Bu yerlərdə xatırlanmaq üçün öz ölümünü gözləyər, qoca akademiklər....
(2013-cü il, 6 iyul tarixində dünyasını dəyişən mərhum akademik Rəhim Rəhimova ithaf)
Bu yerlərin akademikləri gözlərindəki işığı kitabların arasında qoydular. Gözlərdəki işıqlar itdikcə beyindəki işıqlar çoxaldı. O qədər çoxaldı ki, bu adamlar ayılıb gördülər ki, hamıdan kənarda özlərinin qurduğu bir “işıq səltənəti”ndə məskunlaşıblar. Və... bir də onu gördülər ki, onlara alternativ olan “qaranlıqlar səltənəti”ndə artıq qəbul olunmurlar. Beləliklə, öz işıqları özlərinə qənim kəsildi, qoca akademiklərin.... İşıqlı başlar və işıqlı səltənət vətəndaşlığı alimlərə boş ciblər, eynəkli gözlər, infarktlı ürəklər, köhnə pencəklər bəxş etdi. Amma başlarını dik tutan da var idi. Necə də olsa bu “qaranlıq səltənət”də özlərində işıq daşıyırdılar....
“Professor, mən indi də sizin institutda işləyirəm”
“Bakılı oğlanlar planetinin” çox xoşuma gələn bir süjeti var idi. Böyük bir sosial problemi özünəməxsus şəkildə ustalıqla işıqlandırmışdılar. Deməli, Yeni il gecəsidir... Hamı evində ləziz təamlarla süfrəni bəzəyərək şadyanalıq edir. Kadr dəyişir. Professorun evini göstərirlər. Arvadı dayanmadan deyinir:
- Keçən il, bayram axşamında “kartoşka” qızartması yedik. Heç olmasa bu il başqa bir şey olardı süfrədə... Professor televizora baxa-baxa halını pozmadan:
- Ay, arvad bəsdi deyindin, qəşəng film gedir, gəl baxaq
- Nəə, sən bir buna bax! Millət kef çəkir, hamı şəhərdə əylənir, restorana gedir, bu da deyir ki, gəl televizora baxaq.
Professor tənələrdən usanır. Köhnə paltosunu geyərək çölə çıxır. Fikirli-fikirli gəzərkən qəfildən öz adını eşidir:
- Professor, aay professor,..
Arxaya baxır. Onu çağıran gənci tanıya bilmir.
- Tanımadın məni professor? Mənəm də, sizin institutda kiçik elmi işçi idim.
- Hə-ə, sən... Sən hara, bu hara?
- Ehh, professor, gördüm kara gələn deyil, çıxdım institutdan. Bax o restoranı görürsən, mənimdi. Mən ölüm, gedək bir “pənco-pənco” vuraq.
Sanki professora möhkəm bir zərbə dəyir.
- Sən institutu atdın?....
- Ehh, professor institutu atmasaydım o boyda restoran kimin olardı. Gedək bir “pənco-pənco” vuraq.
Professor zərbə almış halda ondan uzaqlaşır. Elə fikirli-fikirli gedirdi ki, qəfildən bir mənzərənin şahidi olur. Yaxınlıqda bir maşın saxlayır. Cangüdən qapını açır və içərindən bir qadın düşür. Qadın professora diqqətlə nəzər salır. Handan - hana dillənir:
- Professor, bu sizsiz?
Gözlərini qıyaraq diqqətlə xanıma baxır:
- Şərqiyəə, bu sizsiz. Bayramınız mübarək, bayramınız mübarək.. Siz ki, bizim institutda işləyirdiz.
- Bəli, professor, əşşi atdım oranı.
- Nee-cəə, bəss elmm..?
- Ehh professor, oranı atıb öz işimi qurdum. Bu da “teloxranitelimdi”. Şükür Allaha, pis dolanmırıq.
-Axııı, siz elm xadimi idiniz, dossent idiniz – Professor ürəyini tutaraq çətinliklə deyir...
Cavab gözləmədən uzaqlaşır. Yorulduğundan ağacın altında oturacaqda oturur. Qəfildən görür ki, düz ağacın dibində bir “bomj” araq içə-içə ona baxır... O da deyir...
- Professor nə əcəb burda. Bayramın mübarək!
- Səən də bizim institutda işləmisən?
- Səhvin var professor, mən elə indi də sizin institutda işləyirəm.
Yumor standartlarına hesablansa da, sosial gerçəkliyin göz qabağında olması ilə yəqin ki, siz də razılaşarsınız.
Elmi ikinci plana atmaq (ikinci???) cəmiyyətin inkişaf mexanizmini məhv etmək deməkdir. Düşünən beyinlər öz-özlüyündə şəxsiyyət və şəxsiyyətli cəmiyyət yetirmək gücündədirlər. Bu onların missiyasıdır və uzun illər boyu bu missiyanı layiqincə həyata keçiriblər. Orta əsrlərdən bu yana idrak üfüqlərində pərvaz edən alimlərimiz az olmayıb. Bəzilərindən Avropa elmi indi də faydalanmaqdadır. Amma hazırda elm o dərəcədə sönüb ki, bayaq dediyimiz “işıq səltənətinin sakinləri” demək olar ki, cəmiyyətdə assimilyasiya olunublar. Qaralar ağları yeyib deyə bilərik. Çox az sayda professor-akademiklər sosial şəraitindən razı görünür. Özü də hər professor yox, özünün “işıq” funksiayasını öldürən professor. Yaşamaq üçün özünü zərrə - zərrə, işıq-işıq öldürən professorlar... Belə yerdə mərhum alim - şair Famil Mehdinin sözü tam yerinə düşür:
Dilən, professor, utanma, dilən,
Dillən, professor, utanma, dillən...,
Səslə, hər keçəndən sədəqə istə,
Qaçandan, köçəndən sədəqə istə,
Fərqi yox, Bakıdan, Ağdamdan olsun,
Təki hər tükündən yağ daman olsun,
Bəzi professorlar yaşamaqdan ötrü məhz, özlərini şəxsiyyət mərtəbəsindən kütlə mərtəbəsinə endilər. Beləcə “işıqlarınız” öldü. Başınız sağ olsun, professorlar. Professorlarınız öldü, başınız sağ olsun, işıqlar....
Utan, professor, utanma dilən
Qoy sənin yerinə zaman utansın!
İki gün bundan qabaq Azərbaycanın böyük akademiki Rəhim Rəhimov dünyasını dəyişdi. 91 illik keşməkəşli həyatında bir dəqiqə də olsa boş dayanmayan Rəhimov həm güclü elmi kadrlar, həkimlər yetişdirdi. Təvazökar insan idi. Odur ki, ictimaiyyətin nəzərindən tam olaraq yayınmışdı. Medianı idarə edən əlahəzrət reytinq belə adamların üstündən yekə bir “iks” çəkib. İndi də akademik və professorlarımız var ki, media ona yer ayırsa, özü sanbala minər. Amma heyf ki, bu gün professorlar özləri öz işığında yatırlar. Onlardan biri də getdi.
– Akademik Rəhim Rəhimov. Başınız sağ olsun, işıqlar...