıb.

İnsanın ümumiyyətlə ətraf mühitə uyğunlaşaraq bir növ kimi dəyişdiyini deyən professor bildirib ki, yeni qidalanma tərzi, yeni dərman preparatları və s. orqanizmdə xeyli dəyişiklik törədir. 

“Mən deməzdim ki, birmənalı olaraq bu proses məhz insanların genetik modifikasiya olunmuş məhsullardan istifadə etməsi ilə bağlıdır. Ancaq hər halda süni qidaların bu prosesdə rolu ola bilər. Bir şeyə diqqət edək ki, XIX əsrdə yaşamış insanın qan təhlillərinin analizlərinin incələsək,  görərik ki, indiki təhlillərlə müqayisədə xeyli fərqlər var. İnsan növ kimi dəyişir və ətraf mühitə uyğunlaşır”.

A.Qeybulla bu gün sağlamlıq parametrlərinin məhz təbabətin inkişafı hesabına xeyli yüksəldildiyini vurğulayıb. Buna baxmayaraq müxtəlif xəstəliklər tez baş verir ki, bunu da Adil Qeybulla insanların qidalanma, hərəkətizliyi ilə əlaqələndirib: “Ümumiyyətlə, hipodinamiya-hərəkətsizlik insanların ümumi problemidir”.

Həkim hazırda Azərbaycanda da genetik modifikasiya olunmuş məhsulların adi qidalanma tərzinə çevrildiyini vurğulayıb: “Məsələn, Azərbaycanın daxili un məhsullarının əksəriyyəti genetik modifakisiya olunmuş undur. Biz nə qədər özümüzü o qidalardan qorumağa çalışsaq da, artıq çörəyi o məhsullardan alırıq və özümüzü qoruya bilmirik, eləcə də müxtəlif tərəvəz məhsulları. Bu da orqanizmdə özünü göstərməyə bilməz.

Broyler toyuqları qısa müddətdə böyüyüb müəyyən ölçüyə çatırlar. Amma adi toyuq 6 ay, bir il müddətində gəlib yeyiləsi halda olur. Təbii böyümə ilə süni böyümə arasında çox ciddi fərq var. Suni böyümədə məhsulda hansı proseslər gedirsə, onu istifadə edən insan orqanizmində də bu öz əksini tapır”.

Adil Qeybulla meyitlərin gec çürüməsinin digər səbəbini iqlimlə əlaqələndirib: “Fəsil dəyişikliyindən asılı olaraq, yəni meyitin yaş və quru, soyuq və ya isti yerdə basdırılmasından asılı olaraq çürümə prosesi olur. Standart yerlərdə olan meyitlərin əvvəlki illərlə müqayisədə çürüməsinin uzanması əlbəttə bu amillərlə birbaşa bağlıdır”.

Bu prosesin Azərbaycanda da müşahidə edilib-edilmədiyi barədə isə professor bildirib ki,  dünyada əgər belə bir tədqiqat gedibsə, bu, bizim ölkədən də yan keçməyib.

Ancaq Adil Qeybulla son vaxtlar cərrahiyə əməliyyatları zamanı insan orqanizmdə az dəyişikləri müşahidə etdiyini deyir: “Buna baxmayaraq ayrı-ayrı xəstəliklərin erkən baş verməsi, orqanların erkən zədələnməsi faktorları var. Bu qidalanma tərzi, hipodinamiya, ekoloji mühitlə bağlıdır”.

Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin şöbəsinin rəisi Tahir Hacılı isə araşdırmalar aparıb, nəticələri təhlil etmədən meyitlərin gec çürüməsinin müşahidə edilib-edilmədiyi barədə fikir deyə bilməyəcəyini bildirib. Azərbaycanda hazırda meyitlərin çürüməsinin klassik metodla öyrədildiyini deyən şöbə rəisi qeyd edib ki, onlarda genetik motifikasiya edilmiş məhsulların qəbulundan sonra gedən dəyişiklərin fərqli xüsusiyyətlərinin öyrənilməsi istiqamətində tədqiqat işi aparılmayıb:
“Araşdrıma aparılsa, onun təhlilindən sonra müəyyən nəticəyə gəlmək olar. Bu araşdırma Amerikada aparılıb. Hər halda ordakı şəraitlə buradakı şərait başqa cürdür. Bizdə bu istiqamətdə heç bir iş aparılmadığı üçün mülahizələrə əsaslanaraq fikir yürütmək istəməzdim”.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı